85 yaşlı məktəbin ulu öndərə musiqi
ithafı
Mayın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) konserti keçirildi. Konsert ümummilli lider Heydər Əliyevin doğum gününə və təhsil ocağının 85 illik yubileyinə həsr olunmuşdu.
Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək məktəbin kollektivini yubiley münasibətilə təbrik etdi, uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışan nazir müavini bunun sayəsində ölkəmizdə uşaq musiqi məktəbləri şəbəkəsinin genişləndiyini vurğuladı. Qeyd olundu ki, istedadlı uşaqlara və gənclərə dəstək olmaq məqsədilə Prezident Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə Azərbaycan gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Bu günə kimi dövlət başçısının sərəncamları ilə 100-dən çox gəncin adı bu kitaba yazılıb və Prezident təqaüdünə layiq görülüblər. Bu istedadlı gənclər sırasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin də 7 şagirdi var.
Nazir müavini diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2011-ci ildə bu təhsil ocağı üçün müasir tələblərə cavab verən bina tikilib istifadəyə verilib. Məktəbin peşəkar kollektivinin xidmətidir ki, şagirdlər müxtəlif respublika və beynəlxalq səviyyəli müsabiqələrdə nailiyyətlər əldə edirlər. Məzunlar respublikamızda və xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Sevda Məmmədəliyeva çıxışının sonunda mədəniyyət nazirinin müvafiq əmri ilə məktəbin gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və 85 illik yubileyinə görə fəxri fərmanla təltif olunduğunu dedi. O, fəxri fərmanı təhsil ocağının direktoru, Əməkdar artist Əziz Qarayusifliyə təqdim etdi. Bildirdi ki, yubiley münasibətilə məktəbin bir qrup qabaqcıl müəllimi də nazirin əmri ilə təltif edilib.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev də məktəbin kollektivini təbrik etdi. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açdı. S.Vəliyev ulu öndərin xalqımıza qoyub getdiyi ən böyük mirasın müstəqil və suveren Azərbaycan dövləti olduğunu dedi.
Sonra məktəbin
tarixi haqqında məlumat verildi. Bildirildi ki,
təhsil ocağı
1937-ci ilin sentyabr ayında fəaliyyətə
başlayıb. İlk direktoru
Q.Ştrobidler olub.
1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilib. 2006-cı ildə 11 illik musiqi məktəbi statusu alıb. Nazirlər Kabinetinin qərarına əsasən
2013-cü ildə təhsil
müəssisəsinə Mərkəzi
İncəsənət Məktəbi
statusu verilib. Hazırda
MİM bir sıra ölkələrin musiqi məktəbləri ilə
əməkdaşlıq edir.
Daha sonra Üzeyir Hacıbəyli adına
Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovun rəhbərliyi
ilə məktəbin
şagird və müəllim heyətinin ifasında konsert proqramı təqdim olundu. Azərbaycan və Qərb
bəstəkarlarının əsərlərindən ibarət
konsert “Çahargah” rapsodiyası” ilə başladı.
Tar, kamança, violin, qanun,
fortepiano alətləri üzrə
təhsil alan
şagirdlərin biri-birindən
maraqlı çıxışları
ulu öndərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, əlamətdar yubileyə
də töhfə idi.
L.Azəri
Mədəniyyət.- 2022.- 13 may.-
S.3.