VIII Muğam
Televiziya Müsabiqəsi
başlandı
300-dən çox namizəd arasından seçilən
18 finalçı məharətini
göstərəcək
17 ildir sənətsevərlərə
yüksək zövq verən, gənc muğam ifaçılarına
yeni üfüqlər
açan Muğam Televiziya Müsabiqəsi Azərbaycan tamaşaçı-dinləyicilərinin
səbirsizliklə gözlədikləri
musiqi yarışmalarındandır. Heydər Əliyev
Fondunun dəstəyi ilə ilk müsabiqə
2005-ci ildə, dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyi
münasibətilə təşkil
olunub. Ötən müddətdə yeddi dəfə gerçəkləşən musiqi
bayramı muğam ifaçılığı sənətinə
neçə-neçə istedadlı
adlar bəxş edib.
Mayın 10-da Heydər Əliyev Fondu və Azərbaycan
Televiziyasının təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə
VIII Muğam Televiziya Müsabiqəsinin açılışı
keçirildi.
Beynəlxalq Muğam Mərkəzində
keçirilən tədbirə
mədəniyyət və
elm xadimləri, Vətən
müharibəsi qaziləri,
ictimaiyyət nümayəndələri
qatılmışdı.
Gecənin aparıcıları Mümtaz
Xəlilzadə və
Natəvan Osmanlı səhnəyə modelyer Gülnarə Xəlilovanın
milli üslubda təqdim etdiyi geyimdə çıxdılar.
Diqqətə çatdırıldı ki, əsas müsabiqə
üçün bu il 300-dən çox namizəd arasından 18 finalçı
seçilib. Müsabiqə həftədə iki dəfə – çərşənbə axşamı
və cümə axşamları AzTV ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərinin
regionlarda da keçirilməsi planlaşdırılır.
Daha sonra 44 günlük Vətən müharibəsinin
şəhid giziri, Xalq artisti Əlibaba
Məmmədovun bəstəsi
olan “Vətən yaxşıdır” təsnifini
ifa edərək dillərdə dastana dönən Xudayar Yusifzadənin səsində
videoçarx nümayiş
etdirildi. Tamaşaçılar ayağa qalxaraq
gecənin xüsusi qonaqları Vətən müharibəsi qazilərini
alqışlarla salamladılar.
Sonra qısa
konsert proqramı təqdim edildi. Xalq artistləri xanəndə
Mənsum İbrahimov,
tarzən Elçin Həşimov, Əməkdar
artist Elnur Əhmədov
(kamança) və Kamran Kərimov (nağara), klavesin ifaçısı Ceyhun Qurbanov, eləcə də Əməkdar artist,
xanəndə Babək
Niftəliyevin çıxışları
alqışlarla qarşılandı.
İlk müsabiqədən münsiflər
heyətində öz
xeyir-duası və dəyərli tövsiyələri
ilə gənclərə
yol göstərən,
bir neçə ay əvvəl dünyasını
dəyişmiş görkəmli
xanəndə, bəstəkar
Əlibaba Məmmədovun
ümummilli lider Heydər Əliyevlə söhbətləri və
ifasından ibarət kadrlar da tamaşaçılar
tərəfindən gurultulu
alqışlarla qarşılandı.
Münsiflər heyəti təqdim edildikdən sonra tarzən Rəşad İbrahimovun rəhbərlik
etdiyi ansamblın müşayiəti ilə
müsabiqə iştirakçılarının
ifaları dinlənildi. Layihənin icraçısı
yazıçı, Əməkdar
mədəniyyət işçisi
İlqar Fəhmidir.
Münsiflər heyətində
Xalq artistləri Arif Babayev, Səkinə
İsmayılova, Mələkxanım
Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət
Teymurova, Teyyub Aslanov, Əməkdar artist
Fərqanə Qasımova
yer alıb.
Muğam yarışmasının ilk günü
9 finalçı öz
məharətini göstərdi. Münsiflər heyəti hər bir çıxışı
diqqətlə təhlil
edib müvafiq şərhlər, faydalı
tövsiyələr verir
və 10 ballıq sistem üzrə qiymətləndirirdi.
Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.
2003-ci ildə UNESCO tərəfindən dünya mədəni irs xəzinəsinin incilərindən biri elan edilən, 2008-ci ildə təşkilatın yeni təsis olunan “Qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahı”sına daxil edilmiş muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyat yolu ilə müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, uzaq keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir.
Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir. Muğamın yeddi əsas tərzi var: “Rast” dinləyicidə şənlik və mərdlik hissi doğurur, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah” – sevgi hissi, “Şüştər” – dərin kədər, “Çahargah” – həyəcanlı hisslər, “Bayatı-Şiraz” – qəm, “Hümayun” – dərin acı, kədər. Muğamın sehrli melodiyaları xalqımızın ruhunu oxşayır, bəstəkarlar, yazıçılar, şairlər, rəssamlar, heykəltəraşlar onunla tükənməz ilham mənbəyi tapır.
Mədəniyyət.- 2022.- 13 may.-
S.1;3.