“Yeni
adlar”ın növbəti
konserti
Mədəniyyət Nazirliyi tərəfindən
bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi gənc istedadların maraqlı konsert proqramları ilə davam edir.
Layihə
üzrə növbəti
musiqi axşamı mayın 13-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. Respublika və
beynəlxalq müsabiqələr
laureatları Nərgiz
Kəngərli-Nəcəfova (piano) və Zərifə Alxazova (violin) musiqisevərlərin
qarşısına çıxıb.
Gənc musiqiçiləri
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət
edib.
Proqramda L.V.Bethovenin “Fortepiano və
orkestr üçün
4 nömrəli konsert”i
və D.Şostakoviçin
“Violin və orkestr üçün 1 nömrəli
konsert”i ifa olunub. Orkestrin və gənc
musiqiçilərin ahəngdar
çıxışı tamaşaçıların
alqışları ilə
qarşılanıb.
***
Nərgiz Kəngərli-Nəcəfova 1991-ci ildə Bakıda anadan olub. 2008-ci ildə
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
(BMA) Orta ixtisas musiqi məktəb-studiyasını,
2012-ci ildə BMA-nı
bakalavr, 2004-cü ildə
isə magistr səviyyəsi üzrə
fərqlənmə diplomu
ilə başa vurub. 2015-ci ildə
BMA-nın doktorantura pilləsinə daxil olaraq dissertasiya mövzusunu uğurla müdafiə edib.
N.Kəngərli-Nəcəfova 2004-cü ildə pianoçuların Q.Qarayev adına II Beynəlxalq müsabiqəsinin laureatı olub. 2007-ci ildə Kövkəb Səfərəliyevanın 100 illiyinə həsr olunmuş gənc pianoçuların I Respublika müsabiqəsində III yerə layiq görülüb. 2012-ci ildə Litvada keçirilən “Hüdudsuz musiqi” (“Music Without Limits”) XII Beynəlxalq festival-müsabiqəsində, 2015-ci ildə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan pianoçuların müsabiqəsində laureat adını qazanıb. 2021-ci ildə Gürcüstanda keçirilən “Dünya harmoniyası” (“World Harmony”) IV Beynəlxalq müsabiqəsində üç fəxri diploma layiq görülüb.
Zərifə Alxazova 1998-ci ildə Bakıda anadan olub. 2015-ci ildə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Ü.Hacıbəyli
adına BMA-ya qəbul olunub. 2017-ci ildə təhsilini
İsrailin Təl-Əviv
Universiteti nəzdində
Buxmann-Mehta Musiqi Məktəbində (The Buchmann-Mehta
School of Music) bakalavr pilləsi
üzrə davam etdirmək imkanı qazanıb. 2020-ci ildən həmin təhsil müəssisəsində
“Artist diploma” proqramı üzrə
təhsilini davam etdirir.
Z.Alxazova
2016-cı ildə İslam
dünyası gənc
klassik musiqi ifaçılarının (20 yaşadək)
beynəlxalq müsabiqəsində, 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət
festival-müsabiqələrində Qran-pri mükafatına layiq görülüb. 2019-2021-ci illərdə Təl-Əviv Beynəlxalq
kamera musiqisi müsabiqəsində laureat
adlarını qazanıb.
Münxen Yeni Filarmonik Orkestri (Almaniya), İsrail Filarmonik Orkestri, Təl-Əviv kamera, Buxmann-Mehta, Hayfa və Yerusəlim simfonik orkestrləri (İsrail) ilə çıxış edib.
Gənc musiqiçi Hye-Jin Kim, İyla Kaler, Dmitri Berlinski, Çaim Taub, Şmuel Aşenasi, Ofer Falk və Ani Sknarç kimi məşhur violin ifaçılarından ustad
dərsləri alıb.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 18 may.-
S.5