Tanınmış qarmon
ifaçısının xatirə gecəsi
Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış qarmon ifaçısı, bəstəkar Xanlar Cəfərovun xatirə gecəsi keçirildi. Xan Şuşinski Fondunun təşkilatçılığı, BMM-in dəstəyi ilə mayın 13-də gerçəkləşən tədbirdə tanınmış ifaçılar və Xanlar Cəfərovun yetirmələri çıxış etdilər.
Unudulmaz ifaçının vaxtilə lentə alınan “Segah” muğamının videonümayişi ilə başlanan gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı musiqiçinin həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, Xanlar Cəfərov 1956-cı il fevralın 2-də Bakının Əmircan qəsəbəsində anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərir. 12 yaşında kamança ifa etməyə başlayır və Əmircan qəsəbə Mədəniyyət evində xalq çalğı alətləri ansamblına üzv olur. Atası onun istedadını görüb 5 saylı Musiqi məktəbinin violonçel sinfinə yazdırır. Daha sonra isə fortepiano sinfində təhsil almağa başlayır. Orta məktəbdə musiqi dərslərində müəlliminin qarmon ifa etməyi onun diqqətini cəlb edir. Xanlar Cəfərovun qarmonla mütəmadi məşğul olmasını görən müəllimləri xüsusi bacarıq və istedadını dəyərləndirib bu alətlə məşğul olmasını tövsiyə edirlər. O, Mədəniyyət sarayında 5 illik qarmon kursunu üç ilə bitirib vəsiqə alır. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına solist olaraq işə götürülür. Bu kollektivlə o, keçmiş SSRİ-nin bir çox şəhərlərində konsertlər verir.
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun tədrisi” kitabında Xanlar Cəfərova həsr olunmuş bölmədə qeyd edir ki, filarmoniyada çalışarkən Əməkdar incəsənət xadimi, bəstəkar-tarzən Ağası Məşədibəyov məşq zamanı Xanların ifasını eşidir və onu öz ansamblına dəvət edir. Bu ansamblın solistləri Azərbaycanın ən tanınmış xanəndələri və Xalq artistləri idi. 1978-ci ildə Azərbaycan Qastrol-Konsert Birliyi yaranır və filarmoniyada çalışan bütün solistlər bu birliyə daxil edilir. 1988-ci ilə kimi burada çalışan ifaçı Azərbaycanın ən tanınmış və sevilən müğənnilərini müşayiət edir. Həmin illərdə Xalq artisti Nisə Qasımova ilə birgə çalışmağa başlayaraq istedadlı musiqiçiləri ətrafına toplayır.
1990-cı ildə Bakıda Axıska türkləri və Qərbi Azərbaycandan deportasiya edilmiş həmvətənlərimizdən ibarət “Ümid” ansamblı yaranır. Xanlar Cəfərov kollektivə musiqi rəhbəri təyin edilir. O, ansambla milli alətlərlə yanaşı, violonçel, skripka, bas-gitara, Avropa zərb alətləri əlavə edir. 2002-ci ildə SOCAR-ın “Azneftyağ” İstehsalat Birliyində “Neftçi” mahnı və rəqs ansamblı yaradılır. Xalq artisti, tarzən Fikrət Verdiyev istedadına bələd olduğu Xanlar Cəfərovu ansambla musiqi rəhbəri dəvət edir. Onun bəstələdiyi “Çahargah” dəramədi” “Neftçi” ansamblının bütün konsertlərinin ilk nömrəsi olaraq əzəmətlə səslənir. Unudulmaz qarmon ifaçısı 30-dan artıq rəqs melodiyası və 15-dən artıq mahnının da müəllifidir. Musiqiçi 2020-ci il martın 31-də vəfat edib.
Xatirə gecəsində həmçinin Xalq artistləri Aftandil İsrafilov, Fikrət Verdiyev, Ənvər Sadıqov, Şəfiqə Eyvazova, Əməkdar artist Zakir Mirzəyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın dosenti, qarmon ifaçısı Aydın Əliyev çıxış edərək Xanlar Cəfərovun sənətini yüksək qiymətləndirdilər, xatirələrini bölüşdülər. Bildirildi ki, ifaçının incə duyğular, zərif melodiyalarla işlədiyi musiqilər, yeni aranjimanları Azərbaycan Radiosunun fondunda saxlanılır.
Xatirə gecəsində Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının müşayiətində Əməkdar artist Lalə Məmmədova, BMM-in solistləri Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Abgül Mirzəliyev Xanlar Cəfərovun bəstələdiyi sevilən nəğmələri ifa etdilər. Sənət dostları qarmon ifaçıları Nemət Hüseynov, Şəmsi Ağamalıyev X.Cəfərovun musiqilərini səsləndirdilər. Tələbələri Orxan Mirnatiqoğlu müəlliminə həsr etdiyi “Xəyal” kompozisiyası, Xalq artisti Samir Cəfərovun ifasında “Vətən marşı” (bəstə Xanlar Cəfərov) alqışlarla qarşılandı. Yetirmələri, Vətən müharibəsi qazisi Nadir Cəfərov, Milli Konservatoriyanın tələbələri Fərid Məmmədov, Məhəmməd Abışov ifalarını unudulmaz müəllimlərinin ruhuna ithaf etdilər.
Gecənin sonunda Xanlar Cəfərovun oğlu, skripka ifaçısı Simran Cəfərov səhnəyə çıxaraq atasının bəstəsi olan “Tamerlani” rəqsini ifa etdikdən sonra tədbirin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirdi.
Lalə
Azəri
Mədəniyyət.- 2022.- 18 may.-
S.5.