Şuşada növbəti görüşlərədək...
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı doqquz
ölkənin ifaçı və kollektivlərini bir araya gətirdi
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə 12-14 may tarixində Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi.
Musiqi və rəqs bayramı üç gün ərzində rəngarəng konsertləri ilə mədəniyyət paytaxtımıza təşrif buyurmuş çoxsaylı qonaqları, eləcə də Şuşanın ecazkar təbii səhnəsindən dünyaya yayılan proqramı televiziya və sosial şəbəkələr vasitəsilə izləyən hər kəsi sehrinə saldı.
Festivalın mayın 14-də Cıdır düzündə qurulmuş böyük səhnədə təqdim edilən yekun konserti isə musiqi, ritm və rəqsin möhtəşəm bir sənət şöləni oldu. Tamaşaçılar arasında mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, tanınmış mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar vardı.
Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı və Gürcüstanın “Melitassi” folklor rəqs ansamblının çıxışları dinlənildi.
Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Kollektivin əsasını qoyanlardan biri də görkəmli rəqqas və xoreoqraf, Xalq artisti Əlibaba Abdullayev olub. Azərbaycan incəsənətinin bənzərsiz xoreoqrafik ənənələrini, folklorumuzu, milli rəqslərimizin gözəlliyini və zərifliyini nümayiş etdirən kollektiv eyni zamanda rəqs sənətimizi onlarla ölkədə uğurla təmsil edib.
Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı Türkiyənin mədəni və folklor dəyərlərini yaşatmaq və tanıtmaq məqsədilə 1975-ci ildə yaradılıb. Kollektiv ölkə xaricində və daxilində çoxsaylı konsertlər verib. Kollektiv səciyyəvi türk xalq rəqslərini özünəməxsus şəkildə təqdim edir və repertuarında ölkənin fərqli bölgələrinin rəqsləri yer alır. Ansambl 60 ölkədə iki mindən çox konsertlə türk milli rəqslərini yüksək səviyyədə təqdim edib.
Gürcüstanın “Melitassi” folklor rəqs ansamblı isə nisbətən gənc kollektivdir. 2004-cü ildə yaradılan ansambl Gürcüstanla yanaşı xarici ölkələrdə də uğurlar qazanıb. Ansamblın tərkibi 2019-cu ildə peşəkar rəqqas, müğənni və musiqiçilərlə genişləndirilib.
Proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım”, “Qavalla rəqs”, “Şələqoy”, “Toy”, “Qazaxı”, “Bahar”, “Qaytağı”, Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı “Van yörəsi”, “Zeybek solo”, “Trabzon yörəsi”, gürcü kollektivi isə “Xorumi”, “Kartuli”, “Acharuli”, “Jeirani”, “Svanuri”, “Karachogeli”, “Kintauri”, “Samaia” və “Kazbeguri” rəqsləri ilə səhnədə məharətlərini göstərdi. Hər üç kollektivin çıxışları sürəkli alqışlarla qarşılandı.
Konsert proqramından sonra festival iştirakçılarının tamaşaçılarla birlikdə Cıdır düzündə geniş bir halay çəkib yallı getməsi isə gerçəkdən seyr edilməli mənzərə idi...
Mədəni zənginliklərin təcəssümü
Mayın 14-də günün birinci yarısında Cıdır düzündəki böyük səhnədə ölkəmizin folklor kollektivlərinin konserti keçirildi. Proqramda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi və rəqs kollektivlərinin çıxışları Azərbaycanın mədəni zənginliklər diyarı olmasının təcəssümü idi.
Konsertdə “Qorqud” folklor ansamblı (Bakı), xanəndə Rəvan Qaçayev, “Halay” talış folklor qrupu (Masallı), “Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) bir-birindən rəngarəng ifaları ilə tamaşaçıların marağına səbəb oldular.
Kollektivlərin ifasında “Lolo”, “Ləli”, “Halay”, “Şuşanın dağları”, “Çərkəz” rəqsləri, habelə “Ordubadi”, “Şirvan gözəlləməsi” aşıq havaları, avar xalq rəqsi, “Ey vətən!” və digər mahnılar, rəqslər alqışlarla qarşılandı.
Cıdır düzündə Misir musiqisi
Həmin gün Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki heykəlinin qarşısında qurulan kiçik səhnədə festivalın misirli qonağı, müğənni, bəstəkar, multiinstrumentalist Hamza Namiranın konsert proqramı oldu.
Musiqiçinin ifasında “Mawlood sanat – 80”, “Estaezo”, “Setta Sabahan”, “Malesh” və digər Misir mahnıları səsləndi. Uzaq Misirin musiqi ab-havasını Cıdır düzünə daşıyan ifaçının çıxışı alqışlarla qarşılandı.
Hamza Namira müasir ərəb musiqisinin məşhur simalarından biridir. İfaçı yaradıcılığında Misir xalq musiqisi,
pop, rok və caza geniş yer verir. 4 albom buraxan
sənətçinin mahnıları
ərəb dünyasında
böyük şöhrət
qazanıb.
Bolqar folkloru, elektron musiqi və caz
Festivalın ikinci günü - mayın 13-də ilk olaraq Bolqarıstanın “Trigaida”
qrupunun çıxışı
olub. Maraqlı repertuarla ölkəmizə
gələn qrup dinləyicilərə özünün
məşhur musiqilərini
ərməğan edib.
“Trigaida” Bolqarıstanın
rəngarəng elektron
musiqi istiqamətindən
qaynaqlanan müasir kollektivdir. “Folktronika”
triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Qrupun rəhbəri rəssam,
musiqiçi, prodüser
və bəstəkar İ.Şopovdur. Ənənəvi
bolqar folklorunun elektron musiqi və cazla uğurlu
sintezinə nail olan ifaçının musiqi layihələri nağara və bas, İDM, caz,
ambient, texno, rok
və klassik musiqi kimi janrları
əhatə edir.
“Pakistan rəngləri” və özbək “Bahar”ı
Həmin gün Üzeyir Hacıbəylinin heykəlinin
qarşısındakı səhnədə
“Pakistan rəngləri” (“Colors of Pakistan”) qrupu və Özbəkistanın
“Bahar” (“Baxor”) Dövlət Rəqs Ansamblı çıxış
etdi.
“Pakistan rəngləri” qrupu əsasən ölkənin Pəncab,
Sind, Puştun, Bəlucistan
və Gilgit daxil olmaqla müxtəlif
bölgələrinin xalq
rəqslərini yüksək
professionallıqla təqdim
edir. Pakistan təmsilçiləri tərəfindən “Sind”, “Balochistan”,
“Pashtun KPK”, “Gilgit”,
“Punjab”, “Bayot” rəqsləri
təqdim edildi. “Bahar” ansamblı isə özbək ənənəvi musiqisi,
“Kənddə oyun”, “Könül təranəsi”,
“Pilla”, “Ləzgi Xarəzm”, “Larzon Buxara” və “Fərqanənin rübaisi”
rəqslərini ifa etdi.
Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblı 1957-ci ildə yaradılıb. Qurucusu, bədii
rəhbəri və baş xoreoqrafı
SSRİ Xalq artisti Mükərrəm Turğunbayeva
olan kollektiv hazırda onun adını daşıyır.
Ansamblın bədii rəhbəri
və baş xoreoqrafı Özbəkistanın
Əməkdar artisti Ziyoda Mədrəximova, musiqi rəhbəri Əməkdar artist Məhəmmədcan
Şakirovdur. Repertuarında 200-dən çox rəqsin yer aldığı ansambl müasir özbək rəqsinin nailiyyətləri ilə xalqının çoxəsrlik
ənənəvi rəqs
mədəniyyətini birləşdirir.
Kollektiv tarixi, etnoqrafik və müasir xalq rəqsləri əsasında yeni məzmunlu səhnə rəqsləri də yaradıb.
Fransada yaşayan həmyerlimizin “Sarı gəlin”i
Şuşanın qala divarlarının yanında qurulmuş səhnədə festivalın
ikinci günündə
Fransada yaşayan həmyerlimiz, caz pianoçusu, bəstəkar,
beynəlxalq müsabiqələr
laureatı Etibar Əsədli və onun qrupu yer
alıb.
Qrupun ifasında
cazla muğamın sintezi, həmçinin Azərbaycan mahnılarının
melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında,
fərqli ritmdə, incə harmoniyalı kompozisiyaları tamaşaçılara
yüksək zövq bəxş edib. O, bu dəfə tamaşaçılar
üçün “Salam”, “Qara
qaşın vəsməsi”,
“Jamming Mugham”, “Mirror”, “Sarı
gəlin” kompozisiyalarını
səsləndirib.
Etibar Əsədli
Fransanın CMDL (Centre des Musique
Didier Lockvood) caz təhsili məktəbinin
məzunudur. Musiqiçi eyni zamanda Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə uğurla
iştirak edir.
Şuşaya yaraşan “Cəngi”
Festivalın ikinci günündə
həmçinin Cıdır
düzündə böyük
səhnədə Azərbaycanın
“Cəngi” estrada
folklor ansamblı və xanəndə, Əməkdar artist Qoçaq
Əsgərovla, tarzən
Arslan Növrəslinin
etno-caz qrupu çıxış edib.
“Cəngi” ansamblı Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oqtay Kazıminin “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnılarını səsləndirib. Xalq artisti Mircavad Cəfərovun (ud) rəhbərlik etdiyi kollektivin ifası böyük alqışlarla qarşılanıb.
Sonra konsert proqramı xanəndə Qoçaq Əsgərovla tarzən Arslan Növrəslinin etno-caz qrupunun çıxışları ilə davam edib. Qrup “Bayatı-kürd”, “Blues-muğam”, “Şur” və “Yallı” kompozisiyaları ilə festivalın ab-havasını daha da yüksəldib, tamaşaçıların könlünü oxşayıb.
***
Xatırladaq ki, Şuşa şəhərində ilk dəfə 1989-cu ildə keçirilmiş “Xarıbülbül” festivalı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra, 2021-ci ilin mayında yenidən əzəli məkanına – Şuşaya qayıtdı.
Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında keçirildi. Doqquz ölkədən kollektiv və ifaçıları bir araya gətirən Şuşamızın növrağı hələ qarşıdadır. Bu gün 28 illik yaralarını sürətlə sağaltdığımız mədəniyyət paytaxtımız bütün Qafqazın mirvarisi adını yenidən doğruldacaq, şöhrəti bütün dünyaya yayılacaq.
Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov
Mədəniyyət.- 2022.- 18 may.-
S.1;3.