Musiqi Mədəniyyəti Dövlət Muzeyində
“Şuşa musiqiçiləri” sərgisi
Mayın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Şuşa musiqiçiləri” adlı sərginin açılışı keçirildi. 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan sərgi eyni zamanda “Şuşa İli”nə ərməğan idi.
Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, muzeylər xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına da kömək edir: “Hər il bir deviz altında qeyd edilən əlamətdar gün bu il “Muzeylərin gücü” mövzusuna həsr olunub. Həqiqətən də, muzeylərin arxivlərində toplanan real sənədlər əsasında dünya görür ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Şuşa Azərbaycanın konservatoriyasıdır...”.
Direktor bildirdi ki, 200 eksponatın yer aldığı sərgidə Şuşa şəhərində dünyaya göz açan və musiqi mədəniyyətimizə töhfələr verən sənətkarlardan şair, musiqiçi, rəssam Mir Möhsün Nəvvabın, xanəndələr Cabbar Qaryağdıoğlunun şəxsi əşyaları, Keçəçioğlu Məhəmmədin qavalı, Məşədi Məmməd Fərzəliyevin, Məcid Behbudovun, Xan Şuşinskinin fotoşəkilləri, Üzeyir Hacıbəyli, Niyazi, Süleyman Ələsgərov və başqalarının not yazıları və digər materiallar nümayiş olunur.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullayev çıxış edərək şəhər və rayon muzeylərinin fəaliyyəti və orada qorunan eksponatlardan danışdı. Qeyd etdi ki, muzeylərimiz eksponat sarıdan çox zəngindir. Bəzi dünya muzeylərində belə maraqlı və dəyərli eksponatlara az hallarda rast gəlmək olur.
Muzeyin direktor müavini Təranə Zeynalova çıxışında sərgidə nümayiş olunan Şuşa musiqiçiləri və Şuşa şəhərində fəaliyyət göstərmiş “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclisləri haqqında söz açdı.
Çıxışlardan sonra bədii hissəyə keçildi. Muzeyin Qədim musiqi alətləri ansamblının müşayiəti ilə muğam müsabiqələrinin qalibləri Nisbət Sədrayeva, Xəyal Hüseynov və Zaur Əmiraslanovun ifasında konsert proqramı təqdim edildi.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 18 may.-
S.1;2.