Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

 

18 may – Beynəlxalq Muzeylər Günü Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində qeyd olunub. Tədbirin diqqətçəkən məqamlarından biri muzeydə yaradılan “Şuşa guşəsi” olub. Guşədə Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərlərini əks etdirən fotolar, xarıbülbülün rəmzi, Şuşadan gətirilmiş torpaq, eləcə də Şuşanın kiçik maketi nümayiş etdirilir.

Muzeydə gənc rəssam Şenay Sadiqin əsərlərindən ibarət sərgi də açılıb. “World mythologies” (“Dünya mifologiyaları”) adlı sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair rəsm əsərləri nümayiş etdirilib. SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə təşkil edilən sərginin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin əməkdaşı Tamta Çalabaşvili də əlamətdar gündə muzeyi ziyarət edib. O, jurnalistlərə müsahibəsində deyib ki, Beynəlxalq Muzeylər Günündə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi rəsm sərgisi, eləcə də muzeyin ekspozisiyası təqdirəlayiqdir.

Muzeyin elmi işçisi Leyla Əliyeva deyib ki, “Şuşa guşəsi”nin yaradılması daŞuşa İli” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.

Beynəlxalq Muzeylər Günü tədbirlərinə Tbilisidəki Nəriman Nərimanovun Ev-Muzeyi də qatılıb.

 

 

Mədəniyyət.- 2022.- 20 may.- S.8.