Musiqişünas-alim Elmira Abbasovanın 90 illiyi qeyd olunub

 

Görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın (1932-2009) 90 illiyi münasibətilə mayın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konfrans-konsert keçirilib.

Tədbiri giriş sözü ilə açan BMA-nın Musiqi tarixi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva sənətkarın həyat və yaradıcılığından danışıb.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli görkəmli alimin musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən, musiqi elmi, musiqi tənqidi və publisistikası, habelə elmi-nəzəri fəaliyyətindən bəhs edib.

Bildirilib ki, Elmira Abbasova müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırıb. Onun müəllifi olduğu “Cövdət Hacıyev”, “Rəşid Behbudov”, “Soltan Hacıbəyov”, “Səid Rüstəmov”, “Qurban Pirimov”, “Bəhram Mansurov” və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında işıq üzü görüb.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə Elmira Abbasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira Abbasovanın 90-cı illərdə çətin bir dövrdə təşkil etdiyi konsertkonfranslardan danışıb.

Əməkdar incəsənət xadimi, BMA-nın professoru İmruz Əfəndiyeva çıxışında Elmira Abbasova ilə birgə fəaliyyətindən, onun yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın məruzəsi də dinlənilib. Sonra konsert proqramı təqdim edilib.

 

 

Mədəniyyət.- 2022.- 20 may.- S.5.