Yaradıcı nəsil davamçıları ilə yaşayır

 

 

Hər bir nəsil öz davamçıları ilə yaşayır. Bu mənada yaradıcı insanların övladları, nəvə, nəticələri də istedadlı və yaradıcı olanda o nəsil şəcərəsinin ömrü daha da uzun olur. Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov unudulmaz sənətkarımız, görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun övladı olaraq, onun sənət və nəsil şəcərəsini layiqincə davam etdirir. Təbii ki, görkəmli sənətkardan öyrənib mənimsədiyi keyfiyyətləri Cəlal  müəllim öz daxilindən keçirərək təqdim edir. Amma bu təqdimatda görkəmli Əşrəf Abbasovun adı həm bir ata, həm də bir sənət müəllimi kimi fəxrlə çəkilir...

Uşaq yaşlarından ailəsində eşitdiyi musiqi sədaları ilə böyüyən Cəlal Abbasov Bülbül adına Orta İxtisas Musiqi Məktəbini başa vurduqdan sonra sənət təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dahi sənətkar Qara Qarayevin bəstəkarlıq sinfində davam etdirib. Bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunu da bitirib. Bir sözlə, bəstəkarlıq texnikasının tələblərini peşəkarlıqla mənimsəyən Cəlal Abbasov fərdi yaradıcılıq üslubuna malikdir. O, musiqinin müxtəlif janrlarına müraciət edib. Əsərləri yalnız respublikamızda deyil, dünyanın mötəbər konsert salonlarında musiqi kollektivlərinin ifasında səslənib. Bu sırada “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Oslo Kammerakademi” (Norveç), “Ensemble Reconsil  Wien” (Avstriya), Ukrayna Dövlət Simfonik Orkestri və başqalarını qeyd edə bilərik. Cəlal Abbasovun əsərləri “Music Fabric” (Fransa), “Ñîâåòñêèé kîìïîçèòîð” (Rusiya) kimi nəşriyyatlar tərəfindən çap edilib.

Cəlal Abbasovun əsərlərinin müasir texniki imkanlarla zəngin olmasına baxmayaraq, onun yaradıcılığında xalq musiqisinə maraq mühüm yer tutur. Bəstəkar həm Azərbaycan xalq musiqisinin toplanma, həm də təhlili prosesində də aktiv fəaliyyət göstərir. Naxçıvan, Qarabağ, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyaların iştirakçısıdır. Aparılan işlərlə bağlı elmi məqalələrin və mətbu yazıların müəllifidir.

Cəlal Abbasovun yaradıcılığında pedaqoji fəaliyyəti də mühüm yer tutur. O, 2000-ci ildən Azərbaycan Milli Konservatoriyasında bəstəkarlıq sinfi üzrə dərslər aparır.

Bəstəkar müxtəlif janrlı musiqi əsərlərinə və yaradıcılıq fəaliyyətinə görə dəfələrlə təltif olunub.  1982-ci ildə Xalq mahnılarının xor aranjimanı üzrə respublika müsabiqəsinin, 1990-cı ildə Azərbaycan Gənclər İttifaqı mükafatının, 1995-ci ildə S.Yeseninin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsinin, 1998-ci ildə BMT mükafatının, 2000-ci ildə Vətənpərvərlik mahnılarının respublika müsabiqəsinin laureatı olub. 2007-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” adına layiq görülüb, 2020-ci ildə “Dədə QorqudFondu ilə Azərbaycan Dağ Yəhudiləri İcmasının təsis etdiyiMilli Qəhrəman Albert Aqarunovordeni  ilə təltif olunub. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibidir.

 

Qeyd etdik ki, Cəlal Abbasov Şuşa mühitində doğulub, boya-başa çatan görkəmli bəstəkar Əşrəf Abbasovun övladıdır. Təbii ki, otuzillik Şuşa, Qarabağ həsrəti onun yaradıcılığına təsirsiz ötüşməyib. Məhz bu nisgil bəstəkarın “Səni bir daha görə bilsəydim” adlı simfoniyasında qabarıq şəkildə ifadə olunub. Bəstəkar bu əsəri atasının xatirəsinə ithaf etməklə onun da narahat ruhunu musiqi dilində nəzmə çəkib. 1998-ci ildə yazılan bu əsərə sonra digər hissələr də əlavə olunaraqQarabağ trilogiyası” yarandı.

Trilogiyanın II hissəsi – “İn memoriam...” rekviyemi Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına həlak olmuş tankçı Albert Aqarunova, Qarabağ müharibəsinin şəhidlərinə ithaf edilibilk dəfə 2019-cu ildə ABİ-nin X qurultayında səslənib.

III hissə – “Şanlı Azərbaycan” odası Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni parlaq çalarlarla əks etdirir. Əsər 2021-ci ilin noyabrında Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuşQarabağ Azərbaycandır!” konsertində Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Milli Konservatoriyasının birləşmiş xoru (bədii rəhbər Leyla Zalıyeva) tərəfindən ilk dəfə dinləyicilərə təqdim edilib. Ölməz şairimiz Məhəmmədhüseyn Şəhriyarın sözlərinə yazılmış bu əsərdə sanki mələklərin dilindən xalqımıza, vətənimizə, müqəddəs torpaqlarımıza dualarxoş arzular səslənir.

Onu da qeyd edək ki, Cəlal AbbasovunQarabağ trilogiyası” 2022-ci ilin Dövlət mükafatına təqdim olunub.

Mayın 16-da ABİ-də Cəlal Abbasovun anadan olmasının 65 illiyinə həsr olunan tədbir keçirildi. Tədbirdə ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Cəlal Abbasovun yaradıcılıq fəaliyyətindən söz açaraq onun bəstəkarlıq üslubunun  özünəməxsus cəhətlərini vurğuladı, ittifaqın katibi kimi fəaliyyətini də yüksək dəyərləndirərək yeni uğurlar arzuladı.

 

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Cəlal AbbasovunQarabağ trilogiyası” haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Xatirə Həsənzadə “Cəlal Abbasovun yaradıcılığına bir nəzər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Bəstəkar Cəlal Abbasov: yaradıcılıq  kredosujanr”, BMA-nın dissertantı Sevinc Seyidova “Cəlal Abbasovun simfonik yaradıcılığının üslub xüsusiyyətləri”, bəstəkar Fərid Fətullayev “Cəlal AbbasovunWhere are you, Ulysses?” əsərində kollajın rolu və əhəmiyyəti” mövzularında çıxış etdilər.

Yubiley tədbirində bəstəkarın əsərlərindən bir neçəsi canlı və video formatda səsləndi. “Sonatasolo violin üçün” (1984) beynəlxalq müsabiqə laureatı Umidə Abbasova, “Sonatapiano üçün” (2013) beynəlxalq müsabiqə laureatı Leyla Parlanova tərəfindən ifa olundu. Həmçinin “Qarabağ trilogiyası”ndan “İn memoriamrekviyemi (Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında, dirijor Mustafa Mehmandarov) və “Şanlı Azərbaycan” odası (Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Milli Konservatoriyasının tələbə xoru) videoyazı olaraq təqdim edildi.

65 yaşına yaradıcılıq uğurları ilə çatan bəstəkar Cəlal Abbasova bu mənalı ömrün davamını cansağlığı və yeni nailiyyətlərlə yaşamağı arzulayırıq.

 

Səadət Təhmirazqızı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2022.- 20 may.- S.5.