“Nə məlamət əsər etmiş, görəsən, dildarə?”
Mədəniyyət paytaxtımız Şuşa şəhəri mövcud olduğu 270 ildə Azərbaycanın ədəbi-mədəni və elmi mühitinə çoxsaylı tanınmış şəxsiyyətlər bəxş edib. “Şuşa İli” münasibətilə ilin əvvəlindən başlatdığımız “Şuşanın simaları” rubrikasında həmin şəxsiyyətləri tanıtmağa davam edirik. Bu dəfə XIX əsr Azərbaycan ədəbiyyatında, xüsusilə Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan şairlərdən Mirzə Rəhim Fənanı yada salacağıq.
Şuşa şəhərində fəaliyyət göstərmiş “Məclisi-üns”ün yaradılmasının təşəbbüskarlarından olan şair haqqında mənbələrdə səhih məlumat olduqca azdır. Araşdırmalarda qeyd edilir ki, Mirzə Rəhim bəy Mirzəyev (Fəna) 1844-cü ildə (bəzi qaynaqlara görə, 1841) Şuşada dünyaya göz açıb. Atası Mirzə Məmmədbağır vaxtilə Mehdiqulu xanın saray mirzəsi olub. Eyni zamanda xanlığın mədaxil-məxaric işlərinə baxıb. O, 1872-ci ildə dünyasını dəyişəndən sonra oğlu Mirzə Rəhim xanın varislərinin işlərinə kömək edib.
Rəhim ibtidai təhsilini molla məktəbində alır. Sonra Şuşa mədrəsəsində təhsilini davam etdirir. Mirzə Əbdülqasım Kəbirlidən ərəb, fars dillərini mükəmməl öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir. “Əvvəllər “Aşiq”, sonralar isə “Fəna” təxəllüsləri ilə Azərbaycan və fars dillərində şeirlər yazır. Mirzə Rəhim Fəna klassik poeziyanın bir çox janrında qələmini sınayıb. Ancaq əsərlərinin xeyli hissəsi dövrümüzə gəlib çıxmayıb.
“Ağlaram” qəzəli şairin diqqətçəkən bədii nümunələrindəndir. Araşdırmalardan məlum olur ki, müəllif bu qəzəli qəlbində yaşatdığı və məhəbbət bəslədiyi Xurşidbanu Natəvanı nəzərdə tutaraq qələmə alıb:
Hicran edibdi könlüm evin qarət, ağlaram,
Çün ağlamaq olubdu mənə adət, ağlaram.
Ta var idi fəraqına
tabım, səbur idim,
İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.
Qəddim
fəraqı başıma
gətdi qiyaməti,
Ta həşr olunca hər dəmu, hər saət ağlaram.
Zülfü ruxun xəyalına
sərf oldu ruzi-şəb,
Ömrümdə ruzi-şəb olmamışam
rahət ağlaram.
Mirzə Rəhim bəy şəhərdə hörmət sahiblərindən biri kimi tanınıb. Xan qızı Natəvan da ona daima hörmətlə yanaşıb, istedad və savadını dəyərləndirib. Günlərin birində Şuşa qəzasının rəisi Dubrovski onun qardaşı Mirzə Kərimi vəzifəsindən azad edir. Bunu özünə hörmətsizlik hesab edən Mirzə Rəhim bəy qəza rəisindən inciyir. Hətta ona əsəbini gizlətmir. Bir gün şəhərin “Bazarbaşı” deyilən hissəsində qəza rəisi ilə qarşılaşır və ona təzim etmir. Hətta üzünü yana çevirir. Bundan bərk hirslənən rəis şairi döyür. O, rəisin əlindən birtəhər çıxaraq Xurşidbanu Natəvanın həyətinə girir. Dubrovski şairin ardınca həyətə daxil olaraq burada da onu döyməyə başlayır. Səs-küyə Natəvan həyətə çıxır. Vəziyyəti görən şairə xidmətçilərə qəza rəisini döyməyi tapşırır. Sonra qəza rəisinə yaxınlaşıb çiynindəki poqonları dartıb qoparır. Özünü də həyətdən qovur. Həmin vaxt Qafqaz valisi Şuşaya gəlir. Dubrovskini üzü-gözü yaralı halda görür və səbəbini öyrənir. Ertəsi gün Xan qızının görüşünə gələn Qafqaz valisi nəzakətlə bildirir: “Rəisə əl qaldırmanıza etiraz etmirəm, ancaq poqonlarını qırmaq dövlətə hörmətsizlikdir”. Natəvan cavabında deyir: “Dövlətin təbəələrini suçsuz yerə incitməyə heç kimin haqqı yoxdur, hətta rəisin də”. Bundan sonra vali Dubrovskini vəzifəsindən azad edir...
Onu da qeyd edək ki, 1864-cü ildə Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə Şuşada “Məclisi-üns” ədəbi məclisi yaradılıb. Sonralar o, məclisin rəhbərlərindən biri olub. Şairin “Məclisi-üns” haqqında xatirələri ikicildlik “Azərbaycan ədəbiyyatı” əsərinə əlavə şəklində çap edilib. Şeirlərindən nümunələr XX əsrin əvvəlində dövri mətbuatda, habelə Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” və Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirələrində yer alıb. Tarix və ədəbiyyatla maraqlanan Mirzə Rəhim Fəna eyni zamanda “Tarixi-cədidi Qarabağ” (“Qarabağın yeni tarixi”) adlı əsər də yazıb.
Şair bəzən aşiqanə qəzəlində də aşiqin duyğularını dilə gətirmək üçün ictimai məzmun kəsb edən mətləblərdən mövzuya uyğun şəkildə məharətlə istifadə edərək şeirin ideya-bədii baxımdan daha təsirli alınmasına nail olur:
Nə məlamət əsər etmiş, görəsən, dildarə,
Ki, çəkib yardan əl, uydu yenə əğyarə?
Hansı məşuqə deyir aşiqinə eşqi unut?
Hansı tacirdi rəvac istəmədi bazarə?
Bülbüli-zarə deyin, keçdi sənin əyyamın,
Vəqt odur kim, tapa yol zağu-zəğən gülzarə.
Gülşəni-eşq xəzan buldu, Fəna, oldu xəmuş,
Bir də indən belə haşa ki gələ göftarə.
Qarabağ elinin şeir-sənət mühitində adı hörmətlə çəkilən Mirzə Rəhim Fəna 11 fevral 1931-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 20 may.-
S.6.