Bizə keçmişi
tanıdan və zehnimizi yeni
ideyalara açan məkanlar
“Muzeydə gecə” aksiyasına bu il Milli
İncəsənət Muzeyi ev sahibliyi etdi
18 may – Beynəlxalq Muzeylər Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirildi, layihələr təqdim edildi. Əlamətdar gün münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində təşkil edilən “Muzeydə gecə” adlı tədbir xüsusilə yaddaqalan oldu.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İsveçin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə ölkəmizdə səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raev, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill, yaradıcı təşkilatların rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Beynəlxalq Muzeylər Günü Azərbaycanda da geniş miqyasda qeyd edilir. Bu əlamətdar tarixlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı günü” elan olunub. Vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edirlər.
“Muzeydə gecə” tədbiri haqqında məlumat verən nazir müavini qeyd etdi ki, layihə çərçivəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti keçiriləcək. Həmçinin muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli sənət dünyasının instalyasiyaya çevrildiyi proqram təqdim ediləcək.
30 il əvvəl, 1992-ci il mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırladan Sevda Məmmədəliyeva dedi ki, uzun illər bu tarix bizim üçün ağrılı günlərdən idi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağ, o cümlədən Laçın rayonu düşmən işğalından azad edildi. Artıq 18 may tarixini biz Beynəlxalq Muzeylər Günü və bir bayram günü kimi ürəkdən, yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu layihələr çərçivəsində vaxtilə mövcud olan muzeylər də bərpa edilir. Nəhayət ki, illərdir doğma məkanından uzaq düşən muzeylərimiz vətəninə qayıdacaq və muzeylərin zəngin kolleksiyası öz doğma yurdunda sərgilənəcək”.
Sevda Məmmədəliyeva çıxışının sonunda tədbir iştirakçılarını Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik etdi.
İsveçin ölkəmizdəki səfiri Kristian Kamill bildirdi ki, muzeylər ətrafımızdakı dünyanı dəyişdirmək gücünə malikdir. Onlar misilsiz kəşf məkanları olaraq bizə keçmişimiz haqqında bilgi verir və zehnimizi yeni ideyalara açır: “Bu günə kimi təkcə Bakının əsas muzeylərini deyil, həm də kənd yerlərində çoxlu sayda muzeyləri ziyarət etmişəm. Bölgələrdə ziyarət etmək üçün ən azı onlarla muzey var ki, onların çoxu Azərbaycanın görkəmli musiqiçilərinin, şairlərinin və alimlərinin ev-muzeyləridir. Mən bütün bunları kəşf etməkdən böyük məmnunluq duyuram və fürsətdən istifadə edərək, ziyarət zamanı həmişə göstərilən səmimi qəbula görə bütün muzey işçilərinə təşəkkürümü bildirirəm. Mən xüsusilə şadam ki, bu gecə Könül Rəfiyevanın kuratorluğu ilə “İsveç-Azərbaycan incəsənət dialoqu” layihəsi də təqdim olunur. Paytaxtımız Stokholmdan olan rəssam Lyudmila Kristeseva və bakılı Günel Ravilova heç vaxt şəxsən görüşməyiblər, lakin pandemiya zamanı onlar bu gecə nümayiş etdirilən bu gözəl instalyasiyanı yaradıblar”.
Bədii hissədə Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsinin
iştirakçılarından olan gənc
musiqiçilər – respublika və beynəlxalq
müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) çıxış etdilər. Onları Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət
edirdi.
Musiqiçilər tərəfindən Üzeyir
Hacıbəylinin “Arazbarı”
zərbi-muğamı, D.Çimarozanın
“Qoboy və orkestr üçün konsert”i, F.Mendelsonun “10 nömrəli simli simfoniya”sı və F.Şopenin “Fortepiano və
orkestr üçün
1 nömrəli konsert”i
ifa olundu.
Daha sonra dizayner Murad Hüseyn tərəfindən
məşhur “Giedi” markasının muzey kolleksiyası əsasında
hazırlanmış moda
nümayişi oldu.
Sonra tədbir
iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin
zəngin kolleksiyası
və müxtəlif mövzu və muzeyin tarixinin fərqli dövrlərini əks etdirən sərgi layihələri aləminə səyahət
etdi. Fərhad Fərzəliyev,
Günel Ravilova, İbrahim Babayev, Lyudmila Kristeseva, Timur Əmirxanov kimi rəssam və müəlliflərin multimedia instalyasiyaları,
rəqəmsal layihələr,
davamlı inkişaf və gender mövzularında
əsərləri gecə
boyunca muzeyin müxtəlif guşələrində
nümayiş olundu.
Qeyd edək ki, “Muzeydə gecə-2022” multimedia aksiyasının
tədbirləri Mədəniyyət
Nazirliyinin “Museum.az” onlayn platforması üzərindən
yayımlanıb.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 20 may.-
S.1;2.