Dram ilə
faciə arasında fərqi axtara-axtara...
Paytaxt teatrları,
onların üslubu, repertuarı, yaxşı tanıdığımız truppaları,
potensialına bələd
olduğumuz rejissorlarının
işini, sözsüz
ki, davamlı izləyib fikirlərimizi bölüşürük. Amma paytaxtdan
kənarda fəaliyyət
göstərən teatr
müəssisələri ilə
bağlı bunu ürəklə demək elə də asan deyil. Səbəblərdən biri də teatrları bir araya gətirən qastrol, festival və səfərlərin azlığıdır.
Bütün bunları
nəzərə alaraq,
Gəncə Dövlət
Dram Teatrının mayın
19-20-də Bakıda tamaşa
nümayişi xəbərinə
ürəkdən sevindim...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş
olunan ikihissəli “Cavad xan” tamaşası
seyrçi sarıdan qıtlıq çəkmədi. Qocaman Gəncə
teatrı həvəskarları,
əsas etibarilə də gəncəlilər
sevdikləri Cavad xanın (1748-1804) – Gəncə
xanlığının sonuncu
hökmdarının gerçək
şöhrətinin işığına
həvəslə toplaşmışdılar.
Tarixi dram pərdələr
açılandan artıq
özü haqqında
ilkin rəyi ifadə etdi: biz sırf klassik dram görəcəyik.
Yazıçı-dramaturq Nüşabə Əsəd
Məmmədlinin eyniadlı
əsəri əsasında
səhnələşdirilən tamaşaya Əməkdar incəsənət xadimi Əsgər Əsgərov
quruluş verib. Dəvətli rejissorla birlikdə rejissor kimi Elşad
Əhmədov da əlindən gələni
edib. Səhnə əsərinin quruluşçu
rəssamı Mirzə
Mehdi, musiqi tərtibatçısı Sevda
Əliyeva, geyim üzrə rəssamı Leyla Əliyeva idi.
Tarixi həqiqətlərin
bədii təxəyyüldə
fərqli mübadilə
olunduğu tamaşada
Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, onun
həyat yoldaşı
Mələknisə xanım
rolunu isə Xalq artisti Pərvanə
Qurbanova oynayırdı. Digər
rolları Əməkdar
artistlər İlham Hüseynov (Sisianov), Ramiz Vəliyev (İmperator), Novruz Cəfərov (Məmməd
kişi), Salamulla İsmayılov (Axund), eləcə də aktyorlar Murad Meyfəliyev (Hüseynqulu ağa), Ruslan Hüseynov (Portnyagin), Günay Cabbarova (Aysel), Emil Salmanov (Orxan bəy), Sevinc Hüseynova (Gülqönçə), Akif
Səfərov (Şair),
Zəminə Cəfərova
(Salatın) və başqaları ifa edirdilər.
Onu da deyim ki, ikinci-üçüncü
dərəcəli rolları
ifa edənlərin əksəriyyəti həvəskarlar
– teatrın nəzdindəki
“İkinci nəfəs”
studiyasının yetirmələri
idi. Amma peşəkar
aktyorlarla həvəskarlar
arasında fərq, demək olar ki, hiss olunmadı. Yaxşı hal kimi vurğulanmalı
bu məqamı digər bölgə teatrlarına, əsasən
də yeni nəsil aktyor və aktrisa sarıdan böhran yaşayan sənət ocaqlarına da tətbiq etmək olar. Deməli, qocaman, peşəkar
yerli səhnə, sənət xadimlərini işə cəlb etməklə yararlı truppa formalaşdırmaq olar və dediyim
kimi, Gəncə teatrının nümunəsində
bu, elə də əlçatmaz arzu deyil. Daha çox sevindiyim məqam məhz həmin rollara dublyorların olması idi. Bu da
deməyə əsas verir ki, tamaşa
quran rejissorun aktyor sarıdan çətinliyi olmayacaq.
Bu mənada “Cavad
xan”ın gənc heyəti maraqlı, baxımlı, dinamik və rəngarəng oyunları ilə yadda qalmağı, daha doğrusu, peşəkar və titullu aktyorlarla yarışa biləcəklərini
də göstərdilər.
Tarixi şəxsiyyətlərin
və real hadisələrin
əks olunduğu əsərlərə verilən
quruluşlarda təsvir
və onun plastik həlli zəruridir. Bu həm
dinamikanı artırır,
həm estetik baxımdan ümumi təsvirə ayrı bir özəllik qatır, həm də aktyorların plastikasını, nitq və oyun texnikaları
ilə bərabər fiziki imkanlarını da qısa və
təsirli nümayiş
etdirir. Nədənsə, yaradıcı heyət
buna elə də önəm verməmiş və bunun əvəzində Cavad xanın mütəmadi əlində
saxladığı qılıncını,
demək olar ki, əynindən çıxarmadığı zirehini,
sadəcə, rekvizit kimi görmüşdü.
Hərçənd həm Elxan
Yunusun, həm də onun tərəf-müqabillərinin
bunu ifadəli nümayiş etdirə biləcək fiziki imkanları vardı.
Qısacası, bu ağır
və mətn baxımından yüklü
tamaşada təsvirçilikdən
qaçmaq əvəzinə
ona plastika da vermək uğurlu olardı.
***
Bu məqamda daha
bir nüansa diqqət çəkmək
istəyərdim. Tamaşa boyu müəllifin
Cavad xana və onun yaşadığı
dövrə böyük
sevgi və ehtiramının şahidi
olduq və düşünürəm ki,
bu, çox normaldır. Pyesdə cərəyan
edən hadisələr
ümumən Gəncənin
son müqavimətini – həmin
ağır və qəhrəmanlıqla dolu
dönəmi əhatə
edir. Azadlıq amalı uğrunda
gözünü qırpmadan
övladlarından belə
keçən qətiyyətli,
əzmkar və mübariz Cavad xanın timsalında ümumən Gəncə və gəncəlilərin
mətin obrazını,
ümumiləşmiş portretini
görə bilirik.
Müəllifin psixoloji
realizm üslubunda ərsəyə gətirdiyi
əsərdə xalq olaraq başımıza gətirilən bəlaların
fərqli və çox ağır detallar üzərindən
analizi də var. Biz burada güclü, mübariz, vətənsevər
kişi və qadın obrazlarını,
xalqının, el-obasının
azadlığı uğrunda
həyat adlı şirin nemətdən gözüyumulu vaz keçən gəncliyin simasını sezirik. Səhnə əsərində qorxmaz və döyüşkən
Cavad xan və ailəsi, ümumən gəncəlilərin
timsalında pərən-pərən
olunmasına, xanlıqlara
bölünərək parçalanmasına
rəğmən yenə
də bir olmaq, mübarizə aparmaq istəyən xalqın ümumi ağrı və dərdləri də ön plana çıxır.
Bunlar öz yerində. Amma Cavad xan, onun mübarizəsi haqqında məlumatlı
adamlar da bir çox suallar qarşısında
qalmışdı. Ümumiyyətlə, tarixi dramı tamaşaya çevirmək
istəyən rejissor və yaradıcı heyət müəllif qədər məsələyə
mövzu və ideyaya həssas yanaşmalı, yalnız qarşısındakı mətndən
asılı qalmamalıdır.
Bu mənada düşünürəm
ki, nə Cavad xan, nə
onun həyat və döyüş yolu, nə də
Gəncə və ətraf ərazilərin insanlarının halı-həyatı
bu səhnə işində özünün
tarixi və bədii izahını dolğun tapmayıb.
Yəni
biz müəllifin tarixi
hadisələrlə təxəyyülü
arasındakı keçidlərdə
ayaqüstü dolaşdıq.
Əslində, bunu quruluş
həlli ilə tarazlamaq olardı. Amma rejissor məsələnin
tam şəxsiyyət formulu
üzərində dayanır
və biz yalnız qəhrəmanların ayrı-ayrılıqda
faciəsini görürük.
Klassik tamaşa
– adı üstündə
– sırf klassik həll istəyir. Bu həm tərtibata, musiqi həllinə, geyimə, mizanlara, həm də səhnələr arasındakı
keçidlərə aiddir.
Məsələn, İmperatorun sarayı
ilə Cavad xanın imarəti, qırğına verilmiş
kəndlilərlə xan
sarayının qarovul
dəstəsi, kəndin
axundu ilə şairi, ümumiyyətlə,
həllin musiqisi ilə tərtibatı arasında mütləq bir rabitə qurmalısan. O rabitə
ki, biz səhnədə
ansambl işi görək və ilk səhnədən kolorit, məişət, həyat
tərzləri arasında
təsəvvürümüzü qüvvətləndirər. Doğrudur, musiqi
həllində, xüsusən
şifahi xalq ədəbiyyatından seçmələrdə,
bayatı və oxşamalarda bu tarazlıq saxlanılmağa
çalışılmışdı.
Amma burada da motivlə
qəhrəmanlar, hadisələrin
iştirakçıları arasında rabitəsizlik özünü göstərirdi.
Ümumiyyətlə, dram ilə faciə
arasında incə fərqi duymaq və mizana oturtmaq asan məsələ
deyil.
***
Gələk tamaşanın əvvəlindəki
səhnələrə – kəndlərə
hücum nəticəsində
öldürülən yaxınlarını
ağlayan sadə insanlara. Bizim xalq olaraq ağrını, kədəri,
sevinci, təəssüfü
ifadə üçün
şüurumuza oturuşmuş
təsvir formaları
var. Burada kədərlə
dözüm, bitkinlik və mübarizlik həmişə tarazlıqda
olur. Bu təsvirdə
isə biz gah hadisə yerinə gəlib ağır sarsıntısını ifadə
edən Cavad xana sönük etiraz ilə güc nümayişini, gah da qadınlı-kişili
ağlaşmanı gördük.
Düzdür, burada nəticə
olaraq oğlu ölmüş qadının
ərinin silahına sarılması, onu Cavad xana verməsi
də öz əksini tapır. Amma bu, ağlamalar fonunda sönük qalır. Yəni biz qiyaməti görsək
də, qisas hissini sezə bilmirik.
Ümumiyyətlə, tamaşada qəribə bir təzada da köks ötürdük: göz yaşları, çarəsizlik, məğlubiyyətə fokuslanma əsas planda idi. Yəni ilk replikalardan biz tamaşaçı olaraq artıq hansı aqibətlə rastlaşacağımızı bilirdik. Rejissor nə aktyoruna, nə də tamaşaçısına hadisə, səbəb, nəticə və onun effekti ilə bağlı düşünməyə icazə vermir. Bu minvalla biz Cavad xan başda olmaqla heç bir obrazın daxili üsyanına və bəraət çırpıntısına şahid olmadıq. Hərçənd aktyorlar əsərdən və ümumən prototiplərindən irəli gələn formalaşmış təəssüratı bəzən təsirli, bəzən də yüklü pafosa qatıb tamaşaçıya ötürmək yarışında idilər. Dediyim kimi, tamaşaçıdan aktyora səhnə işinin ən sarsılmaz və yəqin həm də tək rabitəsi Cavad xan faktoru idi. Qalan bütün nəsnələr – quruluş həlli, tərtibat və aktyor oyunu onun arxasınca dolaşırdı.
Cavad xanın qonşu xanlıqlara müttəfiqlik və kömək üçün müraciəti, Sisianovun məktubuna vuruş ilə cavabı, ermənilərin xəyanətkarlığı, sadə azərbaycanlı qızı Gülqönçə və tamaşanın digər qadın obrazlarının qəhrəmanlığı, Gəncə xanının son nəfəsinədək apardığı mübarizə təsviri fakta əsaslandığından təsirli idi. Bəzi aktyor oyunlarındakı heç bir təsir yaratmayan pafos və oyun üzərində oyunu, dekorasiya və rekvizitlərdəki izafi təsvirçiliyi, xüsusən hərəkətli rekvizitlərin aktyorlarla “yola getməməsi”ni nəzərə almasaq, maraqlı tamaşaya baxdıq.
Düşünürəm ki, zəngin tarixi və əzəmətli yeni binası olan Gəncə Dövlət Dram Teatrının Bakı qastrolları da ənənəvi hal alacaq və biz daha yeni və maraqlı səhnə nümunələrini izləyəcəyik...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 25 may.-
S.7.