Dünyanın bizdən daha
yaxşı tanıdığı bəstəkar
Firəngiz Əlizadə: “Tələbəlik
illərimdə müəllimim Qara Qarayev atama deyəndə ki, Firəngiz XXI əsrin musiqisini
yazır, atam çox
sevinmişdi, fəxr etmişdi...”
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz ƏIizadə... Bu günə kimi onunla bir neçə müsahibəmiz olub. Hər biri öz rəsmiliyi və sırf yaradıcı mövzusu ilə yadda qalıb. Budəfəki söhbətimiz isə tam fərqli oldu.
May ayı onun həyatında xüsusilə əlamətdardır. Mayın 28-də 75 illiyini qeyd edəcək. Görüşümüz də məhz bu əlamətdar tarixə həsr edildiyindən iki saata yaxın zamanın necə keçdiyindən xəbərim olmadı. Musiqi sahəsinin problemləri, bugünkü vəziyyəti, eləcə də uzaq-yaxın unudulmaz illərə, gənclik dövrünə səyahət etdik...
Sadəcə, bəstəkar Firəngiz Əlizadə...
Özünün də vurğuladığı kimi, xaricdə onu təqdim edəndə çoxsaylı titulları lazım olmur. Onun adı dünyanın böyük səhnələrindən, sadəcə, “bəstəkar Firəngiz Əlizadə” kimi elan edilir...
Görüşdüyümüz gün də növbəti əsərinin premyerası ilə bağlı çoxlu təbrik mesajları almışdı. Dünya şöhrətli bəstəkar, dahi Qara Qarayev məktəbinin layiqli davamçısı, virtuoz pianoçu, dirijor Firəngiz Əlizadənin çoxşaxəli yaradıcılığı XXI əsr Azərbaycan professional musiqisinin dünya sənət aləminə inteqrasiyasında mühüm rol oynayır. Onun musiqi mədəniyyətimiz adına gördüyü işlər, həyata keçirdiyi layihələrsə yüksək təqdirə layiqdir.
Sənətkarın növbəti belə dünya əhəmiyyətli layihəsi bu ilin aprel ayında Britaniya paytaxtında gerçəkləşib. Londonun möhtəşəm “Pool” konsert zalında Firəngiz Əlizadənin simfonik orkestr üçün “Nizami Cosmology” (“Nizami fəzası”) əsərinin premyerası keçirilib. Ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında “Bournemouth Symphony Orchestra”nın (Böyük Britaniya) ifasında böyük triumfla keçərək tamaşaçıların rəğbətini qazanıb. Dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə, xüsusi olaraq bu məşhur kollektivin sifarişi ilə yazılmış əsər Nizami dühasını vəsf edən təntənəli himn kimi səslənib.
Bəstəkar bu əlamətdar hadisə haqqında deyir:
– 2017-ci ildə “Amsterdam Royal Concertgbouw”un sifarişi ilə bəstələnmiş “Nasimi Passion” (“Nəsimi ilahiləri”) əsərimdən sonra gördüm ki, doğrudan da, bizim nəhəng şəxsiyyətlərimiz təkcə şair deyillər, insanları yönəldən fikir, düşüncə sahibləridir. Onlarda poeziya, fəlsəfə, teologiya da var. XII əsrdə Nizami günəş və ulduzlar haqqında necə maraqlı fikirlər söyləyib. Hər dəfə oxuduqca bunlar mənə təsir edirdi. Hələ möhtərəm Prezidentimiz İlham Əliyevin “Nizami İli” ilə bağlı sərəncamı imzalanmamışdı və mən başladım bu əsəri yazmağa. Nizaminin fəza haqqında düşüncələri “İskəndərnamə”, “Leyli və Məcnun” və digər əsərlərində yer alır. “Nasimi Passion”dan fərqli olaraq bu əsərdə söz yoxdur. Nizaminin dahiyanə ideyaları, dünyaya baxışı və insanlara münasibətini öz yanaşmamla bu əsərdə çatdırmaq istədim. 2020-ci ildə əsəri başladım və 2021-də hazır idi. Pandemiya səbəbindən əsərin premyerası 3-4 dəfə təxirə salındı. Nə qədər ki premyera olmayıb, sanki əsər hələ bitməyib və daima onun haqqında düşünürsən. Elə bu səbəbdən məndə belə bir ideya yarandı ki, əsərdə təkcə simfonik musiqi deyil, oraya elektron səslər də əlavə olunsun. Sifarişçilər əvvəl çox çətindir desələr də, mən premyeraya hazırlığa gedəndə çox gözəl davranaraq çevik şəkildə bu məsələni həll etdilər. Premyera çox gözəl keçdi. İkinci gün isə əsər universitet şəhərciyi olan Exeterdə təkrar olaraq gənclər üçün səsləndirildi. Biz bir neçə gün orada diqqət mərkəzində olduq. Hər kəs əsəri maraq və rəğbətlə qarşılamışdı.
Firəngiz xanımın bu əsərinin premyerası ilə bağlı materiallarla tanış olanda, həqiqətən, çox maraqlı fikirlərlə qarşılaşdıq. Məsələn, bir informasiyada deyilir: “Qeyri-adi, novator partituralar. Publika müəllifi böyük coşqu ilə qarşıladı. Səmimi və dərin sənət hər zaman dinləyici qəlbinə yol tapa bilir...”.
Onu da qeyd edək ki, mart ayında Almaniyanın Maqdeburq şəhərində Firəngiz Əlizadənin simfonik orkestr üçün “Sommer-Eindruck” (“Yay təəssüratı”) əsərinin premyerası böyük triumfla keçib. Dirijor Mixael Horstun rəhbərliyi altında “Mitteldeutsche Philharmonie Orchestra”nın təqdim etdiyi konsertdə F.Mendelson, F.Şubert və D.Şostakoviçin əsərləri ilə yanaşı səslənən əsər pandemiya fasiləsindən sonra bu məşhur kollektivin yenilənmiş repertuarına daxil edilərək tamaşaçıların böyük marağına səbəb olub.
Beşinci ayını yaşadığımız 2022-ci il bəstəkar üçün məhsuldar başlayıb.
– Mənim bütün illərim yaradıcılıq baxımından məhsuldar olub. Pandemiya mədəni həyata zərbə vurdu. Mən bu fasilədən istifadə edib arxivimi qaydaya saldım, xaricdəki əsərlərim, orada yazılan məqalələri bir araya gətirə bildim. Məsələn, Qara Qarayevin 100 illik yubileyində (2018) biz bütün dünyada onun haqqında yazılan nə varsa – bir sətirlik cümlə də olsa – tapıb yubileyə həsr edilən kitab hazırlamalı idik. Çox axtarışlar apardıq. Çətin idi, nəhayət, bu işi ərsəyə gətirdik... Özümə gəlincə, Almaniyada haqqımda alman dilində kitab nəşr olunub. Bundan əlavə, 70 illiyimlə bağlı Türkiyədə kitab nəşr edilib. Bunlar arxivim üçün dəyərli materiallardır.
– Türkiyə demişkən, Mersin şəhərində çalışmısınız, orada balet də yazmısınız...
– Mersin şəhərində mənim baletim “Boş beşik”lə teatr açıldı. Orkestrovkanın hamısını özüm etmişdim. Həmin dövrdə bir səs və fortepiano var idi. Çox gözəl konsertlər vermişdik. Hələ o zaman, 1993-cü ildə barokko festivalı da keçirmişdik...
Əvvəldə demişdik axı, bu dəfə tam fərqli söhbət edirik: mərhələ-mərhələ, pillə-pillə. O danışır, mən isə bu söhbətdən çıxarışlar edirəm.
Ailə
– Atam və anam indiki valideynlər kimi bizə təhsildə və yaradıcı yolda xüsusi bir dəstək göstərməyibər. Biz qazandığımız bütün nailiyyətlərə öz zəhmətimiz, alnımızın təri ilə nail olmuşuq. Atam Əliağa Əlizadə musiqini sevən insan idi. Müslüm Maqomayev Qori Müəllimlər Seminariyasını bitirəndən sona onu Lənkərana göndərirlər. Burada “Tarçalan oğlanlar” ansamblını yaradır. Atam həmin qrupun üzvü olub. O, Lənkəranın Kiçik bazar məhəlləsindən idi. Ulu babam azan oxuyan olub. Həmin dövrdə insanlar onun səsinə valeh imişlər. Atam sonradan Leninqradda (Sankt-Peterburq) ali təhsil almış, meliorator ixtisasına yiyələnmişdi. Çox mülayim insan idi. Biz heç vaxt onun ucadan səsini eşitmədik. Atam Şəkidə işləyərkən anam Nəzirə-Xədicə xanımla ailə qurur. Biz dörd uşaq idik və atamın işi ilə əlaqədar bütün çətinliklər anamın üzərinə düşürdü. Üç bacı, bir qardaşın məhəbbəti dərsə, ədəbiyyat, musiqi və sənətə idi. Anam bizə qarşı çox sərt idi. Dərsimizə ciddi yanaşırdı. Müəllimlərimiz anama qibtə edirdi. O, bizimlə birlikdə bütün notları, dərsləri öyrənirdi. Bizi başdan-ayağa öz tikdiyi, toxuduğu geyimlərlə bəzəyirdi. Həmişə maestro Niyazinin konsertlərinə yeni paltarda birinci cərgədə, əlimdə gül dəstəsi ilə gəlib oturardım və hamı elə düşünərdi ki, mən Niyazinin qızıyam. Böyük bacım Flora da bizə analıq edib. Nəzərini heç vaxt üstümüzdən çəkməyib, dərslərimizdə bizə yardımçı idi. Hazırda 82 yaşı var, bu gün də anamızı əvəz edir. İkiotaqlı evimizdə xoşbəxt yaşamışıq.
Hamımız məktəbi əla qiymətlərlə bitirmişik. Həm orta məktəbi, həm də konservatoriyanı qızıl medalla bitirdim. İlk musiqimi 7 yaşımda yazmışdım. Anam mahnını müəllimimə təqdim etdi və o, bu mahnını lövhədə yazdı. Bütün sinif mənim mahnımı oxudu və bu mənə çox təsir etmişdi. Həmin gün axşam süfrəsində düzgün tələffüz belə edə bilmədiyim qərarımı atama demişdim: “Mən kompozitor olacağam!”. Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbində təhsil aldığım zaman bəstəkar Ədilə Hüseynzadənin rəhbərlik etdiyi bəstəkarlıq dərnəyinə gedirdim. Ona valeh olmuşdum...
Elə həmin illərdə də böyük yaradıcılığa gedən yolun ilk addımları atılır. Ədilə Hüseynzadənin yanına getdiyi günü Firəngiz xanım belə xatırlayır:
– Həmin gün atam mənə dedi ki, bu gün sən ilk dəfə bəstəkarlıq dərsinə gedirsən. Bu günü yadında saxla. Sənin həyatının yeni dönəmi başlayır. İndi də o səs qulağımdadır. Sonrakı illərimdə isə atam həmişə mənə deyirdi səbirli və sakit ol. Tələbəlik illərimdə müəllimim Qara Qarayev atama deyəndə ki, Firəngiz XXI əsrin musiqisini yazır, atam çox sevinmişdi, fəxr etmişdi. Onların çox gözəl münasibəti var idi və ildə bir-iki dəfə görüşürdülər... Həyatımın və yaradıcılığımın bütün mərhələlərində çalışdım ki, gördüyüm işlərin əsaslı olduğunu sübut edə bilim. Bəstəkarlıq fəaliyyətimdə çətin anlar da yaşamışam. Maddi cəhətdən sıxıntı çəkdiyim anlar da olub. Həyat yoldaşım Cahangir kinostudiyada rejissor kimi çalışırdı. O zaman kinostudiya da bağlandı... Yeri gəlmişkən, 75 illik yubileyimlə bağlı film hazırlanıb. Filmdə keçdiyim bu keşməkeşli sənət yolum əks olunub. Hansı ölkəyə işləməyə getdimsə, ailəmlə birlikdə getdim. İlk dəfə Türkiyədən dəvət alanda Bakı Musiqi Akademiyasına gedərək burada, Bəstəkarlıq kafedrasında mənə iş verəcəksinizsə, mən o təklifi qəbul etməyim dedim. Nəticə də məlum... Bəstəkarlıqdan deyil, amma 22 il orada orkestrləşmə ixtisasından dərs demişəm.
Tələbəlik
– Gözəl oxumuşuq. Mən pianoçu kimi imtahanı mərhum rektorumuz Cövdət Hacıyevin qarşısında vermişəm. Hər yarım il 45 dəqiqəlik konsert verirdik. O konsertlərdə Cövdət müəllim bütün tələbələrin hər birinin nəyə qadir olduğunu bilirdi. Biz çox yüksək səviyyəli təhsil almışdıq. Mən iki ixtisas – pianoçu və bəstəkarlıq fakültəsində təhsil almışam. İlk müəllimim Cövdət Hacıyev idi.
Firəngiz xanım daha sonra müəlliminin məsləhəti ilə Qara Qarayevin sinfinə keçir. Dahi bəstəkar onun müasir musiqiyə həvəsini görür və bu yolda hər zaman dəstək olur.
– 2007-ci ildə Firəngiz Əlizadə UNESCO-nun “Sülh
artisti” (“Artist for Peace”) fəxri
adına layiq görülüb. Respublikanın Xalq artisti, AMEA-nın müxbir üzvü,
professor, “Şöhrət” və “Şərəf” ordenləri, habelə müxtəlif respublika və beynəlxalq təşkilatlar tərəfindən
təqdim edilmiş mükafat və medallar – bütün bunlar bəstəkarın çoxşaxəli fəaliyyətinə
verilən yüksək
qiymətin bariz nümunələridir. Amma
Bakı Musiqi Akademiyasının 100 illik
yubiley tədbirlərində
bu titullara sahib məzunun iştirakı sezilmədi nədənsə…
– Bu sualı həmin silsilə tədbirlərin
təşkilatçılarına ünvanlamaq yaxşı olardı. Çox yaxşı olardı ki, BMA-nın xaricdəki yubiley tədbirlərində bizim
Azərbaycan bəstəkarlarının
əsərləri, BMA məzunlarının
əsərləri səslənərdi.
Yəni biz dünyanı
yalnız öz mədəniyyətimizlə təəccübləndirə
bilərik...
Türkiyə və Almaniya yolu
Yuxarıda qeyd etdiyimiz kimi, 1990-cı illərin əvvəllərində onun
həyatının Türkiyə
səhifəsi başlayır. Mersin Opera və Balet Teatrının
açılışı münasibətilə Türkiyənin
Mədəniyyət Nazirliyi
Firəngiz xanıma balet yazmağı sifariş edir və ona birgə
əməkdaşlıq üçün
hazır müqavilə
yollayır. 1993-cü ildə N.Cüməlinin qələmə aldığı
“Boş beşik” poemasının motivləri
əsasında yazdığı
ikipərdəli baletin
ilk tamaşası olur.
Bu teatrla uzun
müddət əməkdaşlıq
edən bəstəkar
Mersin Konservatoriyasının yaradılmasında yaxından
iştirak edir. Sənətkarın 50 illik yubileyində
Mersin Valiliyi tərəfindən
“Firəngiz Əlizadə
günləri” adlı
musiqi festivalı təşkil olunur.
Türkiyədən sonra Almaniyadan iş təklifi alan
Firəngiz Əlizadə
12 il yaradıcılığını
Berlin şəhəri ilə
bağlayır. Almaniya İncəsənət
Akademiyasında onun üçün hər cür şərait yaradılır.
Söhbətimiz zamanı deyir ki, Almaniyadakı ustad dərsləri bu gün də
davam edir. O, həmçinin
Sankt-Peterburqda keçirilən
Andrey Petrov adına bəstəkarların
beynəlxalq müsabiqəsinin
münsiflər heyətinə
sədrlik edir, eyni zamanda Beynəlxalq
Ağa Xan Fondunun (“Aga Khan Foundation”) ekspertidir.
Dəfələrlə fonddan
iş təklifi alsa da, dəyərləndirməyib.
Yəqin ki, yaxın gələcəkdə
bu təkliflə bağlı qərar verəcək...
Ağa Xan Fondu Portuqaliya
və Böyük Britaniya vətəndaşı
olan Şah Kərim Hüseyn (Ağa
Xan) tərəfindən
təsis edilib. Fondun 20-dək
ölkədə nümayəndəliyi
fəaliyyət göstərir.
Fond Firəngiz Əlizadə yaradıcılığını
Şərq incəsənətinin
mənəvi zənginliyi
və yüksək intellektualizminin cəlbedici
qüvvəsi kimi xarakterizə edir. 2019-cu
ildə fondun rəhbəri 20-25 əsər
dinləyir və “Nasimi Passion”un
müəllifi ilə
maraqlanır.
Firəngiz Əlizadə və
əsər haqqında
ona məlumat verilir. Ağa Xan deyir mən çoxdan gözləyirdim ki, müsəlman dünyasında
belə bir əsər ortaya gəlsin. Bu səbəbdən ilk dəfə
fond tərəfindən bəstəkarlıq
nominasiyası təsis
edilir və Firəngiz xanım “Aga
Khan Music Award – 2019” (creation) beynəlxalq musiqi mükafatına layiq görülür.
Mükafat bəstəkara Portuqaliya
Prezidenti Marselo Rebelo, fondun prezidenti Ağa Xan tərəfindən Lissabonda keçirilən təntənəli mərasimdə
təqdim olunub.
Bu gün Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi çalışır ki, bu sahədə həm yaşlı, həm də gənc bəstəkarlar diqqətdən kənarda qalmasın. O, hələ 1979-cu ildə, gənc ikən ilk dəfə müəllimi Qara Qarayev tərəfindən namizədliyi irəli sürülərək ittifaqa katib seçilmişdi. Həmin dövrlərdə baş verən bəzi hadisələri də Firəngiz xanım bir az acı, bir az kövrək, bir qədər də özünəməxsus gülüşlə yada salır. Gənc bəstəkara qarşı o zamankı haqsızlıqlara incəqəlbli bir qadının tab gətirməsinin möhtəşəm sonluğunun bu gün şahidi oluruq. Xaricdəki konsertlərinə dəvət edilən həmkarlarının ona qarşı münasibəti, özünəməxsus “müsbət” təbrikləri onu bu yolda daha da mətin edib, irəliləməyə, böyük nailiyyətlər qazanmasına yol açıb. Rəhbərlik etdiyi qurumda gənclərə öz köməyini əsirgəməyən yubilyar plenum, konfrans və festivalların keçirilməsini ənənəyə çevirə bilib.
Söhbətimiz əsnasında Firəngiz xanım “Şuşa İli”ndə görüləcək işlərdən də söz açır. Deyir ki, Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarların şanlı Zəfərimizə həsr etdikləri əsərlərin müsabiqəsini təşkil etdik. Altı əsər seçilərək Mədəniyyət Nazirliyinə təqdim olunub: “Amma hələ də bu əsərlər səsləndirilməyib. Düzü, bizim simfonik orkestrimiz olmadığı üçün bu əsərləri səsləndirmək imkanımız yoxdur. Biz bacardığımız qədər layihə və tədbirlər reallaşdırmağa çalışırıq...”.
Sonda isə diqqətə çatdırmaq istərdik ki, dünya şöhrətli bəstəkarımızın yubileyi təntənə ilə qeyd ediləcək. İyun ayında müxtəlif konsert salonlarında yubileyə həsr olunmuş musiqi festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək. Musiqisevərləri bəstəkarın kamera və simfonik əsərləri, haqqında yazılan kitablar və bu günə kimi buraxılan kompakt disklərin təqdimatı, simfonik orkestr üçün “Nizami fəzası” əsərinin Bakı təqdimatı gözləyir. Bu tədbirlərə qatılanlar Firəngiz Əlizadənin füsunkar musiqisi ilə yanaşı, onun Azərbaycan bəstəkarlıq məktəbi üçün yazdığı yeni bir tarixin səhifəsini də vərəqləmiş olacaqlar...
Biz də “Mədəniyyət” qəzetinin kollektivi olaraq görkəmli bəstəkarımızı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 25 may.-
S.5.