Muzeydə Müstəqillik Günü
Mayın 26-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May – Müstəqillik Günü qeyd edildi. Çıxışlardan əvvəl Müstəqillik Gününə həsr edilən videoçarx nümayiş edildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika qurmasının tarixi əhəmiyyətindən danışdı.
Muzeyin böyük elmi işçisi Aynur Müfidzadə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyətimiz” mövzusunda çıxış etdi.
Sonra musiqi proqramı təqdim edildi. Muzeyin Qədim musiqi alətləri ansamblının müşayiəti ilə solistlər – Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Emin Sabitoğlunun “Azərbaycan”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”, “Əlində sazın qurbanı” xalq mahnısı, Cəfər Cabbarlının “Türk marşı”, “Bayatı-Şiraz” təsnifi və “Rast” rəngi ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 27 may.- S.2.