Diplomunu şəhid olandan sonra gətirdilər...”

 

 

Vətən müharibəsində əsir yurd yerlərimizin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. 19 yaşında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biriMəhəmməd Kərimlini tanıyaq.

 

Məhəmməd Məzahim oğlu Kərimli 2000-ci il dekabrın 16-da Neftçala rayonunda anadan olub. İlk təhsilini Neftçala rayon Elton Həbibov adına 4 saylı tam orta məktəbində alıb. Məhəmməd uşaqlıqdan idmanın bir sıra növlərinə maraq göstərib. O, şahmat, güləş, boks basketbol ilə məşğul olub. 2016-cı ildə Bakı Qida Sənaye Kollecinin Ət süd məhsullarının texnologiyası fakültəsinə qəbul olunur. 2020-ci ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) seçilərək xidmətini kəşfiyyatçı kimi davam etdirir.

 

2020-ci ilin 27 sentyabrı – Azərbaycan tarixinin yeni, şanlı səhifəsinin yazıldığı gün. Məhəmməd də müharibənin ilk anlarında düşməni cəzalandırmaq üçün, ana yurdun azadlığı uğrunda döyüşlərə qatılır. O, Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ uğrunda döyüşlərdə öz şücaəti ilə seçilir. Məhəmməd sentyabrın 30-da Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur.

 

Şəhidin anası Gülşən Kərimova deyir ki, Məhəmməd müharibəyə getməsi barədə ailəsinə xəbər verməyib: “Həyatı boyunca ailəsinin ona görə narahat olmasını istəməzdi. Biz ancaq şəhidlik xəbəri gələndə onun müharibədə iştirak etdiyini öyrənmişik. Məhəmməd çox zəhmətkeş oğul idi. Kollecdə oxuduğu müddətdə bizə çətinlik olmaması üçün dərsdən sonra işləyirdi. Lakin diplomunu almamış hərbi xidmətə yollandı. Məhəmməd şəhid olacağını sanki hiss edirdi. Atasına deyirdi ki, mən hərbi xidmətə gedəndə sonra gedib diplomumu götürərsən. Lakin atası MəhəmmədəSən get, sağ-salamat gəl, özün diplomunu alarsandeyirdi. Diplomunu kollec müəllimləri Məhəmməd şəhid olandan sonra gətirdilər... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Məhəmməd Kərimli 2020-ci il oktyabrın 6-da Neftçala rayon qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə ölümündən sonraAzərbaycan Bayrağıordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görəmedalları, həmçinin Azərbaycan Respublikasının Prezidenti adından müdafiə nazirinin müvafiq sərəncamı iləHərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

 

Ruhu şad olsun.

 

Nurəddin

Mədəniyyət.- 2022.- 27 may.- S.6.