I Bakı
Beynəlxalq Piano Festivalı
başa çatır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə mayın 20-də
başlayan I Bakı Beynəlxalq Piano Festivalı
çərçivəsində ötən günlərdə
sənətsevərlərə bir-birindən maraqlı konsert proqramları təqdim edilib.
Festivalın dördüncü günü
YARAT Müasir İncəsənət
Məkanının səhnəsində
Kəmalə Əlizadə
və onun italyan həyat yoldaşı, gitaraçı
Stefano Muskaritolo da tamaşaçılara xoş
anlar bəxş etdilər.
Bəstəkar və pianoçu Kəmalə Əlizadə
Azərbaycan musiqiçiləri
ilə İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, İsrail rəssamları arasında
həyata keçirilən
layihələrdə, müxtəlif
festivallarda bədii rəhbər olub.
Mayın 23-də “Landmark”da daha bir konsert almaniyalı
musiqiçi Vadim Abramovun iştirakı ilə gerçəkləşdi. Pianoçunun virtuoz ifası tamaşaçıların marağını
cəlb etdi.
Festivalın digər yaddaqalan tədbiri həmin gün yenə “Landmark”da baş tutdu. Tərlan Növrəslinin “Qarabağıma gəl” adlı kitabının təqdimat mərasimi keçirildi. Pianoçu, musiqişünas,
Əməkdar artist Nərgiz
Əliyevanın lirik musiqisinin müşayiəti
ilə təşkil edilən tədbirdə yazıçının yaradıcılıq
yolundan, özünəməxsus
üslubundan danışıldı.
Qeyd olundu ki, Tərlan
Növrəsli romantik-fəlsəfi
poemalar, romanlar, habelə elmi məqalə, dərslik və tədris-metodik vəsaitlərin müəllifidir.
Həmin gün Helge Lienin triosunun təqdim etdiyi caz konserti tamaşaçıların
könlünü oxşadı. Bu, Norveç triosunun Bakıda ilk konserti deyildi. Qrup 2018-ci ildə Bakı
Caz Festivalında da səhnəyə çıxıb. Öz unikal
üslubu və Skandinaviya ruhu ilə eyniadlı caz triosunun yaradıcısı,
görkəmli pianoçu
Helge Lien Bakı Beynəlxalq Piano Festivalının
səhnəsində öz
kollektivi ilə
Johannes Eik (bas) və
Knut Aalefjar (zərb alətləri) birlikdə
kamera musiqisinin inanılmaz meditativ atmosferini yarada bildi. Müəllifin
kompozisiyalarında Bill Evansın
klassik lirik ənənələri ilə
avanqard improvizələri
və şimal xalqlarının melanxoliyasının
etnik motiv elementlərinin tarazlığını
müşahidə etmək
olardı...
Mayın
25-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət
Kamera Orkestrinin müşayiəti ilə
(dirijor Valid Ağayev) E.Qriqin
“Fortepiano və orkestr
üçün konsert”ini
Səidə Zülfüqarova ifa etdi.
S.Zülfüqarova Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında piano müəllimi
və konsertmeyster ixtisasına yiyələnib.
Bir çox yerli müsabiqələrin qalibi
olan ifaçı Parisin IV Sorbon Universitetində musiqişünaslıq
üzrə oxuyub, həmçinin magistr dərəcəsi alıb.
Konsertdə S.Raxmaninovun “Fortepiano üçün 2 nömrəli konsert”ini isə musiqisevərlər beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Vurğun Vəkilovun ifasında dinlədilər. Bu əsər Vurğunun ifasında ikinci dəfə səslənirdi. Mütəxəssislər pianoçunun musiqi duyumunu, ayrı-ayrı səslərə, səs birləşmələrinə vurğunluğunu yüksək qiymətləndirir. Konsert boyu hər bir akkordun gözəlliyini çatdırmağa can atan ifaçı tanış mətnə yeni rəng qatırdı. Musiqi axşamında hər iki ifaçı tamaşaçılara valehedici emosiyalar bəxş edə bildilər.
Çexiyadan olan Marek Novotnı kvartetinin mayın 25-də “Landmark”da çıxışı da maraqla qarşılandı. Kvartet bu yaxınlarda Çində təşkil edilən “Çan-Şa” festivalının Qran-pri mükafatını qazanıb. Musiqi nəzəriyyəsi üzrə fəlsəfə doktoru, pianoçu M.Novotnı həm də bəstəkar və aranjimançıdır. O, ABŞ-da “Gremmi” mükafatı laureatı Cefri Holmsun rəhbərliyində caz bəstəkarlığı üzrə magistr dərəcəsi alıb. Pianoçu bir çox məşhur musiqiçi və qruplarla əməkdaşlıq edib, Böyük Britaniya, Almaniya, Norveç, Danimarka, ABŞ və Çində konsertlər verib.
Müxtəlif ölkələrdən musiqiçi və qrupların iştirak etdiyi I Bakı Beynəlxalq Piano Festivalı mayın 27-də başa çatacaq. Festivalın bədii rəhbəri Əməkdar artist Şahin Növrəslidir.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 27 may.- S.1;8.