Burdan min atlı keçdi...
Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi...” əsərinə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən ilk dəfə 2014-cü ildə səhnə həyatı verilib və premyera həmin il dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdim olunub. Ötən müddətdə kollektiv ikihissəli xronoloji tarixi dramla müxtəlif səhnələrdə çıxış edib. Tamaşaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Hidayətin əsərlərinin tamaşaçı tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəbi dramaturgiyasının həqiqi hadisələrə söykənməsi, süjet xəttinin sadəliyi və insan faktorunun zənginliyidir. Əsərdə baş verən hadisələrin birbaşa şahidi olan dramaturq erməni şovinistlərinin zaman məfhumunu dəyərləndirərək, azərbaycanlılara və bütövlükdə türklərə qarşı apardıqları iyrənc siyasi “mübarizə”sini əks etdirir. Müəllifin əsərin ilk səhifəsində qeyd etdiyi “Bu kitaba yenidən qayıtmaq məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası – 18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!) çatdırmaqdır. Olduğu kimi, mənim dərk etdiyim qədər...” fikri onun tarixi hadisələrdə hər şeyi olduğu kimi, səmimi və faktlara əsaslanaraq yanaşmasının təzahürüdür. Müəllif əsərin baş leytmotivini “Biz o yerlərə qayıdacağıq” kimi göstərməklə, bu günün çox da uzaqda olmadığını duyur və hisslərinin onu yanıltmadığına inanaraq bir daha oxucunun rəğbətini qazanır.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi Zəfərdən sonra bu tarixi dramın mövzusu, orada qoyulan məsələlər xüsusilə aktual səslənir. İrəvan teatrı 2022-ci ildə əsərə yenidən qayıdıb. Xalq artisti Firudin Məhərrəmovun yeni quruluşunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tamaşa aprelin 19-da, Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olundu.
Əsər tarix boyu dədə-baba yurdlarında yaşamış azərbaycanlıların, ermənilər tərəfindən hər sahədə sıxışdırılmasından, şərlənməsindən, çəkdikləri əziyyətlər və apardıqları cəsarətli mübarizəsindən bəhs edir. Müəllif əsər vasitəsilə Qərbi azərbaycanlıların etnik təmizlənmə siyasətinin qurbanları olduğunu, o zaman üçün mümkünsüz olan bu çətin yolda ulu öndər Heydər Əliyevin şəxsində əzmkarlıq mücəssəməsi yaradır, dahi şəxsiyyətin erməni millətçilərinə qarşı barışmaz mövqeyini göz önünə gətirir. Səhnəni bəzəyən qədim İrəvan torpaqlarının xəritəsi fonunda, hadisələrin cərəyan etdiyi illərin (1968-ci ildən günümuzə qədər) nə qədər çətin və gərgin olduğu tamaşaçıların diqqətini cəlb edir.
Tamaşa müəllifin obrazını yaradan gənc bir azərbaycanlının İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunması ilə başlayır. Onunla ilk həmsöhbət olan Ermənistan KP MK-nın katibi Robert Xaçaturyan adlı millətçi erməni dilini bilib-bilmədiyini soruşur, ona “Unutma, sənin fəaliyyətinə nəzarət olacaq” deyə xəbərdarlıq edir. Lakin nə bu cür “xəbərdarlıqlar”, nə də onun yolunda yaranan süni maneələr gənc direktoru yolundan döndərə bilmir, əksinə, daha əzmlə işləməyə ruhlandırır. Dramaturqun bu səhnədə “incə ştrix”lərlə Xaçaturyanın katibə qıza dediyi “Asmik can, türkün qəlbini elə ələ alırsan ki, nəzarətimizdən çıxmasın” cümləsi hər zaman aktuallığını qoruyur.
İlk səhnəni Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın narahatlığı və Heydər Əliyevlə telefon danışığı əvəz edir. Özünü təqdim edən Koçinyana Heydər Əliyev “Bizim ellər yerindəmi” sualını verməklə onun “kürkünə birə salır”. Koçinyan Əliyevi Ermənistana, Dilicana dəvət etsə də, o, bununla razılaşmır, Dilican qədim Azərbaycan torpağıdır, deyir və həmkarına Qazax sərhədində görüşməyi təklif edərək Səməd Vurğunun “Dilican dərəsi” şeirindən misralar deyir:
Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür
dedikləri bir karvan yolu,
Nə
canlar gedərək, nə canlar gəlir...
Dramaturq Ermənistanın birinci katibinin dili ilə
“köhnə birinci katiblə razılaşmalarımız var,
ürəyimə damıb ki, çox qəliz adamdır” ifadəsini
işlətməklə bir daha ulu öndərin bədxahlara
qarşı qətiyyətli, iradəli və sərt
mövqeyini açıqlayır.
Səhnə
arxasından dahi Üzeyir Hacıbəylinin “Arşın mal
alan” operettasından
Azərbaycan teatrı aktyorlarının ifasında
bir parça canlanır. Bu zaman kollegiya
iclası çağıran Ermənistan mədəniyyət
naziri əsəbi şəkildə erməni teatr
direktorlarını acılayır, onları dövlət
planını yerinə yetirməyərək, uğurlu qastrol
səfərləri etmədikləri üçün
günahlandırır. Direktorları Azərbaycan
teatrına baxmağa, onlardan öyrənməyə dəvət
edir. İclasda İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru teatrlarının maddi
bazasının zəif və binalarının
olmamasını nazirin diqqətinə çatdırır.
Lakin nazir səslənən telefon zənginə
cavab verərək direktorun xahişini cavabsız qoyur. Gələn
zəngdə isə yenidən “Arşın mal alan”a
bilet sifariş olunurdu.
Tamaşada ikinci əsas surət olan gənc direktor yenidən
əsassız olaraq şəhər partiya komitəsinə
çağırılır. Birinci katib onun
yazdıqlarını oxuyub “cəfəngiyat” adlandırır
və Azərbaycan şairlərinin mövqeyinin güclənməsinin
səbəbini doğru olaraq Heydər Əliyevin hakimiyyətə
gəlişində axtarır. Ədibin
şeirlərində böyük sərkərdə Babəkin
adı çəkilməsi onu hiddətləndirir. “Babək
50 min erməni öldürüb” deyərək üzr istəməsini tələb
edir. Ədib “ermənilər min ildir
qırılır, bitmir...” deyərək səhnəni
alqışlarla tərk edir.
Qazax sərhədi. Heydər Əliyev və Anton Koçinyanın
görüş səhnəsi. Koçinyan vəd
olunmuş torpaqların tezliklə Ermənistana verilməsini
xahiş edir. Ulu öndər “Bunun nə
hüquqi, nə də məntiqi əsası var” deyərək
Dilicanın da qədim Azərbaycan torpağı olduğunu
qeyd edir. Heydər Əliyev Siyasi Büronun
qərarını əsas tutan katibi daha kəskin ifadələrlə
susmağa məcbur edir. “Anton, millətçiliyin,
şovinizmin kökünü kəsməlisən! Ancaq
unutma ki, Azərbaycan öz torpaqlarından bir qarış da
heç kəsə verməyəcək!”.
Tamaşanın ikinci hissəsində baş verən
hadisələr öz kəskinliyini qoruyaraq davam edir. Erməni mayor
Şaxmazasyan hüquq-mühafizə orqanlarında
çalışan baş leytenant Lətif Nəsibov adlı gənc
bir azərbaycanlını ləkələyərək onu
rüşvətxorluqda günahlandırır. Şaxnazaryan Əliqulu adlı bir azərbaycanlının
anasına hədə-qorxu gələrək, onu Lətif Səfərova
rüşvət verdiyini yazmağı tələb edir. Lakin ana bunu etməyəcəyini qətiyyətlə
bildirir. Şöbədə baş verən
hadisələrdə yenə erməni xisləti, yenə erməni
böhtanı məğlub olur.
SSRİ tarixində dərin izlər buraxmış əsas
siyasi fiqurlardan olan Sov. İKP MK katibi Mixail Suslov ilə Anton
Koçinyanın və Heydər Əliyevin görüş səhnəsi
aktyorlar tərəfindən tamaşaçıya daha təsirli
çalarlarla təqdim olunur. Suslov
Koçinyanın Qarabağ iddiasına “məgər
Qarabağ Azərbaycan torpaqları deyil?” cavabını verərək
onu otağından qovur. Bütün
bunların əksi olaraq böyük rəğbətlə
Heydər Əliyevi qarşılayaraq onun
işgüzarlığına yüksək qiymət verir.
Heydər Əliyev gəlişinin səbəbini
sovet hakimiyyətinin qurulmasının 50 illiyi münasibətilə
hər iki xalqın iştirakı ilə Xankəndidə tədbir
keçirilməsini təklif edərək, Suslovu da həmin tədbirə
dəvət edir. Aralarında keçən söhbət
səmimi sonluqla
bitir.
Səhnədə erməni teatrının direktorunun
otağında çaxnaşma canlanır. Heydər
Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin olunduğunu eşidən erməni şovinistləri
etirazlarını “ənənəvi” üsullardan istifadə
etməklə bildirirlər. Onlar bu
“ağır xəbər”in qisası kimi “Daşnaksutyun”
partiyasının Heydər Əliyevi aradan götürməsini
və Moskvada iğtişaşlar planlayırlar. Yalan və böhtanlarla dolu məktubları təkcə
Yerevandan deyil, Bakıdan da Kremlə yollayırlar. Siyasi Büronun üzvü Yeqor Liqaçovun qəbuluna
çağırılan ulu öndər qətiyyətlə
dediklərindən dönmür, bütün söhbətlərin
Qarabağ ərazisinin qəsb etmək məqsədilə
aparıldığını qeyd edərək, ermənilərin
Qarabağa İran və Türkiyə ərazilərindən
köçürüldüyünü deyir. Əlində tutduğu Qarabağ tarixi ilə
bağlı kitabın müəllifinin də rus tarixçisi
olduğunu vurğulayır.
Artıq Ermənistanın hər yerində
iğtişaşlar, kütləvi etirazlar səngimək
bilmir. Minlərlə azərbaycanlı ailələr öz
qədim torpaqlarından qovulur, vəhşicəsinə evləri
yandırılır, özləri qətlə yetirilirdilər.
Komendant saatı tətbiq edilsə də, bu
qaniçən varlıqların ruhunda olan şeytani xislət
susmurdu. Səhnədə həmin mitinqlərin
Bakıda da eyni ahənglə olduğu canlanır. Bunu Azərbaycan Mərkəzi Komitəsinin birinci
katibi Kamran Bağırov, şöbə müdiri, nazirlər
və başqa məsul işçilər də
müşahidə edirlər. Xankəndidə
dünyaya göz açan ananın fəryadını
böyük ustalıqla oxucusuna çatdıran dramaturq mətnini
məharətlə tamaşaçıya təqdim edən
aktrisanın ifasında görmək çox təsirli səhnədir.
Kamran Bağırovun qəbulunda olan ana ona “mən 50 ildir tarix
müəllimiyəm, bura Pənahəli xanın yurdudur”, deyib sonda “Hardasan, ay Heydər
Əliyev, hardasan?” deyərək səhnəni tamaşaçıların
alqışları altında tərk edir.
Dramaturqun erməni yazıçısı ilə
görüşündə həmkarı hadisələrin daha
da pis olacağını və bundan da heç kəsə
xeyir gəlməyəcəyini vurğulayır. Ədibin hadisələri dərin
narahatlıqla izləməsi bütün tamaşa boyu diqqəti
cəlb edir:
Düşməninə
aman verən,
Burdan
min-min atlı keçdi...
Bir tərəfdə
qanlı qışı,
bir tərəfdə
güllü yazı...
Bir əlində
misri qılınc,
Bir əlində
sazı keçdi...
Səhnədə fonoqram səsi eşidilir. Heydər Əliyevin Kamran
Bağırova məsləhətləri və Qarabağ məsələsini
diqqətdə saxlamaq barədə tövsiyəsi ilə
birlikdə əzəmətli səsi eşidilir: “Azərbaycan xalqı heç vaxt
yad torpaqlara göz dikməmişdir, ancaq tarix boyu
torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar
tərəfindən işğal olunmuşdur. Xalqımız
işğal olunmuş torpaqlarımızı özünə
qaytaracaq, ərazi bütövlüyünü mütləq bərpa
edəcək...”.
Tamaşanın sonluğunu daha möhtəşəm edən
müzəffər Ali Baş Komandanın tarixi səs
yazısı olur. Zəfər müjdəsini xalqına çatdıran
Prezident İlham Əliyevin sevincli səsi səhnəni öz
ağuşuna alır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan!
Əziz Şuşa, sən azadsan!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Əsər boyu erməni şovinistlərinin
bütün pis niyyətlərini yüksək təmkini ilə,
səbirlə dəf edən Heydər Əliyev şəxsiyyəti
həmişə onların qarşısında böyük
sipər idi. Bir çox məqamlarda məhz bu dahi şəxsiyyətin
onların ürəyində kök saldığı qorxu
toxumu düşmənin məkrli planlarını alt-üst
edirdi. Ulu öndər obrazını
canlandıran Əməkdar mədəniyyət işçisi
İftixar Piriyev bunun necə məsuliyyətli bir vəzifə
olduğunu, bu baxımdan obrazın bütün incəliklərinə
(səs oxşarlığı, duruşu, hərəkətləri,
addımları, səlis danışığı,
gülüşü, baxışı) dərindən yiyələndiyini
məharətlə təqdim edir.
Ümumilikdə
tamaşada rol alan aktyorların oyunu,
tamaşanın hər bir epizodu onların dramaturqa və sənətlərinə
olan sevgisinin təcəssümüdür. Əsas rolları
canlandıran Natiq Həziyev, Nazir Rüstəmov, Məzahir
Süleymanov, Əmrulla Nurullayev, Bəhruz Hikmətoğlu, Səmayə
Nəbiyeva, eləcə də ədəbi hissə müdirindən
texniki heyətədək hər kəsə təşəkkür
edərək yeni tamaşalar görmək arzusu ilə “var
olun”, deyirəm.
Son olaraq
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının yaradıcı
ömrünün 140 illiyi münasibətilə kollektivi təbrik
edir, yeni nailiyyətlər arzulayıram.
Əsmər Hüseynova
Nizami adına Ədəbiyyat İnstitutunun elmi
işçisi
Mədəniyyət.-
2022.- 27 may.- S.7.