Fuad Əbdürrəhmanovun
“Monumental həyat”ı
“O, Azərbaycan
heykəlinin “oxu”nu elə atdı ki, uca zirvələrə
çatdı...”
Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanova (1915-1971) həsr olunmuş
“Monumental həyat” adlı
sənədli film çəkilib. Mayın 25-də Nizami Kino Mərkəzində
filmin təqdimatı keçirildi.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları, tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
digər qonaqlar iştirak edirdi. Tədbir iştirakçıları
öncə mərkəzin
foyesində heykəltəraşa
həsr olunmuş sərgiyə baxdılar.
Filmin prodüseri Nicat Məmmədov jurnalistlərə
açıqlamasında bildirdi
ki, ekran işinin çəkilişləri
Mədəniyyət Nazirliyi,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının təşkilatçılığı
və “Havissos” MMC-nin dəstəyi ilə aparılıb. Çəkilişlər Bakı,
Gəncə, Şəki,
Sankt-Peterburq, Moskva, Düşənbə və
Brüsseldə gerçəkləşib.
Filmdə Azərbaycan Dövlət
Arxiv İdarəsi, Azərbaycan Televiziyası
və Dövlət
Film Fondunun arxiv materiallarından, həmçinin
sənətkarın şəhərdəki
heykəllərinin dron
çəkilişlərindən istifadə olunub.
Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov Fuad Əbdürrəhmanovu qeyri-adi
sənətkar kimi xarakterizə etdi: “Onun sənəti təkcə Azərbaycanda
deyil, xarici ölkələrdə də
tanınır. Fuad Əbdürrəhmanovun
yaradıcılığı təkrarolunmazdır. Mən xoşbəxtəm
ki, onunla uzun illər bir yerdə olmuşam”.
Xalq rəssamı
bildirdi ki, görkəmli ədəbiyyat
və incəsənət
xadimlərinin, sərkərdələrin,
qəhrəmanların paytaxtımızı
bəzəyən heykəlləri
F.Əbdürrəhmanov yaradıcılığının
məhsuludur. Tişə ustasının monumental heykəltəraşlıq
abidələrinə Bakıda
Nizami Gəncəvi, Səməd Vurğun və Sovet İttifaq
Qəhrəmanı Mehdi
Hüseynzadənin, Düşənbədə
Rudəkinin, Buxarada İbn Sinanın ucaldılmış abidələrini
misal göstərmək
olar.
Mərasimdə çıxış edən millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynov bildirdi ki, bundan 100 il əvvəl Azərbaycanın mədəniyyət
həyatında son dərəcə
əhəmiyyətli bir
hadisə baş verib: “1922-ci il aprelin 28-də indiki Sabir bağında görkəmli şairin
ilk heykəli ucaldılıb.
1922-ci ildə Azərbaycanın ilk şair
heykəli ucalan vaxtda ölkəmizin sabahkı ən birinci heykəltəraşı
Fuad Əbdürrəhmanovun
cəmi 7 yaşı vardı. Fuad Əbdürrəhmanovun Azərbaycan tarixindəki ən böyük xidməti ondan ibarətdir ki, bu cavan sənəti
dünya səviyyəsinə
qaldırmağı bacardı.
Bu onun Azərbaycan
tarixinə, millətinə
müstəsna bir hədiyyəsidir”.
Rafael Hüseynov dedi ki, 1934-cü ildə, 19 yaşı olanda Fuad Əbdürrəhmanov
ilk müstəqil işini,
böyük heykəlini
yaradıb: “O heykəlin
adı “Oxatan”dır. Süjeti “Şahnamə”dən alıb.
Çünki 1934-cü ildə görkəmli İran şairi Ə.Firdovsinin
1000 illiyi idi. Bu heykəlin Fuad
Əbdürrəhmanovun sonrakı
taleyində silinməz
izi var. Sənətkar
bu heykəllə, əslində, öz obrazını yaradıb.
O, Azərbaycan heykəlinin
“oxu”nu elə atdı ki, bu
“ox” uçduqca uçdu
və uca zirvələrə çatdı...”.
Daha sonra
“Monumental həyat” sənədli
filmi nümayiş etdirildi.
Nümayişdən sonra çıxış edən filmin layihə rəhbəri, millət vəkili Cavanşir Feyziyev vurğuladı ki, Fuad Əbdürrəhmanov yaradıcılığının dərinliyini bu sənəti seçmiş gənc heykəltəraşlar araşdıracaq, onun sənətkarlığının böyüklüyünü, möhtəşəmliyini bir daha sübut edəcəklər.
Sənətkarın nəticəsi Dərya Əbdürrəhmanova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonda çıxış edən filmin baş prodüseri, gənc heykəltəraş Namiq Hüseynov tədbir iştirakçılarına minnətdarlıq etdi.
Qeyd edək ki, filmin layihə rəhbəri Cavanşir Feyziyev, baş prodüseri Namiq Hüseynov, rejissoru Samir Kərimoğlu, montajçısı Zaur Xalisoğlu, art direktoru isə İqbal Məmmədəliyevdir.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 27 may.- S.1;2.