Bir qrup mədəniyyət
və incəsənət xadiminə dövlət təltifləri
təqdim edilib
Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olundu.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən yaradıcı şəxslərə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi vurğuladı.
Nazir daha sonra dedi: “Mədəniyyət ölkənin ən vacib sahələrindən biridir. Biz mədəniyyəti çox geniş məfhum kimi görürük. Yanaşamamız ondan ibarətdir ki, cəmiyyətimizin inkişafında, yeni nəsillərin düzgün tərbiyə edilməsində mədəniyyətin rolu artırılmalıdır. Mədəniyyət həm də dövlətçiliyimizin rəmzlərindən biridir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu sahədə çalışan hər bir insan öz peşəsi ilə çox vacib missiyanı yerinə yetirir. Hər birinizin öz sahəsində mədəniyyətimizin zənginləşdirilməsi, cəmiyyətin inkişafı və gənc nəslin milli ruhda tərbiyəsində böyük rolu var. Cəmiyyət həm də mədəniyyətlə möhkəm və güclü ola bilər. Onu güclü edən bu sahənin görkəmli simalarıdır”.
Anar Kərimov qeyd etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməsi, ərazi bütövlüyümüzün bərpası ölkəmizdə yeni reallıqlar yaradıb. Bu bütövləşmə eyni zamanda mədəniyyətimizi də əhatə edir. Vətən müharibəsi sona çatsa da, informasiya savaşımız davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik. Biz müharibə dövründə bir yumruq kimi cənab Prezidentin ətrafında birləşib Ordumuza dəstək olmuşduqsa, bundan sonra da bu missiyanı şərəflə davam etdirməli, əldə etdiyimiz Zəfərin yaratdığı əhval-ruhiyyəni əsərlərimiz, fəaliyyətimizlə möhkəmləndirməliyik. Bu Zəfər ruhunun zəifləməsinə imkan verməyək. İşğaldan azad olunan ərazilərimizi yenidən qurmaq, bərpa etmək, mədəniyyətimizi, kimliyimizi, ruhumuzu həmin torpaqlara qaytarmaq üçün birgə çalışmalıyıq”.
Nazir çıxışının sonunda mədəniyyət və incəsənət xadimlərini dövlət təltifləri və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.
1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sənətinə və fəaliyyətinə göstərdikləri diqqətə görə təşəkkür etdi. O, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük müharibədə qazandığımız Zəfərin əhəmiyyətini qeyd edərək mədəniyyət xadimlərinin, o cümlədən Rəssamlar İttifaqının da həmrəy olaraq haqq səsimizin beynəlxalq sənət aləminə çatdırılmasına çalışdığını dedi.
Daha sonra mükafatlar sahiblərinə
təqdim edildi. Prezident
İlham Əliyevin müvafiq sərəncamları
ilə təltif olunmuş şəxslərə
1-ci dərəcəli “Əmək”
ordeni, 3-cü dərəcəli
“Əmək” ordeni, “Əməkdar mədəniyyət
işçisi”, “Tərəqqi”
medalı, “Əməkdar
artist”, “Əməkdar rəssam”
fəxri adlarının
nişanı və vəsiqələri təqdim
olundu.
Lalə
Mədəniyyət.- 2022.- 27 may.- S.3.