ADA Universitetində
“İtalyan dizayn günü”
Mayın
24-də ADA Universitetində İtaliyanın Azərbaycandakı
Səfirliyi, İtaliya
Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı
ilə “İtalyan dizayn günü” mövzusunda tədbir və sərgi keçirilib.
Universitetin rektoru, səfir Hafiz Paşayev və İtaliyanın ölkəmizdəki
səfiri Klaudio Taffuri qonaqları salamlayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı mühüm razılaşmaların əldə edildiyini deyən rektor ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin gələcək fəaliyyətindən bəhs edib. Bildirilib ki, sözügedən universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub və bu əməkdaşlıq Azərbaycanda italyan dizayn ənənəsinin daha da geniş yayılmasına fayda verəcək.
Səfir Klaudio Taffuri vurğulayıb ki, İtaliya zəngin mədəni keçmişindən yararlanaraq dizaynın gələcək istiqamətinin formalaşmasına töhfə verir.
Tanınmış italyan memar Mikel de Lucci dizaynın gələcəyi, konseptual vizyonu barədə məlumat verib, şəhərsalmada “Earth Stations” yanaşması ilə bağlı təqdimat edib. “Maire Tecnimont S.p.A.” şirkətinin vitse-prezidenti Cianni Bardazzi “Davamlı gələcək üçün dizayn və yeni texnologiyalar” mövzusunda təqdimatla çıxış edib.
ADA Universitetinin prorektoru, universitetin nəzdində İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, energetika nazirinin müavini Elnur Soltanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.
Anar Quliyev işğaldan azad edilmiş ərazilərin Ümumi planı üzərində işlərin yekunlaşdığını, onun əsasında hazırda şəhərlər üzrə Baş planların, müfəssəl planların müxtəlif hazırlıq mərhələlərində olduğunu bildirib. O, aparılan bərpa-quruculuq prosesində ən qabaqcıl texnologiya və müasir təcrübənin tətbiq edildiyini, tarixi-mədəni irsin qorunmasında İtaliya şirkətlərindən gələn təkliflərin də yüksək qiymətləndirildiyini və bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Tədbir italyan şirkətlərinin dizayn etdiyi layihələrin nümayişi ilə başa çatıb.
Mədəniyyət.- 2022.- 27 may.- S.5.