“Ana, şəhid olmaq nə gözəl imiş...”
General Polad Həşimovun
dəfnindən evə qayıdan Fərhad Babayev
belə demişdi...
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında məlumat verməyə davam edirik. Bu yazıda əsir torpaqlarımızı düşməndən qurtarmaq üçün cəbhəyə könüllü gedənlərdən şəhid əsgər Fərhad Babayevi yada salacağıq.
Fərhad Məhərrəm oğlu Babayev 1992-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. 1998-2010-cu illərdə Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə təhsil alıb. Sonra Qazax rayonunda N saylı hərbi hissədə xidmətdə olub.
2020-ci ilin Vətən müharibəsi başlayandan bir gün sonra könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Xocavənd və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fərhad oktyabrın 24-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub, Siyəzən şəhər qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Şəhidin anası Səmayə Babayeva Fərhadın hələ Milli Qəhrəman, general-mayor
Polad Həşimovun dəfnindəki (15 iyul 2020) izdihamı görüb
özünə şəhidlik arzuladığını deyir: “Fərhad şəhid olana
qədər mən bilmirdim ki, orduya könüllü
yazılıb. Elə bilirdim ki, hərbi komissarlıq
çağırıb. Fərhad Polad Həşimov
şəhid olanda yoldaşları ilə
birgə onun dəfn mərasiminə getmişdi. Evə gələndə dedi ki, ana,
şəhid olmaq nə gözəl şey imiş. İnşallah, şəhidlik bizə də
qismət olar. İnsan
nəyi içdən arzulayırsa, ona da nail olur.
Fərhad müharibəyə gedəndə ona
çox yalvardım ki,
bala, bəlkə getməyəsən. O, isə
dedi, “Ana, mən getməyim, o getməsin, bəs kim getsin?!”.
Fərhadın yaxşı səsi
olduğunu vurğulayan
Səmayə xanım
zaman-zaman oğluna musiqi yarışmalarına
qatılmasını da
məsləhət gördüyünü
söyləyir: “Fərhad
“Qaragilə” xalq mahnısını çox
sevirdi. Hər dəfə onun məzarını ziyarət
edəndə həmin
mahnını qəbri
üstə oxuyuram: “Gəlmişəm otağına,
Qaragilə, oyadam səni...”. Amma
nə qədər haraylayıramsa, balam oyanmır...”.
Şəhidin qardaşı Zamiq
Babayev Fərhadla qürur duyduğunu bildirir: “Fərhadı özüm müharibəyə
yola saldım, öz əlimlə də nəşini gətirdim. Bir qardaş kimi
mənə çox ağırdır. Üzündə qəribə bir təbəssüm vardı.
Sanki ölümün üzünə gülür,
arzuladığı şəhadətə
yüksəldiyi üçün
özünü xoşbəxt
hiss edirdi. Əslində, şəhidlərin içində
qardaşımı axtaranda
hamısının üzündə
təbəssüm gördüm.
Elə bil gülə-gülə
yatmışdılar, şəhidliklə
bərabər nur gəlmişdi üzlərinə.
Vaxt var idi ki,
Fərhadı görənlər
“Zamiqin qardaşıdır”
deyirdilər. İndi mənə
deyirlər ki, “Sən Fərhadın qardaşısan”. Mənim
üçün bundan
böyük şərəf
yoxdur”
Şəhidin bacısı Aysel Süleymanova Fərhadın ona həm də ata kimi yanaşdığını deyir: “Ailəmizin kiçiyi olsa da, Fərhadda ata qayğısı vardı. Qardaş, sözün əsl mənasında, bacıya dayaqdır. Gedişi ilə elə bir boşluq buraxıb ki, arxasında, onu heç kim doldura bilməz. Allah heç bir bacıya qardaş dağı çəkdirməsin”.
Həyat təsadüflərlə doludur və bu, bəzən acı təsadüf olur. Aysel xanım Fərhadın Vətən müharibəsinə yollanmazdan əvvəl telefonlarını, saatını çıxarıb evdə televizorun yanında qoyub getdiyini bildirir: “Anamgilə gələndə Fərhadın saatını qoluma taxdım. Fərhad şəhid olan gün, oktyabrın 24-də gördüm ki, saatı da dayanıb. Allah Fərhada və bütün şəhidlərimizə rəhmət eləsin”.
Ölkəmizin ərazi bütövlüyü Vətən üçün canını və qanını əsirgəməyən igidlərin sayəsində bərpa olundu. Bu gün yağıdan azad edilmiş ərazilərdə üçrəngli bayrağımız dalğalanırsa, biz şəhid və qazilərimizə, qəhrəman oğullarımıza minnətdarıq.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.6.