Milli təsviri sənət tarixində
Qarabağ mənzərələri
Azərbaycanın füsunkar təbiəti hər zaman sənətkarlarımız üçün ilham mənbəyi olmuş, onlara yaradıcılıq ruhu bəxş etmişdir. Orta əsr təzkirəçilərinin mətnlərində Azərbaycan torpaqları münbit, suyu və havası şəfalı olan cənnət-məkan bir ölkə kimi təsvir edilmişdir. Bu torpaqların yetişdirdiyi sənətkarlar da doğma yurdun təbiətini ədəbi əsərlərdə, musiqilərdə, rəsmlərdə tərənnüm etmişlər.
Azərbaycanın dilbər guşəsi Qarabağa sənətkarlarımız öz əsərlərində xüsusi diqqət ayırmışlar. Qarabağın başı qarlı dağları, bu dağlardan axıb gələn gur bulaqları, çayları, dərələri rəssamlar üçün əvəzedilməz rəngləri və duyğuları özündə birləşdirən təbiət lövhələri idi.
Qarabağ mənzərələrinin ilkin təsvir nümunələri XIX əsrdə yaşayıb-yaratmış istedadlı şairə, eyni zamanda rəssam Xurşidbanu Natəvana (1832-1897) aiddir. Natəvan çəkdiyi qrafik rəsmlərdə Qarabağ təbiətini də təsvir etmişdir. Bu sırada “Gül”, “Bülbül”, “Bənövşə”, “Qərənfil” və s. əsərlərin adlarını çəkmək olar. Mədəniyyət ocağı Şuşada təşəkkül tapan ədəbi-bədii cərəyanların fonunda rəssamlığın inkişafına da öz töhfələrini verən sənətkarların sırasında Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği ilə yanaşı, Xurşidbanu Natəvanın da adını çəkməliyik. Onun 1886-cı ilə aid olan “Gül dəftəri” albomunda bu qrafik rəsmləri görə bilərik.
Qarabağ təbiətini, Şuşanın əsrarəngiz gül-çiçəklərini, cəh-cəh vuran quşlarını bəy mülklərinin divarlarına həkk edən rəssamlardan biri də Usta Qəmbər Qarabaği (1830-1905) olmuşdur. Mehmandarovların Şuşadakı evində Qarabağinin çəkdiyi divar rəsmləri onun ilk işi olsa da, kompozisiyanın boyaları bu günə qədər şux, canlı qalmışdır. Bu rəsmlərdə Qarabağ təbiətini əks etdirən mənzərələrlə yanaşı, müəllifin Şəki xan sarayı üçün çəkdiyi ornament və bəzək elementlərindən də istifadə etməsi diqqətdən yayınmır. Usta Qəmbər Qarabaği Şuşada Səfi bəyin və Rüstəmovların mülklərinə də heyrətamiz divar rəsmləri həkk etmişdir. Onun əsərləri XIX əsrdə milli boyakarlığın inkişafına mühüm təkan vermişdir.
XX əsr Azərbaycan rəssamları arasında Qarabağ mövzusuna müraciət edən sənətkarlarımız çoxdur. Onlardan təbiət aşiqi Səttar Bəhlulzadəni (1909-1974) xüsusi qeyd etmək lazımdır. Azərbaycanın səfalı təbiətini, iqlimini, təbiət hadisələrini, ətəyi gül-çiçəkli dağlarını, çayları aşıb-daşan dərələrini kətan üzərində həkk edən Səttar Bəhlulzadə çəkdiyi Qarabağ mənzərələrinə özünəməxsus tərzdə yanaşmışdır. Onun Şuşada sıldırım qayaların arasında saatlarla oturaraq Cıdır düzünə, Şuşa dağlarına uzun-uzadı tamaşa etməsi Səttar Bəhlulzadə tədqiqatçılarının qeydlərində öz əksini tapmışdır.
Rəssamın bu mövzuda ilk etüdlərinə “Dağ yolu”, “Vaqifin qəbrinin yanında”, eyni zamanda daha iri ölçüyə malik “Çaxmaq meşəsi” əsərləri aiddir. Yaradıcılığının erkən dövrlərinə təsadüf edən Qarabağ mənzərələri silsilə əsərlərində realizm ənənələri duyulan rəssamın “Şuşa. Ağaclar” (1956), “Yuxarı Daşaltı”, “Dağ ətəyində”, “Şuşa. Dağlar” (1960), “Qarabağ. Cıdır düzü”, “Qarabağda yay”, “Dağları duman bürüyəndə”, “Qarabağ mənzərəsi” əsərləri öz çalarlarına və üslubuna görə bir-birindən az fərqlənsə də, Qarabağ təbiətini dolğun əks etdirən nümunələrdir. Sözügedən əsərlərin ilk eskizlərini qrafik formada albomunda çəkən sənətkar Bakıya qayıtdıqdan sonra bu görüntüləri kətan üzərinə yağlı boya ilə həkk etmişdir. Onun göz yaddaşı o qədər iti idi ki, əsərlərin boyasını o qədər dəqiq seçirdi ki, rəsmə baxanda özünü Şuşa dağlarında oturub Cıdır düzünə tamaşa edən yerdə hiss edirsən. Bu əsərlərdə həm də Səttar Bəhlulzadə romantizminin bədii-estetik həlli də öz əksini tapmışdır. Şuşa torpağına ilk ayaq basdığı andan bu diyarın ecazkar təbiətindən riqqətə gələn rəssam tablolarda əks olunmuş ağacların yarpaqlarına, dağların ətəyindəki çiçəklərə sanki kətan üzərində canlı həyat bəxş etmişdir.
Qarabağ mənzərələrini xüsusi doğmalıqla canlandıran Nadir Əbdürrəhmanov (1925-2008) Laçında dünyaya gəlmişdir. Uşaqlıq illərini Laçında, füsunkar Qarabağda keçirən rəssam doğma yurdunun təsvirlərini böyük məharətlə kətan üzərinə köçürmüşdür. Onun “Dağlarda alaqaranlıq”, “Laçın. Minkənd”, “Zəngilanın üzüm bağları”, “Qaragöl gölündə”, “Qış mənzərəsi”, “Qarabağ xalçaları”, “Turşsu” əsərləri bədii-estetik üslubuna görə təsviri sənət tarixində özünəməxsus yer tutmuş, sərgilərdə böyük marağa səbəb olmuşdur. Nadir Əbdürrəhmanov 1985-ci ildə Qarabağ insanlarına ithaf etdiyi əsərlərinə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Qarabağın füsunkar təbiətinə boyalarla həyat verən təsviri sənət ustalarımızdan biri də Mikayıl Abdullayev (1921-2002) olmuşdur. O, Azərbaycan rəngkarlıq sənətində öz realizmi ilə seçilən, çəkdiyi rəsmlərlə təsviri sənət tariximizə millilik, bədiilik gətirən rəssamlardan biridir. Mənzərələri və insan səhnələrini olduğu kimi təsvir edən sənətkarın əsərləri olduqca real və ifadəli hesab olunur. Mikayıl Abdullayevin Qarabağ mənzərələrinə müraciət etməsi onun ecazkar təbiət səhnələrinin vurğunu olması, onları mübaliğəsiz, fantaziyasız təsvir etmək istəyi ilə bağlı olmuşdur. Rəssamın “Axşam tablosu”, “Qarabağlı qızlar”, “Cıdır düzü”, “Topxana meşəsi” əsərləri Qarabağ təbiətini, insanlarını, məişətini əks etdirir.
Mənzərə janrı bütün dövrlər üçün aktual olan və hər bir sənətkarın müraciət edəcəyi bir janrdır. Qarabağ mövzusunda çəkilən təbiət mənzərələri eyni məkanları, eyni fəsilləri əks etdirsə də, onları çəkən rəssamların keçirdikləri hiss və duyğulardan asılı olaraq mənzərələrin rəngli və ya rəngsiz, realist və ya romantik üslubda işlənməsi izləyicilərdə heyranlıq doğurur. Qarabağın heyrətamiz təbiəti sənətkarları məst etdiyi kimi, bu tabloları izləyənlərə də zəngin sənət zövqü bəxş edir...
Elminə Həsənova
Azərbaycan
Dövlət Rəsm
Qalereyasının kiçik elmi işçisi
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.7.