Salyanlı Şirin
Görkəmli tarzən “Leyli
və Məcnun”un ilk tamaşasında ifa etmişdi
Azərbaycan tar ifaçılığında ad-san qazanan sənətkarlar təkcə bu alətin deyil, həm də bütövlükdə milli musiqinin, muğamın inkişafına töhfə vermiş sayılırlar. Bu mənada görkəmli tarzən Şirin Axundovun da adı XX əsrin birinci yarısında klassik musiqimizin təbliğatçıları arasında hörmətlə çəkilir. Bir sıra ustad xanəndələri məharətlə müşayiət edən tarzən eyni zamanda teatr tamaşalarında da musiqilər səsləndirib.
Şirin Məşədi Hüseyn oğlu Axundov 1878-ci ildə Salyanda dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə maraq göstərir. Bir neçə alətdə ifa etməyə səy göstərir; qarmon, saz, nəhayət, 15-16 yaşlarında tar çalmağı öyrənir.
Araşdırmalarda qeyd edilir ki, qatı dindar olan atası Şirinin musiqiyə meyil etməsi ilə barışa bilmir. Hətta bir gün oğlunun əlindən tarı alıb “Şeytan əməlidir” deyə ağaca çırpıb sındırır... Deyilənə görə, ata ilə oğul arasında inciklik baş verdiyi gün görkəmli xanəndə Cabbar Qaryağdıoğlu öz dəstəsi ilə Salyana toy məclisinə gəlir. Məclis başa çatdıqdan sonra şəhərin musiqi həvəskarları Cabbardan xahiş edirlər ki, Şirinin tar çalmasına qulaq assın. O, musiqi həvəskarlarının xahişini eşidir və Şirinin tar çalmasına razılıq verir. Şirinin ifası sənətkara xoş gəlir. Muğam ustadı ona Bakıya gəlib tarzənlik sənətini davam etdirməyi məsləhət görür.
Görkəmli sənətkarın məsləhəti gənc tarzənin sənətə həvəsini birə-beş artırır. Günlərin bir günü anası Zərəfşan xanımla Bakıya gəlir. Arayır-axtarıb Cabbar Qaryağdıoğlunu tapırlar. Həmin vaxt sənətkar Bakı kəndlərindən birində toy məclisində olur. O, elə həmin gün gənc tarzəni öz dəstəsinə qoşur. Şirin məclislərdə xanəndənin yanıqlı guşələrinə diqqət yetirir. Evə dönərkən həmin guşələri tarda təkrar-təkrar ifa edir...
Şirin Axundov 1901-1902-ci illərdə Bakı kəndlərində məclislərə qatılır, bakılı xanəndələrdən Məşədi Məmməd və Əli Sahibi tarda müşayiət edir. Məclislərin birində Məşədi Hüseynqulu adlı bir tacirlə tanış olur. Onun vasitəsilə Hacı Zeynalabdin Tağıyevin “Güzgülü zal”ında qurulan məclislərə gedir. 1903-cü ildə məşhur xanəndə Şəkili Ələsgərlə görüşür, aralarında dostluq münasibətləri yaranır. O zaman onların musiqiçi dəstəsi Bakıda Cabbar Qaryağdıoğlunun dəstəsindən sonra ikinci ən tanınmış kollektiv idi. Ələsgərin məlahətli səsi, Şirinin şirin təranəli barmaqları dinləyiciləri vəcdə gətirir... Onu da qeyd edək ki, Şirin müxtəlif vaxtlarda Seyid Mirbabayevi, İslam Abdullayevi, Cabbar Qaryağdıoğlunu, Bülbülü və son illərdə isə Seyid Şuşinskini tarda müşayiət edib, xalq arasında “Salyanlı Şirin” kimi geniş şöhrət qazanıb.
Şirin Axundov milli
teatrımızın inkişafında da
müəyyən xidmətlər göstərib. 1905-ci ilin dekabr ayında
Bakıda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyası tamaşaya qoyularkən Şirin və xanəndə Ələsgər
həmin tamaşanı maraqlı ifaları ilə
müşayiət ediblər. Şirin
uzun illər H.Z.Tağıyev teatrında
göstərilən tamaşaların fasilələrində tarda ifa edib.
Bir çox hallarda isə teatrın orkestri onun rəhbərliyində
konsert verib. Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” operasının ilk tamaşasında
(12 yanvar 1908-ci il) orkestrin tərkibində əsas tarçalanlardan biri də Salyanlı Şirin idi.
Musiqişünas, Əməkdar incəsənət xadimi Firidun Şuşinski mövzu ilə bağlı araşdırmasında yazır ki, 1914-cü ildə Macarıstanın “Premer-Rekord” firması Qafqaz musiqiçilərindən bir qrupunu Bakıya dəvət edir. Onların ifalarını lentə yazdırır. Şirin Axundovun ifasında “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Hasar” və “Müxalif” muğamları qrammofon valına köçürülür.
Şirin Axundov 1920-1921-ci illərdə Bakıda Şərq konservatoriyasında tar müəllimi kimi çalışıb. O, 1923-1926-cı illərdə fəhlə klublarında tar dərnəyi açır. Öz təcrübəsini həvəskar fəhlə-gənclərə öyrədir. Səhhətində problem yaransa da, musiqidən bir an belə ayrılmır. Tar ifaçılıq sənətinin inkişafı və təbliği üçün böyük səylər göstərir.
Azərbaycan musiqisinin vurğunu olan sənətkar tar alətinin daha geniş təbliğinə töhfələr verə bilərdi. Ancaq vaxtsız ölüm onun bütün planlarının üstündən qara xətt çəkir. İstedadlı sənətkar 1927-ci ildə, 49 yaşında vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 2
noyabr.- S.6.