“Əcdadların izi ilə”

 

Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi keçirilib

 

 

Muzey Mərkəzində oktyabrın 28-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisinin açılışı keçirildi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov bildirdi ki, bu gün sərgini ziyarət edən hər kəs rəssamın sənəti ilə onun duyğularını sezəcək. O, Vətəninə bağlı rəssamdır və mədəniyyət paytaxtımız Şuşaya həsr etdiyi rəsm əsərini izləyəndə bir daha onun torpağa, xalqa, milli amallara bağlılığını görə bilirik.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı rəssamın əsərlərində milli köklərə bağlılıq, xalq fəlsəfəsi və mifoloji duyğuların üstünlük təşkil etdiyini dedi.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli rəssamı sərgi münasibətilə təbrik edərək bildirdi ki, əsərlərindəki süjetkompozisiya, mifoloji obrazlar və motivlər, milli dəyərləri mənalandıran simvolika, qurama parçaları – hamısı bir yerdə Ülviyyə Həmzəyeva sənətinin fərdi özünəməxsusluğunu müəyyən edir. Rəsm əsərlərindən aydın görünür ki, Ülviyyə Həmzəyeva çoxəsrlik Azərbaycan təsviri sənətində heç bir sənətkara bənzəməyən fərqli və fərdi üsluba malik orijinal rəssamdır. Onun miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri və müasir həyat fəlsəfəsi üzərində köklənmiş fərqli sənət hadisəsidir.

Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva  müəllifin sərgiyə “Əcdadların izi ilə” adı verməsinin təsadüfi olmadığını dedi: “Bu, onun əcdadların izi ilə getdiyini sübuta yetirir. Ülviyyə Həmzəyeva sənətdə durduğu yerə əcdadların izi ilə gəlib. Onun sənəti milli kimliyə xidmət edir. Ülviyyə Həmzəyeva Naxçıvanda fəaliyyət göstərən və ənənələrimizi gələcək nəsillərə çatdıran əvəzsiz sənətkardır”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev qeyd etdi ki, Ülviyyə Həmzəyevanın əsərlərində zəngin ənənələri sezmək olar. Naxçıvan rəssamlıq məktəbi üzərində formalaşan bu ənənələr onun əsərlərində geniş əksini tapıb.

Əməkdar incəsənət xadimi Rafiq Kərimov Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun müəllifə təbrik məktubunu oxuduqdan sonra, rəssama həsr etdiyi şeiri səsləndirdi.

Çıxışlardan sonra Ülviyyə Həmzəyevanın qızı İlknurun tarda ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sonda Ülviyyə Həmzəyeva sərgiyə toplaşanlara minnətdarlığını bildirdi. Dedi ki, sərgilənən 85 əsərin hər biri müəllifinin reallığıdır: “Bu gün sərgi ilə sizləri Ülviyyə dünyası, Ülviyyə reallığı ilə tanış etmək istədim. Çox şadam ki, Bakıda belə bir sərgim nümayiş olunur”.

Sonda müəllif qonaqları sərgi ilə tanışlığa dəvət etdi.

Ülviyyə Tapdıq qızı Həmzəyeva 30 Aprel 1982-ci ildə Babək rayonunun Şəkərabad kəndində anadan olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasını bitirib və həmin universitetdə magistr təhsili də alıb. NDU-da pedaqoji fəaliyyətini davam etdirən rəssam hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.

Rəssamın əsərləri hələ tələbə ikən ABŞ, Türkiyə, Fransabaşqa ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Bir sıra ölkələrdə keçirilən sərgi, festivalsimpoziumlarda iştirak edib, mükafatlara layiq görülüb.

2001-ci ildə NDU-nun gənclik parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin müəllifi olan rəssam Naxçıvan teatrında N.Gəncəvinin “Sirlər xəzinəsi” poeması, M.MeterlinkinGöy quşpyesi, Xalq yazıçısı ElçininTeleskop” əsəri əsasında hazırlanan tamaşalara uğurlu bədii tərtibat verib.

Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının “Əməkdar rəssamı” fəxri adlarına layiq görülən rəssam Azərbaycan Rəssamlar İttifaqı və UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyası və “Yeni EraDünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.

Ülviyyə Həmzəyeva 2012-ci ildən ənənəvi keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” beynəlxalq rəsm festivalının kuratoru və təşkilatçısıdır. O, IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub, hazırda Azərbaycan Milli Məclisinin üzvüdür.

Rəssamın “Əcdadların izi ilə” adlı sərgisi noyabrın 1-də başa çatıb.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.1;5.