Fikrət Əmirov adına məktəbdə
yubiley konserti
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə məktəbin müəllimləri konsert proqramı ilə çıxış ediblər.
Baş idarədən bildirilib ki, konsertin aparıcısı, məktəbin fortepiano ixtisası üzrə müəllimi S.Cəfərzadə bəstəkarın yaradıcılığı haqqında məlumat verib.
Sonra məktəbin müxtəlif şöbələrinin müəllimləri Fikrət Əmirovun əziz xatirəsinə töhfə olaraq müxtəlif əsərlərini ifa ediblər.
Konsertdə “Şur” simfonik muğamından, “Sevil” operasından, “Min bir gecə” baletindən fraqmentlər, “Elegiya”, “Ballada”, “Prelüd” kimi instrumental əsərləri, eləcə də “Kor ərəbin mahnısı”, “Reyhan”, “Evləri var xana-xana” və digər əsərləri səsləndirilib. İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda məktəbin direktoru Adilə Yusifova
çıxış edərək konsertə görə
müəllimlərə təşəkkürünü bildirib və onların yeni
konsert proqramları ilə başqa
səhnələrdə də çıxış etmələrini
arzulayıb.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.3.