“Əhməd Baytursınoğlu və türk sivilizasiyası”

 

TÜRKSOY-un təşkilatçılığı ilə elmi konfrans keçirilib

 

İstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə görkəmli qazax ziyalısı Əhməd Baytursınoğlunun (1872-1937) anadan olmasının 150 illiyinə həsr olunmuş “Əhməd Baytursınoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib.

Türk dünyasının aydınlarından Əhməd Baytursınoğlu (Baytursınov) çağdaş qazax dilçiliyinin banisi, filoloq, pedaqoq kimi tanınıb. Millətsevər ziyalı Stalin repressiyasının qurbanı olub.

Konfransda TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının (BTA) vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstanın və türkdilli ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud , eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn türkoloqlar və alimlər də iştirak ediblər.

BTA prezidenti səlahiyyətlərini icra edən Füzuli Məcidli Əhməd Baytursınoğlunun türk dünyasının inkişafı naminə səylərindən, türk xalqlarının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması üçün apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb. Qeyd edilib ki, Əhməd Baytursınoğlu  Alaş Orda hökumətində (1917-1920) işləməklə bərabər, həm də Türk dünyasının birləşməsi ideyasını və Türküstan ideyasının yayılması üçün böyük töhfələr verib. Onun ümumtürk birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideyaları Başqırdıstandan Zəki Validi Toğanın, Azərbaycanın siyasət və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin ideyaları və fikirliləri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun, Qalımcan İbrahimovun yaxın silahdaşı olub.

TÜRKSOY-un Baş katibi Sultan Raev də çıxışında Əhməd Baytursınoğlunun Türk dünyasının birliyi üçün yazdığı, lakin həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.

Konfrans çərçivəsində BTA-nın dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursınoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dilində) kitablarının təqdimatı olub. Görkəmli ziyalının həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursınoğlu” videorçarxı da qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.8.