Nəğmə dolu poeziya
İslam Səfərli sözlərinə
ən çox mahnı bəstələnmiş
şairlərdəndir
Yazının başlığı oxucularımıza bir qədər qəribə gələ bilər. Amma haqqında söz açdığımız şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi İslam Səfərlinin poeziyasını musiqisiz, nəğməsiz təsəvvür etmək çətindir. Xalq şairi Səməd Vurğunun şeriyyət çeşməsindən su içən qələm sahibi sonralar haqlı olaraq “nəğməkar şair” ünvanını aldı...
İslam Əhməd oğlu Səfərli 12 fevral 1923-cü ildə Naxçıvanda dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərir. İlk şeiri 17 yaşında mətbuatda dərc olunur. Gənclik çağları qanlı-qadalı illərə təsadüf edir. II Dünya müharibəsi başlayanda tay-tuşları kimi o da cəbhəyə gedir. Döyüş yolu Şimali Qafqaz, Krım, Ukrayna, Baltikyanı respublikalardan keçir.
Cəbhə həyatı onu yaradıcılıqdan ayırmır. Əksinə, “Qızıl əsgər”, “Qırmızı bayraq” adlı cəbhə qəzetlərində oçerk, məqalə və şeirləri dərc olunur. Müharibə başa çatdıqdan sonra İslam Səfərli sağ-salamat doğma yurda dönür və ədəbi aləmə qayıdır.
Müharibə mövzusu İslam Səfərlinin yaradıcılığında yeni bir səhifə açır. Ədib “Öncüllər” şeirində yazır:
Bir düşündük, bir danışdıq,
Bir sıçradıq düşmən üstə.
“Ana” dedik, “Vətən” dedik
Dar ayaqda, son nəfəsdə...
Şairin tələbəlik illərində
yazdığı şeirlər
Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir.
Yazıçı Əlfi Qasımov
xatirələrində yazır:
“İslam Səfərlinin
tələbəlik illərində
yazdığı uğurlu
şeirlər gənclərin
böyük qayğıkeşi
Səməd Vurğunun
da diqqətini cəlb etmişdi... Üçüncü kursda oxuyurduq.
Böyük şair tələbələrə
qonaq gəlmişdi.
O, xitabət kürsüsünə
qartal kimi sinə gərib, müasir poeziyamızın
qarşısında duran
vəzifələrdən danışdı.
Səməd Vurğun nəyi
isə xatırlayıb
susdu. Ətrafa göz gəzdirdi və dedi:
– Hanı, o mənə oxşayan İslam?
İslam
cəld ayağa qalxdı və dedi:
– Buradayam, Səməd müəllim!
– Bəri gəl görüm... İslam sıxıla-sıxıla kürsüyə yaxınlaşdı.
Səməd Vurğun soruşdu:
– Yadındamı, Yazıçılar
İttifaqında ötən
“Gənclər günü”ndə
bir şeir oxudun. İndi həmin şeiri
oxuya bilərsənmi?
– Oxuya bilərəm.
Sonra “Beşik başında” şeirini oxudu...”.
Məlumdur ki, insanların sağlamlığı keşiyində
duran həkimlər haqqında maraqlı şeirlər yazılıb,
bəstəkarlar gözəl
mahnılar bəstələyiblər. O, şeirlər
sırasında İ.Səfərlinin
“Həkim qız”ı
daha ürəyəyatımlı
və maraqlıdır:
Gülərüzlü həkim qız,
Ey gözləri bənövşə,
Qapımızdan keçəndə,
Sarsılıram həmişə...
İ.Səfərlinin poeziyası hər şeydən əvvəl duyğu və düşüncələr üzərində
yaranıb. Bu, şairin
zamanında ədəbi
tənqidin də diqqətindən yayınmayıb.
Professor Əkbər Ağayev
yazır: “Vətən
də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır. Həm də incə, xəfif və gözəldir”.
Şairin yaradıcılığı özünəməxsus
boyaları, məna çalarları ilə gözəl, baxdıqca baxmaq istədiyin bir rəsmi xatırladır. Müəllif sadə sözlərlə
al-əlvan poetik lövhələr yaratmağa
nail olub.
Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir,
nə incədir.
Onu şerə çəkmək
olmaz,
O ən zərif düşüncədir!
Şair şeirləri ilə sanki Azərbaycanın poetik xəritəsini cızıb. Onun poeziya qalereyasında
Bakı və Xəzərə həsr etdiyi şeirlər xüsusilə maraq doğurur. Buna görə
də şairin “Bakı, sabahın xeyir!” şeiri oynaq ritm və
ahəngi ilə musiqisiz də sanki bir nəğmədir:
Hörükləri qaradır,
Qaşları ayparadır,
O bir aləm yaradır,
Hamı
ürəkdən deyir:
Bakı,
sabahın xeyir!
İ.Səfərli, sözün həqiqi mənasında, nəğməkar
şair olub. O, Azərbaycan
poeziyasında sözlərinə
ən çox mahnı bəstələnmiş
şairlərdən biri,
bəlkə də birincisidir. Şeirlərinin böyük əksəriyyəti
musiqiyə çox yatımlıdır. Görkəmli
bəstəkarlardan Cahangir
Cahangirov, Tofiq Quliyev, Arif Məlikov,
Səid Rüstəmov,
Şəfiqə Axundova,
Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə
və başqaları
şairin sözlərinə
mahnılar bəstələyiblər.
“Ana”, “Bakı, sabahın
xeyir!”, “Pıçıldaşın,
ləpələr”, “Dan ulduzu,
bir də mən”, “Nə vaxta qaldı”, “Ağ şanı, qara şanı”, “Şəhla gözlüm”,
“Qonaq gəl bizə” və s. mahnılar dinləyicilər
tərəfindən maraqla
qarşılanıb, bu
gün də müğənnilərin repertuarındadır.
Şairin sözlərinə bəstələnən
onlarla nəğmə,
o cümlədən C.Cahangirovun
bəstələdiyi “Ana” mahnısı
AzTV-nin “Qızıl fond”unda saxlanılır. Bu mahnı
unudulmaz müğənni
Rəşid Behbudovun ifasında könülləri
fəth edib:
Gözümün nuru, canım ana,
Böyütdün sən bizi yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat
kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi.
İ.Səfərli ədəbiyyat tariximizdə
həm də istedadlı bir dramaturq kimi anılır. Ədibin “Göz həkimi”
pyesi uzun illər teatrlarımızın
repertuarında yer alıb, televiziya tamaşası kimi lentə alınıb.
Şair tərcüməçilik fəaliyyəti
ilə də məşğul olub, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqalarının əsərlərini
dilimizə çevirib.
Çağlayan nəğmələri ilə
tutqun çöhrələrə,
qəmli könüllərə
nur saçan şairin əməyi yüksək qiymətləndirilir. 1973-cü ildə
respublikanın “Əməkdar
incəsənət xadimi”
fəxri adına
layiq görülür.
Nəğməkar şair 6 noyabr 1974-cü ildə vəfat edib. Prezident İlham Əliyevin
sərəncamı ilə
2013-cü ildə şairin
90 illiyi dövlət səviyyəsində qeyd olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.