Bir payız günü
dünyaya gəlmişdi, payızda da köçüb getdi...
Emin Sabitoğlunun
doğum günündə məzarı
ziyarət olunub
Noyabr görkəmli bəstəkar, unudulmaz melodiyalar müəllifi, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) 63 illik ömründən təqvimə olumlu və ölümlü iki günün yazıldığı aydır. O, bir payız günü dünyaya gəlmişdi, payızda da bu dünyadan köçüb getdi. Rəngarəng musiqilərində də ilin xəzan fəslinə məxsusi münasibəti, vurğunluğu hiss olunurdu...
Emin Sabitoğlu noyabrın 2-də, anadan olmasının 85-ci ildönümündə, II Fəxri xiyabandakı məzarı başında yad edildi.
Mərasimdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Teymurova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoji kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, bəstəkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdilər.
Jurnalistlərə müsahibə verən bəstəkarın qızı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd etdi ki, Emin Sabitoğlu xalqına, vətəninə bağlı insan idi: “Mən bilirəm ki, onun musiqisini sevərək dinləyənlər çoxdur. Emin Sabitoğlu cismən bizimlə olmasa da, onun yaradıcılığı xalqımız tərəfindən sevilir. Hər bir bəstəkar üçün yəqin ki, bu ən böyük qiymətdir”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Dedi ki, onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var. Vəfatından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun əsərləri əbədi yaşayacaq”.
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev
vurğulayıb ki, Emin
Sabitoğlu elə bəstəkarlardandır
ki, musiqiçilərimizin bir
neçə nəsli onun əsərlərindən
ilham alıb, daha sonra tanınıb, məşhurlaşıb:
“Mən elə bir musiqiçi
tanımıram ki, onun
repertuarında Emin Sabitoğlunun
mahnısı olmasın. Bu
mahnıların hər birinin ilk notlarını eşidəndə bilirsən
ki, bu əsərlər
Emin Sabitoğlu
dünyasının məhsuludur. Musiqili Teatr, demək olar ki, Emin müəllimin
ikinci evi olub. Biz uzun illərdən sonra istəyirik ki, Emin Sabitoğlunun “Hicran” komediyasını səhnələşdirək”.
Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova,
Gülyanaq Məmmədova,
Mələkxanım Əyyubova,
Əməkdar artist Nüşabə
Ələsgərli və
başqaları görkəmli
bəstəkarın bənzərsiz
yaradıcılığından söz açıblar.
Sonda bəstəkarın qızı,
professor Ceyran Mahmudova çıxış
edərək atasının
xatirəsinə göstərilən
ehtirama görə tədbir iştirakçılarına
təşəkkürünü bildirib.
Xatırladaq ki, Emin Sabit
Rəhman oğlu Mahmudov 2 noyabr 1937-ci ildə Bakıda anadan olub. 1954-cü ildə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına
(indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə P.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasına
Yuri Şoporinin sinfinə
keçirilib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan teatrlarının tamaşalarına musiqilər yazıb. Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də vəfat edib.
Nurəddin
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.1;5.