Ölkəmiz Özbəkistanda beynəlxalq
kitab yarmarkasında təmsil olunur
Özbəkistan paytaxtında 2-4 noyabr tarixində keçirilən III “Tashkent Book Fest” Beynəlxalq Kitab Yarmarkasında Azərbaycan da iştirak edir. Yarmarkada ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
“UzExpo Center” Sərgi Mərkəzində qurulan Azərbaycan stendi ölkəmizin milli mədəniyyətinə dair elementlərlə, suvenir, xalçalar, posterlər, bayraqlarımızla bəzədilib. Stenddə AMM-nin layihəsi ilə işıq üzü görən Azərbaycan və özbək dillərində nəşrlər təqdim edilir. Burada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş təcavüzü, işğalçılıq siyasətinə dair nəşrlər, habelə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin təbliği məqsədilə nəşr olunan kitablar sərgilənir.
Stenddə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin portretləri, onların Azərbaycan və özbək dillərinə tərcümə olunmuş “Xəmsə”ləri də yer alıb.
Yeni nəşrlərdən “Kitabi-Dədə Qorqud”, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Şah İsmayıl Xətainin əsərləri də sərgi iştirakçılarına təqdim olunur.
Qeyd edək ki, “Şuşa
İli” çərçivəsində AMM-in layihəsi ilə Xurşidbanu
Natəvanın özbək dilinə tərcümə edilərək
çap olunmuş
kitabının, habelə özbək müəllif Şuxrat Salamovun “Zəngəzur
– Türk dünyasının
qapısı” adlı nəşrin yarmarkada
tanıtımı keçiriləcək.
Mədəniyyət.- 2022.- 4
noyabr.- S.3.