“Zəfər sədası” – şanlı Qələbəmizə
sənət töhfəsi
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər sədası” adlı musiqi festivalı keçirilib. Paytaxt və bölgələrimizin bir sıra mədəniyyət ocaqlarında 5-7 noyabr tarixində gerçəkləşən festival konsertlərində zəfər soraqlı musiqilər səslənib.
“Zəfər sədası” musiqi festivalının paytaxtda əsas konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olundu.
Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri, eləcə də şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri yer almışdı.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirildi. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunan əsər ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu çilədi.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilib Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcəyik.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açdı, bu Zəfərin mədəniyyətimizə təsirindən danışdı: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.
Sonra müsabiqənin
qalibləri elan edildi.
Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici
mükafat təqdim olundu. II yerə Vətən müharibəsi
qazisi, bəstəkar Vüqar Məmmədazdə,
III yerə Elvin Quliyev
layiq görüldü.
Müsabiqənin birinci mükafatı
isə Tural Məmmədliyə təqdim
edildi.
Mükafatlandırmadan sonra konsert proqramı
davam etdi. Azərbaycan Dövlət
Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı
İmanova) və orkestr vətənpərvərlik
notlu əsərləri
böyük sevgi və coşqu ilə ifa etdilər.
Oqtay Zülfüqarovun
“Şənlən, mənim
xalqım”, “Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından “Çənlibel”
xoru səsləndikcə
bu dahilərlə yanaşı, müsabiqə
qalibləri Tural Məmmədlinin “Şuşa
fəthi”, Vüqar Məmmədzadənin “İnsan”,
Elvin Quliyevin “Qayıdış”ını
dinlədikcə musiqimizin
köklü ənənələr
üzərində davamlı
inkişaf etdiyinə şahid olduq. Gənc bəstəkarların əsərləri
xüsusi alqışa
layiq idi. Və tamaşaçılar onların
haqqını, dəyərini
öz alqışları
ilə təsdiqlədilər.
***
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən
“Zəfər sədası”
musiqi festivalı çərçivəsində daha bir konsert
proqramı noyabrın
7-də Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim edildi.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı Günay Məmmədova Vətən müharibəsində
müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qalibiyyətdən
söz açdı. Qeyd etdi
ki, Azərbaycan tarixinin şanlı səhifələrinin yazıldığı
salnamənin zəfər
tacı 8 noyabr 2020-ci ildə mədəniyyət
paytaxtımız Şuşanın
işğaldan azad edilməsi oldu.
Vurğulandı ki, Vətən müharibəsində tarixi
Zəfərin ikinci ildönümü mədəniyyət
ocaqlarında silsilə
tədbirlərlə qeyd
olunur. Dövlət Mahnı Teatrının
instrumental ansamblı da
“Zəfər sədası”
musiqi festivalı çərçivəsində bayram konserti ilə sizin görüşünüzə gəlib. Ansamblın rəhbəri tarzən
Mirxalid Salayevdir.
Sonra konsert proqramı təqdim edildi. Ansamblın solistləri
Fəxri Kazım-Nicat,
Fərhad Allahverdiyev, Aşıq Ramin, Ayşən Mehdiyeva, Anar İlhamlı, Rövşən Qəhrəmanov,
Metin və Aynur İsgəndərlinin
ifasında “Nə gözəldir”, “Azərbaycan”,
“Vətən yaxşıdır”,
“Yol verin, Turan gəlir”, “Tək ümid qalsın” , “Azərbaycan bayrağı”, “Bura vətəndir”, “Qarabağ”
və başqa mahnılar səsləndi.
Çıxışlar alqışlarla qarşılandı.
***
“Zəfər sədası”
musiqi festivalı çərçivəsində Bərdə Regional Mədəniyyət
İdarəsi (RMİ) Bərdə
rayon Mədəniyyət Mərkəzində
Azərbaycan Dövlət
Xalq Çalğı
Alətləri Orkestrinin
(bədii rəhbər
və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) “Zəfər sədası” adlı bayram konserti keçirilib.
Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Vətən müharibəsində Azərbaycan
Ordusunun qazandığı
möhtəşəm Qələbədən
söz açıb, Zəfər Günü münasibətilə təbriklərini
çatdırıb.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Əməkdar
artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Muğam Televiziya müsabiqələrinin
iştirakçıları Rəvanə Qurbanova, Səbinə Ərəbli,
Məftun Səfərli,
beynəlxalq və respublika müsabiqələrinin
qalibləri Vaqif Təhməzov, Süleyman
Süleymanov və Taleh Yahyayevin ifasında bayram ab-havalı bəstəkar
və xalq mahnıları səsləndirilib.
***
Festivalın növbəti konserti Ağdam Muğam Mərkəzində (Quzanlı
qəsəbəsi) təşkil
edilib. Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif
Həsənov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov çıxış
edərək rəşadətli
Ordumuzun 44 günlük
Vətən müharibəsində
qazandığı Zəfərdən
söz açıblar.
Bildirilib
ki, Zəfər Günü Azərbaycanının
ən əziz, qürur verən bayramlarından biridir.
Bu şanlı Qələbəni bizə
qazandıran şəhidlərimizin
xatirəsi həmişə
uca tutulacaq.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında bəstəkar və xalq mahnılarından
ibarət rəngarəng
musiqi nömrələri
təqdim olunub.
***
Zəfər soraqlı festivalın daha bir ünvanı
Sumqayıt Dövlət
Dram Teatrı olub. Tədbir iştirakçılarını
salamlayan Sumqayıt
RMİ-nin rəisi Rəşad Əliyev Zəfər Günü münasibətilə iştirakçılara
təbriklərini çatdırıb.
Vətənimizin ərazi bütövlüyü
uğrunda canlarından
keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz musiqiyə verilib.
Konsertdə Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistləri rəngarəng
musiqi nömrələri
ilə çıxış
ediblər.
***
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası da “Zəfər sədası”na qoşulub. Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbəri və dirijor – Xalq artisti Rafael Bayramov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) birgə hazırladığı bayram konserti böyük maraqla qarşılanıb.
Musiqi axşamının tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov da olub.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev və baletmeyster Sənan Cavadov rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
***
Xatırladaq ki, “Zəfər sədası” musiqi festivalı çərçivəsində noyabrın 5-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında da konsert keçirilib.
Festivalın bütün tədbirləri Zəfər Gününə və 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə sənət töhfəsi kimi yaddaşlara yazılıb.
Lalə
Savalan
Nurəddin
Mədəniyyət.- 2022.- 11
noyabr.- S.1;2.