TÜRKSOY Daimi
Şurasında dönəm koordinatorluğu
Azərbaycana keçib
“Türk
Dünyasının Mədəniyyət Paytaxtı” estafetini Şuşa davam etdirəcək
Xəbər verildiyi kimi, noyabrın 5-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısı keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov toplantıda iştirak edib.
İclasa TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri qatılıblar.
Ev sahibi – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə keçən toplantıda 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada həyata keçirilmiş layihələrə dair hesabat, növbəti ildə nəzərdə tutulan tədbirlər, 2023-2024-cü illər üzrə Türk dünyasından görkəmli şəxsiyyətlərin xatirə ili və s. mövzulara dair müzakirələr aparılıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev cari ildə görülən işlərdən, həyata keçirilmiş layihələrdən söz açıb.
İclasda çıxış edən nazir Anar Kərimov Azərbaycan Respublikası ilə TÜRKSOY arasında sıx əməkdaşlıqdan bəhs edərək, qardaş xalqların mədəni dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi, mədəni irsimizin qorunması və dünyada təbliği istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Anar Kərimov TÜRKSOY tərəfindən ənənəvi olaraq üzv ölkələrin görkəmli şəxsiyyətləri ilə bağlı xatirə illərinin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bu xüsusda 2017-ci ilin Molla Pənah Vaqif, 2018-ci ilin Qara Qarayev, 2019-cu ilin İmadəddin Nəsimi ili kimi qeyd edildiyini bildirib. Mədəniyyət naziri 2022-ci ildə elan olunmuş “Fikrət Əmirov İli” çərçivəsində təşkilata üzv ölkələrdə gerçəkləşən tədbirlərə görə təşəkkürünü bildirib.
Anar Kərimov çıxışında TÜRKSOY-un 2012-ci ildən həyata keçirilən “Mədəniyyət paytaxtı” proqramının önəmini də qeyd edib. Nazir 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursa şəhərində keçirilən tədbirləri yüksək qiymətləndirib və əmin olduğunu bildirib ki, Azərbaycanın qədim Şuşa şəhəri də 2023-cü ildə estafeti layiqincə davam etdirərək bu layihəyə yeniliklər gətirəcək, töhfələr verəcək.
Daimi Şuranın toplantısında daha sonra Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi Mədəniyyət komitəsinin sədri Roza Karibzhanova, Qırğızıstanın İnformasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Türkmənistanın mədəniyyət naziri Atagəldi Şamuradov, Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini – turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, Beynəlxalq Türk Akademiyası prezidentinin vəzifələrini icra edən Füzuli Məcidlinin çıxışları dinlənilib.
Çıxışlardan sonra Daimi Şuranın 39-cu iclasının Bəyannaməsi qəbul olunub. TÜRKSOY-un 2022-ci il üzrə fəaliyyətinə dair hesabatlar, 2023-cü ilə aid Fəaliyyət Proqramı təsdiqlənib. TÜRKSOY-un 2023-cü ildə həyata keçirəcəyi layihə və tədbirlərin dəyərləndirilməsi, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.
İclasda mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.
Həmçinin 2023-cü il tanınmış qazax bəstəkarı Temirbek Jürgenov, Qırğızıstanın Xalq artisti Baken Kıdıkeyeva, Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy, Türk dünyasının böyük alim və mütəfəkkiri Əbu Reyhan əl-Biruni (Özbəkistanın təqdimatı ilə) və Şimali Kiprin tanınmış rəssamı İsmet Vehit Güneyin xatirə ili elan edilib.
Türk dünyasında 2024-cü ilin türkmən şairi və mütəfəkkirinin xatirəsinə “Məhdimqulu Fəraqi İli” elan olunması razılaşdırılıb.
Daha sonra TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib. 40-cı iclasın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirilməsi ilə bağlı qərar verilib.
***
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasından sonra “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı: 2023” adlı fotosərginin açılışı keçirilib. Mədəniyyət naziri Anar Kərimov sərgi barədə məlumat verib. Daimi Şura toplantısının iştirakçıları və digər qonaqlar ekspozisiya ilə tanış olublar. Sərgi çərçivəsində Şuşaya həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Anar Kərimov tərəfindən Bursa valisi Yakup Canpolata Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş “Şuşa – 270” xatirə nişanı təqdim olunub.
Mədəniyyət.- 2022.- 11 noyabr.- S.1;3.