TÜRKSOY Şuşada silsilə tədbirlər keçirəcək

 

 

Mədəniyyət naziri Anar Kərimov Bursada TÜRKSOY-un Baş katibi Sultan Raevlə görüşüb.

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etməkdən məmnunluğunu bildirən Anar Kərimov Türkiyə Cümhuriyyətinin ev sahibliyi ilə iclasın yüksək səviyyədə təşkili münasibətilə Sultan Raevi təbrik edib.

Nazir eyni zamanda Sultan Raevin TÜRKSOY-un Baş katibi kimi ilk dəfə iştirak etdiyi Daimi Şuranın iclasının nəticələrini yüksək qiymətləndirdiyini, təşkilatın fəaliyyətini daima izlədiyini deyib. Türk xalqlarının mədəniyyəti, incəsənəti və ədəbiyyatının təbliği istiqamətində çox mühüm tədbirlər həyata keçirən təşkilatın fəaliyyətinə görə Baş katibə təşəkkürünü bildirən Anar Kərimov bu istiqamətdə Azərbaycanın daima dəstəyə hazır olduğunu vurğulayıb.

Nazir hazırda türk xalqları arasında birlik və oyanışın yaşandığını, fəal inteqrasiyanın getdiyini qeyd edərək bunda TÜRKSOY-un da xüsusi rolu olduğunu bildirib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçünTürk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması ilə bağlı TÜRKSOY-un dəstəyinə görə bir daha minnətdarlığını ifadə edən nazir Anar Kərimov gələn il bu çərçivədə nəzərdə tutulan bütün tədbirlərin layiqincə həyata keçirəcəyini diqqətə çatdırıb.

Baş katıb Sultan Raev görüş üçün Anar Kərimova təşəkkürünü bildirərək, Azərbaycanın təşkilata yüksək səviyyədə dəstəyini hiss etdiyininazirin sözlərinin onun üçün çox dəyərli olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin, o cümlədən Şuşanın azadlığa qovuşması ilə taclandırılan Zəfərin ümumtürk ruhumuzu oyatdığını, birliyimizi, dostluğumuzu daha da möhkəmləndirdiyini deyən Sultan Raev bunun Türk dünyasını yenidən öz gücünə inandırmağa layiq bir qələbə olduğunu qeyd edib. O, növbəti ildə Türk dünyasının Şuşada bir araya gəlməsinin əhəmiyyətinə toxunaraq, işğaldan azad edilmiş ərazilərdə törədilmiş vəhşiliklərə də bütün Türk dünyasının şahidlik etməsinin önəmini vurğulayıb.

Anar Kərimov TÜRKSOY-un daima Azərbaycanın yanında olduğunu, hazırda Şuşanın bərpası və yenidən dirçəldilməsində, azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasında türk xalqlarının öz dəstəyini əsirgəmədiyini məmnunluqla qeyd edib. Nazir növbəti ildə Şuşa şəhərində TÜRKSOY Rəssamlar Görüşü, Fotoqraflar Görüşü, Türk Dünyası Muzeylər Birliyinin toplantısı, UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı, Opera Günləri, eləcə də ənənəvi TÜRKSOY Media Mükafatının təqdimatı və digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.3.