Yağışlı şənbə günündə Arif Əzizin sənət evində

 

Yağışlı bir payız günündə Azərbaycan Dövlət Rəsm Qalereyasının kollektivi olaraq Xalq rəssamı Arif Əzizin sənət evində qonaq olduq. Sanki sərgilərdə, məqalələrdə gördüyümüz Arif Əzizdən tam fərqli olan bir insanla üz-üzəydik.

Həyətə addımımızı atdığımız andan məkanın incəsənət xadiminə məxsus olduğu hiss edilirdi.

Emalatxanaya girişdə rəssamın Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alarkən çəkdiyi rəsmlər və eləcə də yaradıcılığa başladığı ilk illər işlədiyi plakatlar yer alır. Digər otağa keçdikdə isə rəssamın emalatxanasına qonaq olan tanınmış insanların və sənət dostlarının birgə xatirə fotoları çərçivələnərək asılıb. Emalatxananın otaqları arasında kiçik həyət və həyətin mərkəzində hovuz, divarlarda balaca kiçik heykəllər və Bakı kəndlərində olduğumuzu hiss etdirən meyvə ağacları sadə insana belə ilham olacaq dərəcədə ruhunu oxşayan ab-havadadır.

Emalatxananın birinci mərtəbəsində Arif Əzizin dədə-baba yadigarları, səfər və ezamiyyətlərindən topladığı xatirə əşyaları saxlanılan “Kiçik muzeymaraq doğururdu. Bir bakılı ailəsində, nənəsinin tikmə nümunələri, babasının oymaları ilə böyümüş olan insanın məhz incəsənətə kiçik yaşlarından marağının olması təəccüblü deyil...

Artıq ikinci mərtəbədəyik. Məlumat üçün deyək ki, Arif Əziz iki dəfə – 1983 və 1987-ci illərdə Seneqalda olub və müəllifin “Seneqal maskaları”, “Oyanma”, “Dakarda məscid”, “Rəqs” və “Seneqal mənzərələri” adlı əsərləri əvvəlcə paytaxt Dakrda, sonra isə Moskva və Bakıda nümayiş etdirilib.

Rəssam yaradıcılığa başladığı vaxtlar sosrealizmin hökm sürdüyü bir dönəmə təsadüf etsə də, Arif Əziz abstraktsionizm üslubunda əsərlər yaradıb. Sənətkar sosializmin dağılmasından sonra bu əsərləri açıq şəkildə sərgiləməyə başlayıb. Rəssamın Seneqal səfərindən xatirələrini əks etdirən “Afrika triptixi” əsəri dövrünün digər müasirlərindən fərqli texnikaüslubda təsvir olunub.

Arif Əziz yaradıcılıq diapazonu geniş olan rəssamlardandır. Fırça ustası müsahibələrinin birində deyib: “Yaradıcılıq bir pilləkəndir. İrəlilədikcə geri dönmək mümkün deyil, sadəcə, daha yuxarıya doğru getməliyik. Zirvəyə çatdıqca fərqli şeyləri görürük”.

İkinci mərtəbədə bu dəfə bizi rəsm əsərləri deyil, 80 yaşlı rəssamın idman alətləri təəccübləndirir. Onun bu yaşda belə gümrahşux qamətinin sirriçözülmüş olur. Burada diqqətimizi çəkən başqa bir detal rəssamın öz müəllimlərinə olan ehtiramının nümunəsi kimi Lətif Feyzullayev, Mikayıl AbdullayevBöyükağa Mirzəzadənin fotolarının yer alması oldu. Kiçik kitabxananı xatırladan guşədə sənətkarın kitab və kataloqları ilə yanaşı, incəsənətə dair kitablar da düzülmüşdü. Rəssamın xalça üzərində həkk olunmuş əsərləri və müasir dövrdə müraciət olunmayan ekslibris (kitab nişanları) nümunələri emalatxanasını bəzəyir.

İndi biz sənətkarın əsrarəngiz işlərindən “Buzovnada pir” əsərinin maraqlı tarixçəsini öz dilindən dinləyirik. Rəssam deyir ki, yuxuda gördüyü piri təsvir etdikdən sonra vaxtilə Buzovnada məhz belə bir pirin mövcud olduğunu öyrənin. Digər bir maraqlı işi isə Türkiyədə olarkən kollektivdə olan narazılığı pero ilə işlədiyi “Əsəbi olduğum zaman çəkdiyim rəsm” adlı qrafik əsəridir.

Bizi sənət evi ilə səbirlə və həvəslə tanış edən Arif müəllim istər yaradıcılığı, istərsə də 51 illik pedaqoji fəaliyyəti ilə bağlı bütün suallarımızı səmimi cavablandırdı. Tələbələri ilə səmimi dostluq münasibəti qurmağı ilə seçilən fırça ustasının müasir rəssamların böyük bir qisminin müəllimi olduğunu dedi. Onların arasında Vüqar Əli, Mir Azər Əliyev və başqalarının adını çəkdi.

Tələbələrindən fəxrlə söz açan, hər birinin öz yaradıcılıq yolunu tapmaqda istiqamət verən və ən əsası bu yolda onlarla çiyin-çiyinə addımlayan Arif Əziz birgə “Master and maestro” adlı sərgi də keçirib, eyniadlı kataloq da çap olunub. Həmin kataloqda tələbələrinin də işləri yer alır.

Xalq rəssamı Arif Əzizlə görüşümüzün videoyazısını Azərbaycan Dövlət Rəsm Qalereyasının “Youtube” kanalından izləyə bilərsiniz.

 

Şəbnəm Əziz

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.6.