Hansı işi görürdüsə, mükəmməl edirdi...

 

Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində

 

 

Sənətkarlıq missiyası, yaradıcılığın peşəkar təqdimatı həyata fərqli baxışın təsdiqidir. Fərdi istedadını çoxşaxəli yaradıcılığında əks etdirən Xalq artisti Rafiq Əliyev də maraqlı, koloritli teatr, kino obrazlarına əsasən geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb, yoxluğunda belə unudulmayıb...

“Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan 50-yə yaxın ekran işində çalışan sənətkar çəkildiyi, çəkdiyi, səsləndirdiyi filmlərdən əlavə, bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də fəaliyyət göstərib, ömrünün sonuna qədər sənətin fövqündə durub.

Aktyor kimiBir ailəlik bağ evi” filmində debüt edən (Laborant) Rafiq Əliyevin adı çəkiləndə göz önündə xarakterik ekran qəhrəmanları (Müxbir – “Babamızın babasının babası”, Əli Terequlov – “Üzeyir ömrü”, Naçalnik – “Qəm pəncərəsi”, Psixiatr – “Əlaqə”, Rauf – “Cansıxıcı əhvalat”, Xəfiyyə – “Qara gölün cəngavərləri”, Ramiz – “Nə gözəldir bu dünya...” və s.) canlanır. Oynadığı rolların təfsirində təsdiqini tapan ekran hadisələrinin mahiyyəti düşüncələrə hakim kəsilir, rejissor ideyasını tamamlayan xarakterlərin məram və məqsədi bəyan olur. Obrazların səciyyəvi cəhətində mühitin ab-havasını çatdırmaq, hadisələrə münasibətini göstərmək böyük aktyorluq məharətidir, sənətkarlıq keyfiyyətidir.

Taleyinə yazılan ömrün (14.11.1949 – 16.4.2020) 45 ilini sənətə həsr edən, yaradıcılıqdan kənar təsəvvür etmədiyi dünyasını ömrünün 71-ci yazında dəyişən sənətkar haqqında ətraflı məlumatı ömür-gün yoldaşı Şəfəq Əliyevanın və həmkarlarının xatirələrində izləyərək xatirəsini ehtiramla yad edirik.

Sənətkar haqqında düşüncələr

Əməkdar artist Şəfəq Əliyeva: “Rafiq Füzuli rayonunun Merdinli kəndində anadan olub. 3 yaşı olanda ailəsi Bakıya köçüb. Ailədə 3-cü uşaq olan Rafiq 6 bacının bir qardaşı idi. Orta məktəbi bitirdikdən sonra Leninqradda (indiki Sankt-Peterburq) Mədəniyyət İnstitutunun Mədəni-maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. İki il orada təhsil aldıqdan sonra seçdiyi fakültəni ixtisar edildiyinə görə Bakıya qayıdıb. Az sonra hərbi xidmətə çağırılıb, 3 il xidmət edib. Tərxis olunduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olub (1974). Mən də həmin il institutun Dram, kino aktyorluğu fakültəsinə qəbul olmuşdum. Biz Rafiqlə dostluq edirdik. Bir gün o, mənə evlənmək təklif etdi və mən tərəddüd etmədən razılığımı verdim. “Amma mənə aktrisa kimi işləməyə icazə verəcəksənmi? deyə ondan soruşdum. O isə “Bəli, icazə verəcəm” dedi. Biz ikinci kursun axırında evləndik.

Yadımdadır, ikinci kursda oxuyarkən Rafiqin kurs imtahanında münsiflər heyətində görkəmli sənətkar Adil İsgəndərov da oturmuşdu. Mən arxa sıralarda oturub tamaşaya baxırdım. Adil müəllim tamaşadan sonra komissiya üzvlərinə “bu oğlan var aaa, mən ona indidən “Əməkdar artist” fəxri adını verərdim, çox istedadlıdır” dedi. Bu sözlər Rafiqin yaradıcılıq həyatında stimul oldu. O, özünə bir daha inandı.

Rafiqin sənət müəllimlərindən biri də Əməkdar artist Həsən Əbluc idi. 3-cü kursda oxuyanda Həsən Əbluc onu Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşada oynamağa, həmçinin teatrda qalıb işləməyə dəvət etdi. Rafiq həm işləyir, həm də oxuyurdu. İnstitutu bitirəndən sonra mən də təyinatımı bu teatra aldım, birlikdə işləməyə başladıq. Rafiq həmişə deyirdi ki, onun bu sənətdə söz deməyinə, parlamağına Xalq artisti Azər Paşa Nemətov səbəb olub. O, Gənc Tamaşaçılar Teatrında Rafiqlə bir sıra tamaşalar səhnələşdirmişdi. Azər Paşa müəllimin tamaşalarında Rafiq baş rolda çıxış edirdi. Sonralar Rafiq Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarında Azərbaycan və rus dillərində müxtəlif tamaşalara quruluş verdi...”.

Rafiq Əliyev haqqında xatirələrə Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbasla davam edirik: “Rafiq Azərbaycan dili ilə bərabər rus dilini də mükəmməl bilirdi. “Sürüşmə” sənədli filmimdə kadrarxası mətnləri oxuyub. Hətta filmin bəzi məqamlarında Kirovun vaxtilə dediyi sözləri personajın daxili monoloqu kimi obraza uyğun intonasiya ilə səsləndirib. Oxunuş qaydalarında özü mənə kömək edirdi.

Qiraətçi, aktyor, rejissor kimi mükəmməl sənətkar, işıqlı insan idi.

Onunla ilk dəfə “Afroditanın qolları” bədii filmində birlikdə işləmişik. Baş rolu (Cahid) canlandırırdı, aktyorluq ampluası geniş idi. Bəzən çəkiliş prosesində müəyyən gərgin anlar olurdu ki, Rafiq həmin gərginliyi çox həssaslıqla aradan qaldırırdı və “bəlkə belə oynasaq, belə etsək daha yaxşı olar” deyə təkliflərini verirdi.

Narahat adamfilminə görəHumaymükafatı ilə təltif olundum. Xalq artisti Yaşar Nuri, Rafiq Əliyev mən (hərəmiz öz işimizə görə mükafat alırdıq) bir masada əyləşmişdik. O, “həə, belə gənc adam, gör bu pilləyə necə gəlib çıxdın...” deyə gülümsəyərək məni təbrik etdi. Həmişə xoş əhval-ruhiyyə yaradırdı. Səmimi ünsiyyət qurmağı bacarırdı. Üçümüzün bir yerdə şəklimiz var. Onu əziz xatirə kimi saxlayıram”.

Şəfəq Əliyeva: “Kino çəkmək Rafiqin arzusu idi. 2015-ci ildəDərsfilminə (rejissor Cavid Təvəkküllə birgə) quruluş verdi. Uşaqlarla işləmək asan olmadığı üçün film çətinliklə ərsəyə gəldi. Nəvələrimiz kinonu sevdiklərinə görə onları da filmdə çəkdi. Amma biz onlara sənət seçimində sərbəstlik vermişik. Hansı peşəni istəsələr, onu da seçərlər.

Üç övladımız var, üçü ailəlidir. Qızım rəssamlıq, iki oğlumuz isə rejissorluq ixtisası üzrə ali təhsil alıblar. Onlar başqa sahədə çalışsalar da, qızım Ülviyyə Zərbəliyeva rəssam kimi fəaliyyət göstərir. Hətta atası ilə bir neçə tamaşada işləyib, Rafiqin quruluş verdiyi nağıl tamaşaların rəssamı olub.

Rafiqin dostları yaradıcı insanlar idi. Xalq yazıçısı Rüstəm İbrahimbəyovla, Xalq artisti Ramiz Fətəliyevlə, Əməkdar incəsənət xadimi Elçin Məmmədovla yaxın dost idi. Onun həyatında Rüstəm müəllimin böyük rolu olub. Hətta onun ssenarisi əsasındaQazaxıstanfilm”in çəkdiyiKöçərilərbədii filmində (kastinq üzrə) rejissor assistenti işləyib. Filmlərdə işləməklə yanaşıİbrusteatrında da çalışıb. Həmçinin Teatr Xadimlər İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsinə seçilmişdi, ömrünün sonuna kimi orda çalışıb...”.

Rafiq Əliyevin kinoda sonuncu roluƏlvida, Şmidt!” filmində həkim obrazıdır. Filmin rejissoru Əlisəttar Quliyevin qeydləri: “Rafiq Əliyevlə filmin çəkilişi zamanı yaxından tanış olduq. Həkim rolunda onu görürdüm deyə sınaq çəkilişi etmədən çəkdim. O, peşəkar aktyor, gözəl rejissor idi ondan istədiyimi yaxşı bilirdi. Buna görə rolunu peşəkar oynadı, tez çəkildi. Olimpiyafilmində çəkilməsi haqqında danışdıq. Təəssüflər olsun ki, ömür vəfa etmədi. Filmdə müəllimlərin şəkli olan bir lövhə var. Rafiq müəllimin xatirəsini əziz tutaraq onun portretindən filmdə istifadə etdik. Böyük potensiala malik aktyor idi. Allah ona rəhmət eləsin...”.

Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevin sözlərində aktyor peşəkarlığının rejissor üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha anlayırıq: “Mənim üçün aktyor, ilk növbədə, rejissorla tamaşaçı arasında ünsiyyət yaradan sənətçidir. Əgər aktyor, rejissorun gördüyü, yaratmaq istədiyi obrazı duyub canlandıra bilibsə, deməli, o, filmin əsas, vacib elementi kimi öz funksiyasını yerinə yetirib. Digər elementlər – təsvir, montaj, səs, musiqis. aktyorun ifasına kömək edə, onu ancaq gücləndirə bilərlər. Aktyor ünsiyyət yarada bilməyibsə, digər elementlər nə qədər təsirli olsalar belə, harmoniya alınmayacaq və rejissor məqsədinə çatmayacaq.

Mən Rafiqlə həm təsvir rejissoru, həm də quruluşçu rejissor kimi bir neçə filmdə işləmişəm, yaratdığı obrazlarla heç bir problemim olmayıb. O, sadə, istedadlı, optimist insan idi. Onunla ünsiyyətdə olanda özümü sərbəst, rahat hiss edirdim. Özgə vaxtfilminin hələ ideya mərhələsində, ssenari formalaşanda Qonşu obrazını Rafiqi nəzərdə tutub yazmışdım. O, da bunu bilirdi filmin çəkilişlərində artıq obraz formalaşmışdı. Bilirdim ki, Rafiqə arxayın ola bilərəm. O, çəkilişlərdə tərəf-müqabilinin vəziyyətini nəzərə alacaq. Elə şərait yaradacaq ki, son nəticədə əsas məqsədə nail olacağıq. Düşünürəm ki, Rafiq həyatda öz imkanlarının az miqdarını realizə etdi yarada biləcəyi tamaşaların, obrazlarınhəsrətinibizə qoyub getdi”.

Şəfəq Əliyeva: “O, hansı işi görürdüsə, mükəmməl edirdi. ADMİU- uzun illər dərs dedi. Tələbələri hazırda telekanallarda aparıcı, teatrlarda aktyor işləyirlər. Rafiq sənətinə heç vaxt xəyanət etmədi.

Onun xəstəliyini biləndə özünə heç demədik. Heydər Əliyev Fondunun dəstəyi ilə iki dəfə Türkiyəyə müalicəyə getdi. İlk gündən dedilər ki, ömrünə 8 ay qalıb, özünə bildirmədik. Son günə qədər işə getdi, yaradıcılıqla da məşğul oldu. Yaşamaq həvəsi güclü idi, incə yumor hissinə malik idi. Elə gün olmur ki, övladlarımla onu xatırlamayaq, sözlərini, cümlələrini işlətməyək. Mən tək həyat yoldaşımı yox, sənət dostumu itirdim...”.

 

Şəhla Əmirli

kinoşünas

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.7.