Şuşa şəhərinin 270 illiyi və Zəfər Günü Polşada qeyd edilib

 

Şuşa şəhərinin 270 illiyi və Zəfər Günü münasibətilə Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Polşa Milli Filarmoniyasında təntənəli konsert proqramı təşkil olunub. Konsertdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının bədii rəhbəri Əyyub Quliyevin dirijorluğu ilə “Sinfonia Varsoviaorkestrinin ifasında azərbaycanlı və polyak bəstəkarlarının əsərləri səslənib.

Tədbir çərçivəsində Polşanın məşhur səsyazma şirkəti “Orphee Classics” tərəfindən hazırlanan və konsert proqramında ifa olunan əsərlərdən ibarət CD-nin təqdimatı da keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə təşkil olunan konsert zamanı həmçinin “Arts Council Azerbaijan” təşkilatının hazırladığı “Qələbə sevinci” adlı fotosərgi açılıb.

Tədbirdə Polşa hökumətinin üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri, elm, incəsənət və biznes dairələrin təmsilçiləri, Polşanın müftisidini icmaların üzvləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova “Qafqazın konservatoriyası” kimi tanınan Şuşa şəhərinin Azərbaycan mədəniyyətində yerindən söz açıb. Azərbaycan klassik musiqisinin və operasının banisi Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi məşhur musiqiçilərin məhz Şuşada dünyaya göz açdığı bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin əsasının 270 il öncə Qarabağ xanlığının hakimi Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Komitə sədri iki ölkə arasındakı münasibətlərə nəzər salaraq onların 550 illik tarixinə toxunub, eyni zamanda 2022-ci ilin Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edib.

Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar Azərbaycan mətbəxinin təamları və şirniyyatlarının dadına da baxıblar.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.8.