Qələbəmizin mədəniyyət salnaməsi

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə noyabrın 5-də paytaxtdakı LeopoldMstislav Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi məktəbində Zəfər gününə həsr olunmuş “Qələbəmizin mədəniyyət salnaməsi” adlı ədəbi-bədii tədbir keçirilib.

Şəhid ailələri və qazilərin də iştirak etdiyi tədbirin əvvəlində Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEMİM-in direktoru Səadət Xələfbəyli çıxış edərək iştirakçıları salamlayıb.

Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, 1-ci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polis mayoru Aida Şirinova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Bakı Musiqi Akademiyasının (BMA) professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, Vətən müharibəsi qaziləri Amid Paşayev və Pərvin Şahməmmədov tədbirdə çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsinin tariximizdə şanlı yerindən söz açılıb, milli şüur və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinin mədəniyyət sahəsinin qarşısında duran vacib vəzifələrdən olduğu vurğulanıb.

Tədbir çərçivəsində MEMİM-in nəzdində fəaliyyət göstərən “Bölgə” eksperimental teatr truppası tərəfindən “Zəfər müjdəsi” adlı tamaşa təqdim olunub. Hərbçilərimizin döyüş meydanında şücaətindən bəhs edən tamaşada ədəbiyyatımızda öz əksini tapmış qəhrəman obrazlarına da müraciət edilib.

Şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Süleyman Ramaldanov, şəhid mayor Elsəvər Paşayevin qızı Nəzrin Paşayeva, şəhid pilot Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyevin iştirakı ilə davam edən bədii hissədə “Qəhrəman övladları” uşaq xoru, BMA-nın 1-ci kurs tələbəsi Aydın Əliheydər, Bakı şəhər 17 və 22 saylı musiqi məktəbləri kollektivlərinin ifasında “Xudayar təsnifi”, Tofiq Quliyevin “Qaytağı”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”, Şəmistan Əlizamanlının “Cənab leytenant”, Könül Hüseynovanın “Qəhrəman övladıyıq”, Arif Məlikovun “Azərbaycan”, “Yaşa, mənim xalqım” və digər əsərlər səslənib.

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın “Qarabağ şahzadəsi” kolleksiyasından xarıbülbül çiçəyi və Şuşa qalasının təsviri olan üç libas təqdim edilib.

Həmçinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, “Qarabağ geyimləri” kitabının müəllifi Gülzadə Abdulova tərəfindən hazırlanmış Qarabağ milli geyim nümunələri nümayiş etdirilib.

Tədbirin sonunda “Azəripək” MMC tərəfindən işlənmiş “Qarabağ” kəlağayı kolleksiyası sərgilənib, “CASA Baku” tərəfindən təqdim olunan Qarabağ kətəsinin hazırlanma prosesi isə ustad dərsi formatında iştirakçılara təqdim olunub. Eyni zamanda uşaqların əl işlərindən ibarət rəsm sərgisinə və Sabir Çopuroğlunun neftlə çəkdiyi əsərlərə baxış keçirilib.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.5.