Gənc heykəltəraşın uğura doğru addımları

 

 

Çağdaş Azərbaycan təsviri sənəti köklü ənənələrə söykənir. Bu sahədə dünya şöhrəti qazanmış neçə-neçə sənətkarımız dəyərini əbədi qoruyub saxlayacaq mədəni miras yadigar qoyublar. Sələflərin ənənələri üzərində sənətdə yeni nəsillər yetişir. Heykəltəraş Güntay Hüseynliyeni nəslin istedadlılarından biridir.

Güntay 1995-ci ildə Şabran şəhərində tanınmış rəssam Vaqif Ucatayın (1955-2020) ailəsində anadan olub. Rəssam ailəsində doğulmasına baxmayaraq, kiçik yaşlarında incəsənətə elə də maraq göstərməyib. Bakı Atatürk liseyində oxuyub, səkkizinci sinifdə hərbçi peşəsinə yiyələnmək qərarına gəlir. Amma sonra başa düşür ki, daxilində yaranan sənət sevgisi hər şeyə üstün gəlir. Beləliklə, ona maraqlı gələn və diqqətini cəlb edən sahəni – memarlığı seçir.

2011-ci ildə orta məktəbi uğurla bitirdikdən sonra atasının məsləhəti ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecinə daxil olur. Burada oxuduğu müddətdə heykəltəraşlıqla davamlı məşğul olması onu o qədər özünə bağlayır ki, artıq sənətdə yolunu tapır. Həyatını heykəltəraşlığa həsr etməyə, bir-birindən maraqlı mövzularda sənət nümunələri yaratmağa başlayır. 2015-ci ildə İncəsənət Kollecini yüksək göstəricilərlə başa vurur. Həmin il hərbi xidmətə yollanır.

2018-ci ildən təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə davam etdirir. Akademiyada təhsil aldığı dövrdə də bir çox uğurlara imza ataraq müxtəlif incəsənət layihələrində iştirak edir, diplommükafatlara layiq görülür. Xalq rəssamları Natiq Əliyev və Fuad Salayevdən, eləcə də Rəcəb Müslümov, Nurlan Məmmədov kimi müəllimlərdən heykəltəraşlıq sənətinin sirlərini öyrənir. Diplom işi kimiYaşam iradəsi” adlı əsərini yaradır. Əsərdə fiziki və ruhən çökmüş, uçurumun lap kənarında duran, amma hələ də həyata sevgi ilə baxan düşüncəli insanın yaşam iradəsindən bəhs edilir. Bu adam şüurlu olaraq anlayır ki, həyatda baş verən bütün çətinliklərə baxmayaraq, hər şeyə yenidən başlamaq lazımdır. Güntay Hüseynli bəhs edilən əsəri hazırladıqdan sonra, günlərin bir günü alman filosofu Artur Şopenhauerin bu mövzuda fikirlərini oxuyur. O yazırdı: “Bu, həyatda qalmaq instinkti deyil, sırf yaşam iradəsidir”. Beləliklə, gənc heykəltəraş əsərin adını da qoyur.

Bu il uğurla keçən diplom müdafiəsi gənc heykəltəraşı daha da ruhlandırır. Hazırladığı heykəl bütün müəllimləri tərəfindən bəyənilir və Dövlət Rəssamlıq Akademiyasının həyətində qoyulması barədə qərar qəbul edilir.

Müxtəlif mövzulu kompozisiyalar hazırlamağa üstünlük verən heykəltəraş, demək  olar ki, bütün əsərlərində simvolik mənalardan istifadə edir. “Çərxi-fələk”, “Çərçivədən kənar”, “Statik”, “Elastik çərçivə”, “Potensial”, “Cəhd”, “Həyat”, “Zaman körpüsü”, “Yorğun”, “Eqo”, “Beyin gülü”, “Başbilən”, “Pəncərə dünya”, “Zəriflik abidəsi” kimi bir-birindən fərqli heykəlləri buna misaldır.

Dünyaca məşhur italyan rəssam Mikelancelonun belə bir fikri var: “Bir heykəli düzəldin, sonra onu hündür bir yerdən aşağı atın, qoyun qırılsın. Qırıntılardan nə qalacaqsa, sizin yaratdığınız əsər bax odur”. Güntay da öz yaradıcılığında bu yanaşmanı əsas tutaraq daha çox minimalizmə üstünlük verir. O, hazırladığı bir çox əsəri mümkün qədər ixtisara salır, əlavə detallardan azad edərək izah etmək istədiyi fikri tək fiqurla tamaşaçıya çatdırmağı əsas məqsəd olaraq görür. Azdan çox yaratmaq kimi...

Gənc heykəltəraş Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin xatirə lövhələri, barelyefləri və portretlərini hazırlayaraq xatirələrini əbədiləşdirir. O, Qubanın İspik kənd orta məktəbinin qarşısında ucaldılan, həmin məktəbə adı verilən şəhid Neman Dadaşovun büstü, Kürdəmirdə şəhid Ziyadxan Əliyevin portreti, Şabran rayonunda şəhid Ürfan Orucovun xatirə lövhəsinin müəllifidir. O, eyni zamanda Stalinqrad qəhrəmanı Fətulla Həmidovun büstünü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun, dahi müğənni Müslüm Maqomayevin barelyeflərini ərsəyə gətirib.

Heykəltəraşın müharibə dövründə işlədiyi, yanaşma tərzi ilə seçilən ən təsirli əsərlərindən biriAtalar və oğullar”dır. İki fiqurlu kompozisiyadan ibarət olan bu əsərdə hər ikisi eyni silaha sarılmış qəmgin ata və başını dik tutan oğul obrazları təsvir olunub.

Güntay Hüseynli “AXIN” – gənc rəssamların qrup sərgisində, bir sıra digər sərgilərdə uğurla iştirak edib. Hazırda emalatxanasında yeni maraqlı əsərlər üzərində işləyir.

 

Ziyarət Cabarova

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.7.