Vətən məhəbbətli bir ürək döyünürdü...
Şair Davud Nəsib
anadan olmasının
80 illiyində yad edildi
Deyirlər ki, peyğəmbərlərdən
sonra Allaha yaxın olan şairlərdir. Çünki şairləri də
Tanrı seçir, onlara xüsusi istedad payı əta edir. Xalqımızın belə
seçilən simaları
içərisində Davud
Nəsib imzası da var. O, şairliyi belə tərənnüm
edirdi:
Elimizi bir gün, üç
gün anmırıq,
Özümüzü ondan ayrı sanmırıq,
Korun-korun kül olmuruq, yanmırıq.
Sönəndə də ulduz kimi sönürük,
Biz şairik – ya gec, ya tez
dinirik,
Torpaq olub, bu torpağa dönürük.
Davud Nəsib 1942-ci il
avqustun 25-də Qazax rayonunda dünyaya göz açmışdı.
Anası
İnsan xanımın
həzin, kövrək
laylaları, bayatıları
onun ruhunu oxşadı, müharibədən
qayıtmayan atasının
nisgili isə elə uşaq yaşlarından onun əbədi dərdinə
çevrildi. İlk şeiri
1956-cı ildə Qazaxda
nəşr olunan “Qalibiyyət bayrağı”
qəzetində çap
edildi. “Mənim
doğma çayım
– mənim Kür çayım” adlı bu şeiri Davudu
yaşıdlarından fərqləndirdi,
yaşlıların diqqətini
cəlb etdi.
1959-1963-cü illərdə BDU-da ali təhsil aldı. Həmin illərdən öz istedadını gərgin zəhmətlə qovuşduraraq
fəal şəkildə
ədəbi mühitə
qoşulan Davud Nəsibin yaradıcılığı
zənginləşdi, rəngarəng
çalarlar aldı.
1966-cı ildə şairin “Gözüm səni axtarır” adlı ilk kitabı işıq üzü görür.
O, ədəbiyyatımıza şair,
yazıçı, publisist
və tərcüməçi
kimi dəyərli töhfələr verib. Onun macar şairi Miklos Radnetinin “Yaralı ağılar” şeirlər kitabını
tərcümə etməsi
Azərbaycan və macar ədəbi mühiti üçün
mənəvi körpü
oldu. Ədəbi materiala diqqət,
sevgi 1978-80-ci illərdə
onu Macarıstana da çəkib aparmışdı. Beləcə, dünya ədəbiyyatından
da bir neçə
bədii tərcümənin
müəllifi olan Davud Nəsibin əsərləri müxtəlif
illərdə və müxtəlif məkanlarda
nəşr olunur.
1974-cü ildə Moskvada
“Sovetski pisatel” nəşriyyatında nəşr
edilmiş “Anama məktublar”, 1981-ci ildə
“Ocaq daşları” kitablarının adını
çəkə bilərik.
Davud Nəsib yaradıcılığının
ümumi mənzərəsi
onun “Məhəbbət
yolları”, “Ürək
sözsüz danışır”,
“Ümid qatarı”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir”, “Ata laylası” şeirlər kitablarında, “Cavanşir”,
“Cavanşirsiz məmləkət”
və daha neçə-neçə əsərlərdə
əksini tapıb.
O, bədii yaradıcılıqla
yanaşı, Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsində,
“Ədəbiyyat və
İncəsənət” qəzetində
işləyərkən də
elm və incəsənət
xadimlərinin hörmət
və rəğbətini
qazanıb.
Bütün bunlar Davud Nəsibin
vətənə və
sənətə olan sədaqətinin, sevgisinin
ifadəsidir. Bu fikri şair özü belə nəzmə çəkib:
Vətən məhəbbətli, vətən ünvanlı,
Bir ürək
döyünür köksümün
altda.
2003-cü
il martın
26-da qəfil bir qəzada Davud Nəsibin məhəbbətlə
vuran ürəyi susdu. O, cismən sevdiklərindən və onu sevənlərdən ayrıldı. Ruhən isə həmişəyaşardı.
Çünki şairlər ölmür,
talelərə, qəlblərə
köçərək əbədi
yaşayırlar. Davud Nəsib
də belə əbədi ömrün sahibidir.
Təbii ki, xalqımızın belə seçilən simaları, söz, sənət sahibləri daim xatırlanır, yad edilir. Davud Nəsibin
xatirəsinə həsr
olunan tədbirlərdən
biri bu günlərdə
Azərbaycan Bəstəkarlar
İttifaqında keçirildi.
Bu da təsadüfi
deyil. Davud Nəsib poeziyasında
musiqidən bəhs edən məqamlar olduğu kimi, musiqi dünyamızda da şairin poeziyası öz əksini tapıb. Bəstəkarlarımız onun şeirlərinə
musiqinin bir neçə janrında müraciət ediblər.
Xalq artisti, professor Firəngiz Əlizadə 1980-ci illərdə
Davud Nəsibin şeirləri əsasında
xor və simfonik orkestr üçün “Oda” əsərini yazıb və bu əsər
ulu öndərimiz Heydər Əliyevin də diqqətini cəlb edərək yüksək mükafata layiq görülüb.
Azər
Rzayev, Ramiz Mirişli, Telman Hacıyev, Əfsər Cavanşirov, Mobil Babayev, Firəngiz Babayeva və başqa bəstəkarlarımız da
Davud Nəsibin şeirlərinə gözəl
melodiyalar əsasında
yaddaqalan, unudulmaz mahnılar bəstələyiblər.
“Qızlar yaman göyçəkdir”, “Sevənlərə
gül verin”, “Gəl, əzizim!”, “Məhəbbətin olaram”,
“Məhəbbətin adları”,
“İşimiz avand olsun”, “Analara etibar edin” və
daha neçə-neçə
mahnıların adını
çəkə bilərik.
“Musiqi” adlı
mahnının mətnində
isə Davud Nəsibin musiqi sevgisi və musiqi duyumunu Mobil Babayev öz melodiyası ilə çox gözəl tərənnüm edib.
Bu və ya digər mahnılar unudulmaz sənətkarlarımız
İslam Rzayev, Baba Mahmudoğlu, Gülağa
Məmmədov, Xalq artistləri Flora Kərimova,
Mübariz Tağıyev
və başqalarının
ifasında səslənərək
lentə alınıb.
Həmin
mahnılardan biri də bəstəkar qəlbli Xalq rəssamı Ağəli
İbrahimova aiddir.
“Gözüm səni axtarır” adlı bu nəğmə
də yaddaqalan xoş melodiyaya malikdir. Bu mahnılar
müasir ifaçıların
da repertuarında səslənir. Azərbaycan Bəstəkarlar
İttifaqında keçirilən
xatirə gecəsində
də həmin mahnılardan bir neçəsini Əməkdar
artist Nuriyə Hüseynova
və Sərxan Bünyadzadə tarzən Mehman Mikayılov və kamança ifaçısı Cahandar
Mikayılovun müşayiəti
ilə ifa etdilər.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə xatirə gecəsinin məhz bu məkanda keçirilməsinin bir vacib əhəmiyyətini
də vurğulayaraq şair-bəstəkar tandeminin
musiqi sənəti üçün zəruri
olduğunu qeyd etdi. Çünki dahi Üzeyir
bəy yazırdı ki, yaxşı mahnı yaxşı mətndən başlayır.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə, tanınmış
ictimai xadim,
diplomat Həsən
Həsənov Davud Nəsibin xatirə gecəsinin məhz Bəstəkarlar İttifaqında
keçirilməsinə də
çox böyük dəyər verdilər.
Xatirə gecəsində Davud Nəsibin həyat və yaradıcılığı ilə bağlı videofraqmentlər də təqdim olundu. Vaxtilə sənətkar haqqında hazırlanan televiziya verilişlərindən İsa Muğanna, Vaqif Səmədoğlu, Teymur Bünyadov, Vidadi Babanlı, Nizami Cəfərov, Budaq Budaqov, Qəzənfər Paşayev, Qabil, Anar və başqalarının Davud Nəsib haqqında dedikləri fikirlər bir daha maraqla dinlənildi. Cənubi Azərbaycandan məxsusən bu tədbirə dəvət alan Arif Mehmandost şairin sözlərinə bəstələdiyi “Bahar və sevgilim” mahnısını gənc pianoçu Xəyal Əsədlinin müşayiəti ilə ifa etdi.
Qazax elindən olan şairin şeirlərini aşıqlar Şahin Süleymanov və Samir Cəlaloğlu aşıq havaları üstündə də ifa etdilər. Qiraətçi Hüseynağa Aslanov şairin bir neçə şeirini səsləndirdi. Xatirə gecəsi Davud Nəsibin öz səsində şeiri ilə başa çatdı.
Tədbirin sonunda çıxış edən şairin oğlu Xəyyam Davudoğlu xatirə işığına yığışan elm və incəsənət xadimlərinə ailələri adından minnətdarlığını bildirdi.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2022.- 16
noyabr.- S.6.