Bu sözləri yazan qəhrəmanların hər biri Vətəndir...”

 

“İgidlərin sözü” antologiyasının təqdimatı keçirildi

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin nəşri –  şəhid, qazi və müharibə iştirakçılarının şeir və esselərinin toplandığı “İgidlərin sözü” antologiyasının təqdimatı keçirildi.

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən mərasimdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” Fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyinin üzvləri, şəhid ailələri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Dövlət himni səsləndirildikdən sonra, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimatda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qanları ilə tarix yazan igidlərin həm də tarixdə qalacaq sözlərinin bir kitabda toplanmasının təqdirəlayiq olduğunu dedi. Millət vəkili Vətən uğrunda döyüşən  qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi.

“YAŞAT” Fondunun sədri Elvin Hüseynov 2016-cı ilin Aprel döyüşlərindən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini xatırlatdı. Bildirdi ki, bu gün Azərbaycanın mərd oğulları, sözün həqiqi mənasında, tarixi ədaləti bərpa ediblər.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli şanlı Qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək nazirliyin Zəfərimizlə bağlı həyata keçirdiyi nəşr layihələrindən, təşkil olunan tədbirlərdən söz açdı. “İgidlərin sözü” nəşri haqqında danışan şömüdiri bildirdi ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsində döyüşən igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək, onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir.

“İgidlərin sözü” antologiyasının tərtibçisi və redaktoru, yazıçı-jurnalist Aida Eyvazlı Göytürk nəşrin asan başa gəlmədiyini dedi: “Toplunu hazırlayarkən söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi! Bu sözləri yazan igidlərin hər biri Vətəndir...”

Daha sonra kitabda şeirləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev, Tamerlan Əsədov öz bədii nümunələrini səsləndirdilər.

Tədbirdə həmçinin Vətən müharibəsi qazisi Məbud Əhmədov yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər zaman Qarabağ” mahnısını bir daha ifa etdi. Onu Vətən müharibəsi iştirakçıları olan musiqiçilər – udda Fərid Ağazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, zərb alətlərində İdris Hüseynov, Hacıbala Həşimov müşayiət edirdilər. Muğam televiziya müsabiqəsinin laureatı 11 yaşlı Həzrət Əzizlinin də iştirakı ilə səslənən ifa böyük alqışlarla qarşılandı.

Tədbirin sonunda  Söz” və “İgidlərin sözü” layihələrinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə dedi: Bu gün adi günlərə bənzəmədi. İnanırıq ki, tədbirdə iştirak edən şəhid anaları, şəhid övladları, qazilərimiz və onların yaxınları, doğmaları bu günüsevinc və kədər qarışıq anları ən əziz xatirə kimi yaddaşlarında əbədi saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq, onların sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz igidlərin sözüdür...”.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.5.