Xalça Muzeyində yapon kimonosu gecəsi
Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının
30 illiyi (7 sentyabr
1992-ci il) münasibətilə noyabrın
11-də Milli Xalça
Muzeyində “Eleqant
kimono: yapon kimono şousu”
adlı moda nümayişi keçirildi.
Mədəniyyət Nazirliyi, “İSR
Holding”in dəstəyi,
Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı
Səfirliyi, “SOAC Art Consultancy & Curation”, “Odasho Co.Ltd”, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı
ilə reallaşan tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi
Şirin Məlikova açaraq yapon mədəniyyətinin əsas
simvollarından olan
kimono haqqında məlumat
verdi.
Bildirdi ki, kimono gözəlliyi və cazibəsi ilə istər Yaponiyada, istərsə də bu ölkədən kənarda rəssamların, geyim dizaynerlərinin ilham mənbəyi olub. Kimono yalnız bir geyim tərzi yox, həm də yapon xalqının ruhunu, həyat tərzini nümayiş etdirən ənənəvi geyimdir: “Bugünkü nümayişin xüsusi bir özəlliyi də vardır. Burada Azərbaycanın məşhur xalçalarından Qarabağın “Şabalıd buta” xalça kompozisiyanı və cecim kompozisiyanı özündə əks etdirən əllə toxunmuş parça da ilk dəfə nümayiş etdirilir. Xalça naxışları gözəl fakturalı ənənəvi türk “kutnu” parçasından hazırlanan yapon “obi” kəməri üzərində və yeni tərzdə olan kimononun detalı kimi istifadə edilib. Bu parçalar “Odasho Co.Ltd” şirkəti tərəfindən xüsusi olaraq bugünkü nümayiş üçün toxunub. Ümumilikdə 24 kimono təqdim edilir və bu nümunələr yapon xalqının bayram, toy kimi xüsusi günlərdə, müxtəlif mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri olan müxtəlif növ kimonolardan ibarətdir”.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada tədbirin keçirilməsinə dəstək olan təşkilatlara təşəkkür edərək bildirdi ki, kimono yapon mədəniyyətinin ayrılmaz hissəsidir. Kimononun müxtəlif növləri vardır. Bu gün model qismində səfirliklərin əməkdaşları, Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən azərbaycanlılar iştirak edir.
Layihənin kuratoru, sənətşünas, tekstil üzrə mütəxəssis Sumiyo Okamuroya birgə əməkdaşlığa görə Xalça Muzeyinə təşəkkür etdi. Layihənin yaranması barədə danışan kurator dedi: “2020-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin direktoru ilə İstanbulda tanışlıqdan sonra belə bir layihənin reallaşması ideyası yarandı. Pandemiya səbəbindən layihə yubansa da, nəhayət, ideyamızı Bakıda gerçəkləşdirmək mümkün oldu. Yaxın günlərdə eyni kolleksiyanın İstanbulda da nümayişi nəzərdə tutulur”.
Çıxışlardan sonra kimonolar nümayiş olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Geyimləri model qismində səfir və ailəsi, Milli Xalça Muzeyinin əməkdaşları, Yapon mədəniyyəti ilə maraqlanan sənət nümayəndələri təqdim etdilər ki, bu da gecəyə xüsusi bir maraq qatdı. Nümayişin sonunda isə qonaqlara yapon milli mətbəxindən nümunələr və Bakıda fəaliyyət göstərən yapon dondurma müəssisəsinin məhsulları təqdim olundu.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 16
noyabr.- S.8.