Azərbaycan kinosunun inkişafının böyük bir dövrü ulu öndərin adı ilə bağlıdır

 

 

2023-cü ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyi qeyd olunacaq. Bu illər ərzində Azərbaycan kinematoqrafiyası şərəfli inkişaf yolu keçib. Azərbaycan kinosunun inkişafının böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildikdən sonra Azərbaycan kinematoqrafiyası da mədəniyyətimizin tərkib hissəsi kimi yeni inkişaf yoluna qədəm qoyur.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə kino sənətinin inkişafı naminə çoxşaxəli təşəbbüslərindən, sənət adamlarına diqqət və qayğısından danışan ADFF-nin direktoru bildirib ki, ötən əsrin 70-ci illərində ümummilli liderin səyi və zəhməti nəticəsində Azərbaycan kinosunun maddi-texniki bazasının yaxşılaşdırılması, kino şəbəkəsinin inkişafı, yeni kinoteatrların tikilməsi, eyni zamanda mühüm tarixi filmlərin ərsəyə gəlməsi istiqamətində bir çox işlər görülüb. “Azərbaycanfilm” Kinostudiyası üçün yeni texnika və nəqliyyat vasitələri alınıb, eyni zamanda kinostudiyanın inkişafına böyük diqqət yetirilib. Məhz həmin illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda mühüm tarixi filmlər çəkilib. Bunların sırasında rejissorlardan Həsən Seyidbəylinin “Nəsimi”, Tofiq Tağızadənin “Dədə Qorqud”, Eldar Quliyevin “Babək” və “Nizami” filmlərini qeyd edə bilərik. Bu ekran əsərləri geniş tamaşaçı rəğbəti qazandı və ümumittifaq festivallarında mükafatlara layiq görüldü. 1979-cu ildə rejissor Rasim Ocaqovun kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “İstintaqfilmi Heydər Əliyevin köməyi və səyi nəticəsində ekranlara buraxıldı, sonra bu film SSRİ Dövlət mükafatına layiq görüldü.

Cəmil Quliyevin sözlərinə görə, ulu öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən mədəniyyət, o cümlədən kino sahəsini də kurasiya edib. ADFF direktoru xatırladıb ki, 1984-cü ildə Moskvada SSRİ kinematoqrafçılarının böyük bir toplantısı keçirilmişdi. Ulu öndər bu toplantıda geniş məruzə ilə çıxış etmişdi. O, məruzəsində kinematoqrafiyanın vəzifələrindən danışmış, gənclər və yeniyetmələr üçün yeni filmlərin çəkilməsi, kinoşünaslığın inkişafı, beynəlxalq festivalların təşkil olunması, kinematoqrafiyanın maddi-texniki bazasının yaxşılaşdırılması, eyni zamanda yeni kinodramaturqların kino prosesinə cəlb olunması, yeni mövzuların, həmçinin formaların axtarışı və s. bu kimi mühüm məsələləri qaldırmışdı. Bu çıxış bütün ittifaq miqyasında kino aləmində geniş rezonans doğurmuşdu.

Cəmil Quliyev qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də  kinematoqrafiya sahəsinə diqqət və qayğı göstərib: “Azərbaycanda yenidən kinematoqrafiyaya vəsait ayrıldı, yeni filmlər çəkilməyə başlanıldı. Həmçinin Dövlət Film Fondu yaradıldı. Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda “Kino Günü” təsis olundu. Azərbaycan kinematoqrafçılarının, kino işçilərinin peşə bayramı qeyd olunmağa başlandı. Bütün bunlar Heydər Əliyevin kinematoqrafiya sahəsinə, eləcə də kinematoqrafçılara diqqət və qayğısının göstəricisi idi...”.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.6.