Ən çətini özünə yalan
danışmaqmış...
Yaxud lənətə gəlmiş fədakarlıq
imkan vermədi yaşamağa ...
İşıqlı səhnə, gurultulu alqışlar, qısa sürən təzim və ... 60 yaş. Özü də səssiz-səmirsiz gələn, heç cıqqırı belə çıxmadan sükuta, qapqara boşluğa bağırmaq. Ağırdır demirəm. Amansızdır. Həm də bu amansızlığın içində o mütləq hakimdir. Özünün dediyi kimi Kral Lirdir. Bölən, verən və sonda səhv etdiyini anlayan hakim.
Həmsöhbətim Əməkdar incəsənət xadimi, əsl dəyərini zamanında alan və buna layiq olduğunu illər əvvəl təsdiq edib yaradıcılığını ən müdrik və məhsuldar dönənimdə sükuta çəkilən rejissor Bəhram Osmanovdur. Sənətkarla görüşümüz qızmar yayı yola salmağa hazırlaşdığımız zamanda – sentyabrda olmuşdu.
– Zarafat deyil, bu da 60.
– İnanmazdım bu yaşa çatım. Amma çatdım. Yaşayıram. Sən demə, yaşamaq maraqlıdır.
– 60 sizə nəyi öyrətdi?
– Mən həmişə işləmişəm.
Yaxından
tanıyanlar bilir ki, durmadan işləmişəm. Beləcə,
bir çox şeydən xəbərsiz olmuşam. Artıq 60 öyrətdi ki, elə eləmək
lazım deyil. Təbii ki, işləyən
adamın səhvləri də olur. Bu səhvləri
kimlərsə şişirdir, kimlərsə ört-basdır
edir. İndi anladım ki, gərək o qədər
işləməz, əvəzində həm də münasibətlər
qurmaq üzərində çalışardım. Lazımlı insanlarla dostluq edərdim və həlledici
məqamda onlardan yararlanar, istifadə edərdim. Bax, mən bunları etmədim, əvəzində də
durmadan çalışdım. Teatr, pedaqoji fəaliyyət,
səhnə, sənət və nəticə...
– Sənətdə
dostluq var ki?
– Mən
lazım olan adamları dedim. Əsas məqamda
onların dostluğu işə yarayır.
–
Anlayıram, siz hansı dostluğu nəzərdə tutursunuz.
Mən sözün birbaşa mənasındakı
dostluğu soruşuram.
– Bəli,
25 yaşımdan – bu 40 ildən artıq vaxtda əgər
aktyorların mənə hörməti və istəyi
olmasaydı, teatrların repertuarında olan bir çox tamaşaları
hazırlaya bilməzdim. Yəni inam olmasaydı,
çətin alınardı, dostluq da çətin
yaranardı. İnsan kimi, ola bilsin, qəbul
etmirdilər. Amma inam varsa, tamaşa yaxşı
alınır. Dövlət Dram
Teatrındakı ən uğurlu tamaşalarımın
çoxunu teatrın foyesində, zirzəmisində məşq
etmişəm. Yəni məni tərifləyə-tərifləyə
böyük məşq salonuna, səhnəyə çox da
yaxın qoymurdular. Ona görə də ən
yaxşı tamaşalarım 20-25 günə
hazırlanıb. Dostluq dediniz, birdən
yadıma düşdü bu münasibət.
–
Teatrdakı intriqalardan xəbərsizcəsinə soruşum:
niyə?
– Bilmirəm,
yəni şərait elə gətirirdi. Hətta
bədii rəhbər, direktor sayılan aktyorlar belə bu
problemlə bacarmırdılar. Xatirimdədir,
“Mesenat” tamaşasını “Oxunuş otağı”nda
qurmuşam. Baxmayaraq ki, Xalq artisti
Əliabbas Qədirov tamaşada baş rolu oynayırdı və
o həm bədii rəhbər, həm də direktor idi. Mən də bütün bunları başa
düşür və incimirdim. İndi həmin
üslub, işləmək üslubu mənə çox
kömək edir. Məsələn, kənar
teatrlara dəvət alıram. Deyirlər,
bir aya tamaşa hazırlamalısan. Deyirəm,
baş üstə. Ondan qorxmuram. Mən bilirəm ki, aktyorla necə işləyib onu
bu qısa vaxtda necə hazırlaya bilərəm. Məsələn, “Xəcalət” tamaşası
premyeraya 22 günə hasil oldu. Amma 12 il
teatrın repertuarında oldu və Azərbaycan teatrına
xarici festivallardan ondan çox hörmət gətirən
tamaşa olmadı. Əlbəttə, belə
tamaşaların olması üçün əsas kamertonlara
– aktyorlara minnətdaram. Sadalayım da: Xalq artistləri
Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova,
Bəsti Cəfərova, Kamal Xudaverdiyev və başqaları. Bax, bu nəslin çoxu məni insan olaraq qəbul
eləməsələr də, birlikdə xeyli yaddaqalan işə
imza atmışıq.
– Sizə
olan bu münasibəti indi özünüzdən eşidirəm.
– Ola bilər.
Amma mən çətin adamam, nə edim?
Hansısa adam üçün yox, proses
üçün, iş üçün işləyirdim. Onlara elə gəlirdi ki, hər hansı aktyora
görə rol, pyes seçirəm. Amma
zaman gəldi və hər şey öz yolunu tapdı.
–
Əslində, filankəs filan rejissorun aktyorudur ifadəsi siz
qarışıq bir çox işlək rejissorlara verilən
“xarakteristika”nın əsas özəyidir
və düşünmürəm ki, bu, kimisə incitsin.
– Yox, bu,
məndə yoxdur. Siz tarixə baxsanız, bunun
isbatını da görəcəksiniz. Etiraf
etdim ki, mən eyni aktyor, eyni aktrisa ilə mövsümdə
bir tamaşa hazırlaya bilərəm. Buna
görə inciyənlər də olurdu. Artıq
hamısını unutmuşam və
bağışlamışam.
– Daha nələrin
üzərindən xətt çəkmisiz? Yaş və
yaşananlar mütləq bizə nəyisə öyrədir,
axı...
– Əslində, çoxdan “məhəbbət klapanları”mı
bağlamışam. Sağlam rəqabət deyirsiz ha, hansı
ki, sonradan düşmənçiliyə çevrilir – onu
bağlamışam. Bir də bu yaxın
iki ildə “mərhəmət klapanları”mı.
– Ondan
sonra rahatlaşmısız?
– Xeyli. Çox rahatam. Mən o aktyora
hörmət edirəm ki, onun sənəti və sənətinə
münasibəti olsun.
– Rəqabət
dedik, əslində, peşəkar Azərbaycan teatrında fəaliyyətdə
olan rejissor sayı on barmağı keçmir. Bizdə
böyük mənada o onluq arasında rəqabət var,
yoxsa...?
– Mən
cavan olanda belə deyir, göstərməyə
çalışırdılar. İllər
keçəndən sonra anladım ki, sağlam rəqabət
sözü yoxdur və əvvəl-axır bu düşmənçiliyə
gətirib çıxardacaq. Ona görə
də baxıram, alqışlayıram və keçib gedirəm.
Onu araşdırmaq, təhlil eləmək, fikir
bildirməyin tərkin qılmışam. Əgər
hansısa rejissora ərkim çatırsa, ona deyirəm ki,
qardaş, bacı, bunu eləmə, deyirəm və
çıxıb gedirəm.
–
Maraqlıdır, sizin “eləmə”nizdən sonra nə deyib, nə
edirlər?
–
Heç nə. Mən yoldaş kimi deyirəm,
başqası ilə müzakirə eləmirəm ki. Onu da əgər qəbul edirlərsə.
– Belə
çıxır ki, düşməni də sənətə
görə qazanmısız. Yəni peşəkar adamın
doğru bilib dedikləri başına iş açıb, eləmi?
– Əzizim, bu gün siz dediyiniz o on barmaq sayında
peşəkar rejissor yoxdur. Siz on dediz, amma mənim
sayım ilə beşinci barmaq havada qalır. O adamlarla
biz hamımız eyni zamanda, müxtəlif kurslarda oxumuşuq,
işləmişik və heç birimizin ünsiyyəti
yoxdur. Yəni mən özüm artıq
ünsiyyət saxlamıram. Demirəm onlar
eləmir. Mən istəmirəm. Belə rahatdır. Çünki
mən elə bilirdim ki, Azərbaycan teatrının inkişaf
mərhələsinin hər hansı bir faizi də mənim
işlərimdən asılıdır. Amma
bu gün belə demirəm. Bu inciklik də
deyil. Sadəcə, elə
düşünürəm və ürəklə deyirəm.
Bu gün tamam başqa proseslər gedir və mən
o proseslərdə iştirak etmək istəmirəm.
– Yəqin
yenə başınızı işə qatmısız. Hazırda hansı teatrda hansı pyesin quruluşunda
“gizlənmisiz”?
– Bir
şey deyim də, 1989-cu ildən təkidlə Mədəniyyət
və İncəsənət Universitetində (rektor
Timuçin Əfəndiyev idi) dərs deməyə
başlamışam. Ora tarixi boyu praktiki rejissuradan
uzaqlaşan şəxslərin sığınacaq yeri olub.
Zamanında Adil İsgəndərovun, Nəsir Sadıqzadənin,
Mehdi Məmmədov (baxmayaraq ki, o, intensiv işləyib, amma “əmək
kitabçası”nda 1946-cı ildən cəmisi üç il fasilə olub) ora sığınıb. Zamanında mən də orada kafedra müdiri
olmuşam, indi isə kursum var. Demirəm o zümrəyə
aid rejissoram. Amma universitet artıq mənim
də sığınacaq yerimdir. Sizə
deyim ki, rəhbərliyə minnətdaram, çıxmağa
qoymadılar. Hərçənd iki-üç il əvvəl oradan getmək istəyirdim. Çünki dediklərim, anlatdıqlarım
bugünkü nəsil tələbələrə lazım
deyildi. Sonra başa düşdüm ki,
yox, işləmək lazımdır. Buna rəhbərlik
məni yola gətirdi də demək olar. Çünki
hər hansı kursdan, tələbədən qaynaqlanmadan, təsirlənmədən,
ruhdan düşmədən işləmək lazımdır.
İşləyirəm, ləzzət alıram.
Bu, mənim üçün treninqdir. Dörd ildən bir kurs dəyişir və elmin diktəsini
başqa istiqamətdə icra edirəm. Hazırda
İrəvan Dövlət Azərbaycan Dövlət Dram
Teatrında Azər Turanın “Cavidnamə” kitabı əsasında
“Mən, atam, anam, qardaşım və Stalin” adlı tamaşanın
məşqləri gedir. Həyat
yoldaşım Esmiralda Osmanova ilə sənət barədə
iki kitab yazmışıq, bundan başqa, rejissor sənəti
ilə bağlı iki tərcüməmiz olub. Pandemiya dövründə iki dərslik
yazmışam, bir kitab üzərində işləmişəm.
Qismət olsun, onları çap elətdirəcəm.
Xalq yazıçısı Anarın “Yaşamaq
haqqı” traktatı əsasında tamaşa
hazırlamağı düşünürəm. Dərindən oxuyuram, çalışıram ki, səhvlərim
olmasın. Hesab edirəm ki, bu, mənim mənəvi
borcumdur. Sonra Yunus Oğuzun
“Cığır” romanı əsasında pyes
hazırlayıram. Və digər işlərimiz
var.
– İşlədikcə onların səhnə yolunu,
harada qoyacağınızı da düşünübsüz
yəqin.
– Yox,
heç bilmirəm harada qoyulacaq. Əsas odur ki,
müəlliflər mənimlə işləmək istəyirlər,
mən də bunu sevərək edirəm. Baxaq
görək də. Əslində, vacib deyil
ki, mən hazırlayım, kimə lazım olacaq,
götürüb quracaq. İndi də
işləyirəm. Yenə də nəticəsini
düşünmədən. Sözsüz
ki, yenə səhv etdiyimi anlayaraq. Amma nə
etməli? Mən də belə adamam.
– Bunun nəyi
yanlışdır ki? Biz də elə bilirik: sən işini
gör, o, səni mütləq təqdim edəcək.
– O, sizə
elə gəlir. Mən də elə
düşünürdüm. Bax, 60-da bunu
da öyrəndim.
– Yenə
də gec deyil.
– (gülür) Yox, bu məni incitmir. İstehza ilə
danışsam da, hər bir şeyə elə baxıram.
Bir az da ironiya ilə.
– Bu, yəqin
ki, həmişə belə olmayıb.
– Yox, həmişə.
Teatra tez-tez gələn adam kimi siz də
görmüsüz: final bitir, pərdə bağlanıb
açılır, musiqi səslənir, aktyorlar təzim edir. Sonra rejissor fəxarətlə təzimə
çıxır. Orada oturan
tamaşaçılara hörmətim olmasa, o ani
çıxışı da etmərəm, inanın. Bilirsiz, bu hissi də məndə çoxdan
öldürüblər. Lap çoxdan,
80-ci illərin ortalarından. Yalnız
bir-iki dəfə başqa ölkələrdə bunu etmişəm.
Bir də Azərbaycandan kənarda
hazırladığım tamaşalarda o ləzzəti
görmüşəm. İndi istəmirəm.
– Həvəsinizi
qırıblar, bildim. Amma buna qarşı da bir
səssiz üsyanınız labüd idi, axı.
– Mən
o prosesi xoşlayıram. Bilirəm ki,
tamaşanın uğurlu taleyi orada oynayan aktyorlardan
asılıdır və bunu anladığım
üçün onlara hörmət ifadə edib
alqışlayıram. Amma
çıxıb özümü göstərməyə, təzimə
utanıram.
– Son 10 ilə
nəzər salsaq, paytaxtdan bölgəyə ən çox
axtarılan rejissorsunuz. Sıx qrafik, fasiləsiz iş və
sükut. Bu paradoksda özünüzü necə hiss edirsiz?
– Səmimi
deyim ki, çox yaxşı. Allaha and olsun,
çox yaxşı. Bilirsiniz niyə?
Çünki mən heç nəyi nəyinsə,
kiminsə naminə etməmişəm. Birincisi,
öz qəlbimə, düşüncəmə görə
etmişəm. Bir əsəri bəzən 5, 10 il beynimdə saxlamışam, işləmişəm
və sonra görmüşəm ki, onu oynamağa aktyor yoxdur,
həmən silmişəm, yenisini yazmışam, onun
ifaçılarını saf-çürük etməyə
başlamışam. Yəni heç vaxt
başqa həmkarlarım kimi, onun üçün, bunun
üçün tamaşa hazırlamamışam.
– İfaçısı tapılmayan əsərləriniz
çoxdur?
– Əlbəttə. Təəssüf ki, çoxdur.
– Teatr sənəti
ilə bağlı müzakirə və mübahisələrin
əsasında sənət təhsili və onun səviyyəsi
dayanır...
– Bilirsiz,
öyrədənlər təxminən eyni kitabdan öyrədirlər.
Sadəcə, kimlərsə o kitabları kənara
qoyub, özünün sənət əxlaqını tələbələrə
öyrədir. Amma mən yenə deyirəm
ki, bu sənətin düzgün yazılmış elmi
qayda-qanunları var. Onu dəqiq tədris etməyi bacarmaq
lazımdır. Biz artist yox, fərd
yetişdiririk. Düşünməyi
bacaran, öz fərdi keyfiyyətlərinin nəyə qadir
olduğunu bilən şəxs yetişdiririk. Sonra da onu teatrlara atırıq. O da orada o
cür qəbul olunur. Peşəni bilir, sadəcə,
püxtələşmək yolu keçməlidir. Bu da 10-15 ilə olur. Kiminsə bəxti gətirir,
bir-iki il uğurlu rollar oynayır, sonra
yaddan çıxıb gedir. Bu mənada kiməsə 20 il bəxti gətirməyən kimi
baxırıq və 21-ci ildə kimsə onu kəşf edir. Stanislavskinin sözüdür, deyir zəhmət,
üstəgəl səbir, bərabərdir istedad. Amma biz altı ay hazırlığa gedib, bir
şeiri o vaxta əzbərləyib, gözəl ifa edəni
artıq istedad yağışına bürüyürük
ki, qalsın teatrda. Ola bilməz. Fərd və maraq vacibdir. Sənətə
marağı olan şəxs aldatmağı
bacarmalıdır. Məsələn, niyə
o, həkim yox, hüquqşünas yox, məhz aktyor olmağa
gəlib. Sadəcə, balı ona
çatıb və başqa universitetlərə girə bilməyələr
gəlib bu fakültələrə, oradan da teatrlara
düşürlər. Mənim
gördüyüm budur və onlar çoxdurlar.
–
Sözünüzdən belə çıxır ki,
tamaşaçı da o uzun vaxtı oturub, gözləməlidir?
Yəni o aktyor püxtələşənə
qədər bütün səhnə, sənət
qüsurlarına göz yummalıdır?
– Niyə
ki, nəsil hələ ki var və işləyir də.
Baxın, öz yaşımdan bu yana
olanların sənətə necə gədiklərini, paytaxt
teatrlarına yol açmaqlarını, nail olduqları
imtiyazlara nə yolla çatdıqlarını bilirəm.
–
Başqa nəsnədən danışırdıq, amma sizin
beyninizdən bu an keçəni də bilmək
maraqlı oldu. Əslində, haqlısız, ovuc içi boyda
həndəvərdə kimin kim olduğunu
təxminən hamı bilir. Elə
tamaşaçı da.
–
Hamısını bilirəm və bu, onlara da yaxşı məlumdur.
Deməyə bilərəm, amma deyirəm.
– Dövlət
Gənc Tamaşaçılar Teatrına baş rejissor təyinatınız
da çətin dövrə təsadüf etdi.
– Asan
heç nə olmur. Mən ora təyin olunanda
kimsə məndən böyük teatr yaratmağı tələb
etmədi. Sadəcə, proses getməli
idi. Üç teatr birləşmişdi, kimlərisə
daha çox, kimlərisə az yola vermək,
kollektiv işə nail olmaq lazım idi. Bütün bunlara nisbətdə,
özü də məndən tələb olunandan da o yana keçərək orada xeyli tamaşa
hazırlamışam və hələ də oynanılır.
Kassada da, festivallarda da teatrın üzünü ağ edə bilmişəm. Amma
yola vermək məni çox yorub, yordu. Son
illər gördüm ki, yox, daha alınmır.
– Buna yola
getməyi də qata bilərik?
– Yox, məhz
yola vermək. Mənimlə yola getmək
çox asandır. Çünki ünsiyyətim
yoxdur və kiminsə mənimlə yola gedib-getməməyi
müzakirə edilmirdi. Sizinlə
danışmağıma baxmayın, əslində,
danışan adam deyiləm. Daha çox öz-özümlə
danışıram.
– Sənətdə
bir də uğursuzluq var. Siz necə, bundan qorxmadınız
ki?
Yox, əksinə.
–
Ümumiyyətlə, ən mükəmmələ can atmaq, ən
yaxşısı olmaq üçün sənətlə məşğul
olmamaq peşə əxlaqı baxımından nə qədər
doğrudur?
– Siz deyən
məqamları düşünmədən, sadəcə,
işimlə məşğul olmuşam. Müəlliflərin
təqdim etdikləri əsərləri oxuyub içərilərindən
seçib, səhnəyə qoymuşam. Mənim nəzərimdə
bir tamaşa 10-15 il gedə bilməz. Bu o zaman baş verər ki, aktyorlar,
iştirakçılar onu ləzzətlə ifa edib yeni nələrsə
tapa bilərlər. Əksi,
ifaçının özü üçün də
maraqsız olur və bu mənada tamaşaçını
yormaq olmaz. Tamaşanı qəlb və beyinlə oynayan az aktyor var və onlar da sütundur.
“Proses
kimi alınmayan tamaşa repertuardan
çıxarılmalıdır”
– Bayaqdan
hər iki teatrda quruluş verdiyiniz uzunömürlü, kassa və
festival üçün əlverişli tamaşaları
sadaladız. Məsələn, indi onların
heç biri Akademik Milli Dram Teatrının repertuarında
yoxdur.
– Təbiidir.
Çünki ifaçısı yoxdur,
yaşlanıb. Gənc
Tamaşaçılar Teatrında elə tamaşalar var idi ki,
teatrın rəhbərliyindən xahiş edib onları
repertuardan çıxarmışıq. Çünki
proses kimi alınmayan tamaşa repertuardan birmənalı
çıxarılmalıdır. Lap az
oynansa belə. Çünki
tamaşaçının hissiyyatı ilə oynamaq olmaz.
Amma baxın, illər keçir, aktyor
yaşlanır, fiziki imkanları məhdudlaşır, amma o,
yenə cavan oğlan rolunda oynayır, oynadılır. Bu, nəyə lazımdır? Hər
bir tamaşa bitməli və əvəzi olmalıdır.
Bunun üçün də oxumaq və tapmaq
lazımdır.
– Hə,
siz deyən o mütaliə və tapmaq da bizim əksər
rejissorlara yaddır.
– Mənim
özümə gücüm çatır, özümü
mütaliəsiz qoymuram (gülür).
– İstər teatr prosesinə nəzarət edənlər,
istərsə də onun içində olanlar bir şeyi istəyirlər:
proses getsin.
Maraqlıdır, indi hansı proses gedir və ümumən
gedirmi?
– Çətin
sualdır. Əvvəl iştirakçı idim
deyə başqa cavab verərdim. İndi
müşahidəçiyəm deyə rahatlıqla
maraqsızlığını etiraf edə bilərəm.
– Bizim
teatr arxaikdir, yoxsa müasir?
– Kifayət
qədər müasirdir. Amma kənardan bu, belə
görünmürsə, onun günahkarı biz
rejissorlarıq. Öz ambisiyamızı kənara
qoyub, doğru-düzgün düşünüb işləməliyik.
Təbii ki, bu işləməkdə aktyor əsas
şərtdir. Biz onları
inandırmağı bacarmalıyıq. İndi
pisi budur ki, aktyorlar bəzən cəmiyyətdə baş verən
neqativ hallar əsasında yazılan pyesləri
“baxdığın mən deyiləm ha, qəhrəmandır və
pis olan odur. Roldur da, rejissor verib və mən də
oynamağa məcburam” ilə oynayırlar və belə
şeyləri daha “peşəkar” bacarırlar...
–
Çox pis.
– Əlbəttə. Azərbaycan teatrını
yaşatmağın bir yolu var: aktyor özbaşınalığının
qabağını almaq. Çünki bu hal daha çoxdur.
– Bunun
başvermə prosesi lap maraqlı gəldi.
– Siz
tamaşaçı olaraq onu çətin biləsiniz. Proses məşqdən
başlanır və sonadək gedir.
– Bəs
rejissorun cəza metodu nə olur?
–
Heç nə, mən, sadəcə, anlatmağa
çalışırdım.
– Axı
siz həm də bir teatrın baş rejissoru idiniz?
– Nə
olsun ki? Azərbaycan teatrında baş rejissorun
ixtiyarında heç vaxt, heç nə olmayıb. Direktorun səlahiyyətindədir bütün bunlar.
Mən ancaq anlatmaq istəmişəm.
– Belə
çıxır ki, ikiniz (aktyor və rejissoru nəzərdə
tuturam) birləşib tamaşaçını
aldadırsız?
– Niyə?
O, səhvini edir və sən irad bildirəndə də
üzr istəyir, vəssalam. Nə mənası
var üzrün? Onsuz da o istədiyi səhvi
edib. Özü də bilərəkdən.
Ona görə deyirəm: aktyor
özbaşınalığının
qarşısını almaq üçün
qarşılıqlı diktatura olmalıdır. Çünki teatr qarşılıqlı diktaturadan
əmələ gələn sənət növüdür.
Qarşılıqlı diktədə ya sən
rejissor deyəni qəbul etməlisən, ya illərlə
rolsuz qalmalısan, ya da çıxıb getməlisən.
Bizdə isə illərlə rolsuz qalmağa
hamı razıdır. Təki gedib kənarda
öz “xalturasını” etsin.
– Sonra da
çox işləyən aktyora “rejissorun əvəzolunmazı”
ayamasını yapışdırırlar.
– Məcbur
olur, verirlər, oynayır. O da bezir. Sən
özün də ondan bezirsən. Baxın,
ən zəif sayılan aktyora mövsümdə 6 rol ver,
hamı onu qəbul edəcək. Hətta
“Ondan böyük sənətkar yox idi, niyə kənarda
qalmışdı?” deyəcəklər. O, sadəcə
olaraq, səhnədə mövcud olmağın yolunu öyrənir
və olur aktyor, vəssalam. Bizim sizinlə
danışdığımız böyük, dərin obraz
yaratma o deyil, sözsüz.
– Bizim
reallıqda baş rejissorla quruluşçu rejissorun heç
bir fərqi yoxdursa, nədir bu bölgü?
–
Heç bir fərqi yoxdur və heç vaxt da olmayıb. Amma, əslində, baş rejissor bədii rəhbər
kimi teatrın proqram tamaşalarının kamertonudur. Ancaq bizdə bunun dəxli yoxdur. Mənim
üçün direktor var. O, həmişə hakimdir.
– Bu
yaxşıdır, yoxsa pis?
– Səmimi
deyim də, mənim direktorlarla münasibətim həmişə
yaxşı olub. Çünki onlarla söhbətim iş
otağında olub və elə oradaca da qalıb. Narazı olmuşamsa, fikirlərimi deyib inandırmaq
istəmişəm. İnananlar
mövsümün axırında mən deyənə gəlib
çıxıblar. Bunu Akademik Milli Dram
Teatrında işləyəndə də görmüşəm,
digər teatrda baş rejissor olanda da. Sadalanan
uğurlu tamaşalar mənim bədii rəhbər və
direktorları inandırmağımın məhsuludur.
Onların yox ha, mənim!
– Belə
çıxır ki, artıq çətin
inandırırsınız.
– Yox, sadəcə,
onda həvəsim var idi. İndi illərdir buna
cəhd də etmirəm.
– Nə
yaman uzun olub həvəssiz işləməyiniz...
– Nə qədər
olar e, kimisə nəyəsə inandırmaq?! Bir
yerə qədərdir. Onlar mənə
inanmalıdır. Nəhayət, elə bir an gəlir ki, sən sənə inanmayanlarla
sağollaşmalı olursan.
– Ölkənin
əksər teatrlarında işləmisiniz. Doğurdanmı
Akademik Milli Dram Teatrı “ana teatr”dır deyə onun aktyor heyəti
bir göstəricidir?
– Xeyr. Onu
kim deyir ki? Sadəcə, o
teatr peşəkar Azərbaycan teatrının tarixinin
başlanğıcıdır. O teatrın mətbəxini
bildiyim üçün deyirəm ki, o teatra 30 il
əvvəl gəlmiş gənc oğlan və qızlar
(texniki işçilər də daxil) bir-birlərindən
öyrənə-öyrənə gəlib səlahiyyət
sahibi olublar və o gənclik romantikasını qoruyaraq öz
imperiyalarını yaradıblar. Təbii ki,
yaxşı mənada. Digər tərəfdən,
dövlətin nəzər-diqqəti oradadır. Ona
görə hamı ora can atır. Siz dediyiniz
göstərici də yoxdur artıq. Sadalasaq,
orada barmaqla sayılacaq aktyor var. Bəlkə də elə
olmalıdır. Mənim üçün
heç zaman böyük-kiçik teatr anlayışı
yoxdur, aktyor var.
– Adi
prosesdir: pyes seçilir, rol bölgüsü edilir, tamaşa
hazırlanır, səhnəyə çıxır. Amma
zaman-zaman bu rol bölgüsü özü böyük
“tamaşaya” çevrilir... Sizə də məlum
“siyahı”larla diktə edirdilər? Adətən
roldan kənarda qalan aktyorların arqumenti bu olur.
– Vallah,
yalan sözdür. Mən heç bir direktorda o
siyahını görməmişəm. Məncə,
rol vermirəm deyə əksəriyyəti sevinir də.
– Niyə?
– İşləmək, ağır prosesə girmək
onun üçün maraqsızdır, lazımsızdır. Əmək
haqqını alır, başqa işlərini görür.
Vaxtdır da gedir. Siz deyən
rol bölgüsü zamanı həyəcan, qarğaşa əvvəllər
idi. Məsələn, illər əvvəl
Milli Dram Teatrında rol bölgüsü edilib, siyahı divardan
asılandan sonra üç gün işə gəlmirdim.
Düşünürdüm ki, oynayan sağ ol
deyəcək, oynamayan da söyəcək. Qoy, sevib-söyüb qurtarsınlar, sonra işləyək
(gülür).
– Bəlkə
aktyoru işlətmək mənasında çox incidirsiz deyə
indikilər bölgüyə düşməməyə
görə sevinirlər?
– Yox, qətiyyən.
Sadəcə, mən hamıya bütün şəraiti
yaradıram və tələbimi qoyuram. Amma
bunu da əvvəllər etmişəm. İndi
nəsihətdən uzaq durmağa çalışıram.
Çünki əhəmiyyəti yoxdur. 35
il bunu belə etməyə
çalışdım, artıq yox olub o inam. Çünki
o inamımı qazananlar sonra birgə işimizin şübhə
doğurmasına çalışıblar.
– Ya da elə
görünmək istəyiblər. Nəzərə
alsaq ki, siz üç teatrın birləşdiyi bir sənət
ocağında yaradıcı rəhbər olmusuz, bunu
yaxşı ayırd edə bilərsiz.
– İslahat, inqilab edilirsə, bu, qəddarcasına
olmalıdır. Kimdənsə nə isə
soruşmalı deyilsən. “Yola verin
getsin”lə olmur. Kəsmək və o anda
təmizlik etmək lazımdır. Hər
şeyin bir qayda-qanunu var, axı. Sübut
olunur ki, bu şəxs bu alətdə çala bilmir. Vacibdir onu saxlayasan, burax, çıxıb getsin də.
– Alətdə
çala bilməyənlə işləmək asandır?
– Yox,
onlar onsuz da prosesdə yoxdurlar. Onları
iclasdan-iclasa görürsən. Odur ki, siz
bayaq dediyiniz qəddarlığı heç vaxt etmirəm.
Damara baxıb, qan almağı bacarıram.
O, zəif ola bilər, amma onun zəifliyi
tamaşanın ümumi məziyyətlərinə mane olmur. Çünki müəyyən bir çərçivənin
içərisində lazımdır. Mən
bunu da Akademik Teatrdan öyrənmişəm. O teatr həm
də ona görə böyükdür ki, orada daş da, divar
da hər şeyi öyrədir. Əgər oranı sevsən...
– Öyrənməsən
də, cəzalandırıb atır bir kənara.
– Əlbəttə. Hərdən mənə elə gəlir
ki, Akademik Milli Dram Teatrı Adil İsgəndərovun lənətlənmiş
yeridir və oranı nə iləsə təmizləmək
lazımdır ki, o lənət itsin.
– Niyə
düşünürsüz ki, ora lənətlənib?
– Çünki Adil müəllimə orada işləməyə
icazə verməyiblər. O bina tikilib bitəndən sonra,
hazırlıq işləri gedəndə onu oradan
çıxarıblar. Yaşlılar deyir ki, o,
həmin vaxtdan nəinki o teatra, heç həndəvərinə
də getməyib. Bir dəfə Ələsgər
Ələkbərov dünyasını dəyişəndə
indiki Şahmat məktəbinin yanında dayanıb
izdihamın arxasınca göz yaşı tökərək
“Öldü Vaqifim, Xanlarım, Bərxudarım” deyir. Baxın, Ələsgər müəllimin
adını çəkmir, ancaq rollarını sayır.
Bir dəfə də Hökumə Qurbanova
“SSRİ Xalq artisti” adını alanda onun əlini
sıxır, vəssalam. Mənə elə
gəlir ki, oranı xoş bir şeyə çevirmək
lazımdır. Çünki Adil müəllim
nəinki Azərbaycan milli kinosunu, həm də milli
teatrını qurub və sonra lazımsız bir şəxs
kimi kənara atılıb. Sonra da sənət
üçün cavan, yaradıcılıq üçün məhsuldar
vaxtında dünyasını dəyişib. Hörmətsiz də dəfn olunub, 5-6 nəfərlə.
Adil müəllimin ruhunun dincliyi
üçün nə isə etmək lazımdır.
–
Mistikadır, sadəcə.
– Ola bilər.
Amma gördüklərim ona gətirib
çıxardır. Proses olaraq teatrımız lənətlənə-lənətlənə
gedir. Biz, sadəcə, uğuru lənətləməyi
bacarırıq.
– Məncə,
bir az ovqatı dəyişək,
qayıdaq sizə. Məsələn, hazırda
hansı obrazdasınız? İndi kənardan
Kefli İsgəndərə oxşayırsız, ona görə
soruşdum.
– Yaman
çətinə saldız məni. Kral Lir. Böldüm,
verdim və sonra da anladım ki, səhv elədim.
– Niyə
60-dan sonra yalnız özünüzdə səhv
axtarırsız?
– Səhvdir
də. Mənə elə gəlirdi ki, məni həzm
etmək olmaz. Amma yanıldım. İndi ləzzətlə gülürəm. Sən demə, hələ qaxac deyiləm, “yeyilə”
bilirəm. Demək, qaxac olmaq üçün hələ
10 il də yaşamalıyam (Gülür,
ancaq o gülüşün içindəki əzab adamın
sinirlərini tarıma çəkir).
– Adil
müəllim kimi siz də Gənc Tamaşaçılar
Teatrının həndəvərinə dolanmırsız?
– Mənim
orda nə işim var? “Azdrama”dan çıxanda
da iki ildən çox ora getmədim. Mənim elə
xasiyyətim də var: unuduram. O teatr da, bu teatr da bir epoxa idi,
bitdi və mənim üçün qurtardı. Yəqin yeni epoxa da başlanacaq. Heç
vaxt rəhbər olmaq ambisiyam olmayıb. Baş
rejissor seçilməyim də bir təsadüfdür. Növbəti bir etapı gözləyirəm. İstək və işlərim var. Mehriban
yaşasaq, daha yaxşı olar.
- Söhbətinizdəki
səmimiyyəti də, ironiyanı da, sarkazmı da duydum. Oxucu necə duyacaq, bilmirəm.
– O da sizdən
asılıdır. Remarkalarda yazarsız ki, burda
güldü, burda hirsləndi, burda susdu (gülür).
– Məncə,
siz tamaşaçınızı
tanıdığınız kimi o da sizi yaxşı
tanıyır.
– Onda, məni
tanıyan hər kəsə salam deyin.
– Baş üstə.
Söhbətləşdi: Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 16
noyabr.- S.5.