Zəfərin ildönümü,
“Şuşa İli” və
Fikrət Əmirovun yubileyi
İstanbul Ümraniyə Bələdiyyəsində
tədbir
İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin ikinci ildönümü, “Şuşa İli” və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir Xarıbülbül Vizyon Teatr Dərnəyi və İstanbul Ümraniyə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl bələdiyyə binasının qalereyasında təşkil olunan “Xarıbülbül: Azərbaycan Zəfər sərgisi” açılıb. Mərasimdə bələdiyyə başqanı İsmet Yıldırım çıxış edib. Xarıbülbül Vizyon Teatr Dərnəyinin rəhbəri Kamalə Kamal, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) baş katibi Hülya Ağasoy, ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşı Murad Balacayev Azərbaycanın tarixi Zəfəri, Şuşa və Fikrət Əmirov yaradıcılığı haqqında danışıblar.
Sonra iştirakçılar Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən sərgiyə baxıblar. Sərgidə Lətifə Rafiqızının hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadiq Babayev, Ceyran Səttarova, türkiyəli rəssam Canan Tepebaşının əsərləri yer alıb.
Tədbirdə Fikrət Əmirov, Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan
qardaşlığını əks etdirən
qısametrajlı filmlər də nümayiş
olunub.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.8.