Lənkəranlı rəssamın fərdi sərgisi

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində qocaman rəssam Nəcəf Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb.

RMİ-nin rəisi Şahin Şahbazov rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib. Sərgidə nümayiş etdirilən əsərlərin tarix və mədəniyyətimizi, eyni zamanda Lerikin təbiətini təcəssüm etdirdiyi qeyd olunub.

Nəcəf Məmmədov çıxış edərək incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib.

İdarənin rəisi rəssama fəxri fərman təqdim edib, yaradıcılıq uğurları arzulayıb. Sonra sərgiyə baxış olub. 50-dən çox əsərin yer aldığı sərgi maraqla qarşılanıb.

72 yaşını qeyd edən Nəcəf Məmmədov bir sıra beynəlxalq sərgilərdə iştirak edərək uğurlar qazanıb.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.4.