“Sözün
repressiyası” təqdim edilib
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” sənədli filmi noyabrın 16-da Nizami Kino Mərkəzində təqdim olunub.
“Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən Səlim Babullaoğlu bildirib ki, bu il ölkə başçısının müvafiq sərəncamları ilə böyük şairlər, 30-cu illərin repressiya qurbanları Əhməd Cavad və Hüseyn Cavidin yubileyləri qeyd olunur. Filmin təqdimatı bu yubileylərlə üst-üstə düşür: “Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair, digər ədəbiyyat xadimləri xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır. Qarşımızda bir məqsəd dururdu ki, tamaşaçı filmə baxarkən o dövr haqqında aydın təsəvvür əldə etsin. Biz həmin görkəmli aydınlarımızı, əslində bizi müstəqilliyə doğru aparan şəhidlərimizi dərin ehtiramla anırıq”.
Filmin rejissoru Rafiq Həşimov Mədəniyyət Nazirliyinə, filmin yaradıcı heyətinə və təqdimata gələn hər kəsə təşəkkürünü bildirib.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev filmdə repressiya illərində xalqımızın başına gətirilən müsibətlərin əks olunduğunu bildirib və tarixi həqiqətlərin geniş kütləyə çatdırılması baxımından belə ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra film nümayiş olunub.
Filmdə Xalq
yazıçısı Anar, tarixçi Həmid Cəfərov, akademik Rafael Hüseynov, Repressiya
Qurbanları Muzeyinin direktoru
Mirabbas Məmmədov, filoloq
alimlər Firudin Qurbansoy
və Bədirxan Əhmədovun Stalin
repressiyalarının və kommunist siyasətinin
mahiyyəti ilə bağlı fikirləri yer
alıb.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.3.