ABİ-də Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planı müzakirə olunub

 

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) İdarə Heyətinin noyabrın 17-də keçirilən iclasında  ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.

ABİ İdarə Heyətinin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İlielan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılığında əksini tapıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir.

İclasda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirlər planına uğun olaraq, konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib.

Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə bu mövzuda irihəcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.2.