XIII Bakı Beynəlxalq Qısa Filmlər
Festivalının qalibləri məlum oldu
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixində Nizami Kino Mərkəzində keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vurulub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, eləcə də ölkəmizdən və Türkiyədən bir sıra özəl qurumlar dəstək verib.
Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Mərasimdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, İsveç Krallığının Bakıdakı səfiri Tobias Lorentzso, bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın münsiflər heyətinin üzvləri və digər qonaqlar iştirak edirdilər.
Festival haqqında məlumat
verildikdən sonra qaliblər elan olundu. Festivalın “Qızıl nar”
mükafatı, həmçinin
xüsusi mükafatlar
və diplomları sahiblərinə təqdim
edildi.
Bildirildi ki, müsabiqənin beynəlxalq kateqoriyası
üzrə rejissor Sauilius Baradinskasın (Litva) “Texno ana”
filmi “ən yaxşı bədii film” nominasiyasında qalibidir. “Ən yaxşı sənədli
film” nominasiyası üzrə
Lois Patinonun (İspaniya)
“Ulduz səpən”, “ən yaxşı animasiya filmi” nominasiyasında Van Li Lyunun
(Tayvan – ÇXR) “Vağ
çayı” filmləri
qalib adını qazandı.
“Ən yaxşı bədii film rejissoru” nominasiyasında “Rütubət”
filmi ilə Turan Xəstə (Türkiyə), “ən yaxşı sənədli
film rejissoru” üzrə
“Yeva və Ramona” filmi ilə Minka Jakerson (İsveç), “ən yaxşı animasiya film rejissoru” nominasiyasında isə “Həşəratların
oyanışı” ekran
işi ilə Stefani Lensak, Fransua Leroy (Fransa) birinci oldular. Rejissor Mariya Apçevskanın
(Makedoniya) “Şimal qütbü” filmi münsiflər heyətinin
xüsusi mükafatına
layiq görüldü.
“Asiya istedadları” müsabiqəsi üzrə
Ramin Fərzani və Parisa Sədaiazərin (İran)
“Kainatın gecəsi”
filmi “ən yaxşı film” nominasiyasında
qalib oldu. “Gecəyarısı” filmi ilə Nazilə Əzizi (Əfqanıstan) “Ən yaxşı bədii film rejissoru” elan edildi. Rejissorlar Rəna Vaezi
və Ozra Xan Xajehin (İran)
“Boşqab” filmi Gənc Kinematoqrafçılar
Mərkəzinin mükafatını
qazandı.
Yerli müsabiqənin “ən yaxşı bədii film” nominasiyasında rejissor Qulu Əsgərovun “Hasar”, “ən yaxşı sənədli
film” üzrə Toğrul
Abbasovun “Toz çəkiləndən bəri”,
“ən yaxşı sosial çarx” nominasiyasında Böyükağa
Əliyevin “Onun kamerası”, “ən yaxşı tələbə
filmi”ndə Kamal Müşfiqin “Motivator” filmləri
qalib oldular.
Rüstəm Babazadə “Son payız”
filmi ilə “ən yaxşı rejissor”, Türkan Hüseyn isə “Sonuncu foto” filmi
ilə “ən yaxşı ssenari” nominasiyasında qalib adını qazandılar.
Rejissorlar
Səddam Mehdiyev və Murad Hüseynov
“İki yol” və “Vəhşi durnalar mövsümü” filmlərinə görə
münsiflər heyətinin
xüsusi mükafatını
aldılar.
Rejissor Aynur Kazımovanın “Unudulmuş arzular” filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazandı. Elnur Paşa (“Yalnız məzar” – bədii film), Cavad Nur (“Uzaq” – sosial çarx), Amil Amal (“Vulkan üzərində ev” – sənədli film) və Ruslan Mollayev (“Sınaq” – bədii film) isə münsiflər heyətinin diplomuna layiq görüldülər.
Mükafatlandırma mərasimindən sonra Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək qalibləri təbrik etdi, onlara yeni uğurlar arzuladılar.
Sonda Q.Əsgərovun “Qızıl nar”a layiq görülmüş “Hasar” filmi nümayiş etdirildi.
Nurəddin
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.5.