“Səma şairi”nin qalib ruhunun
dolaşdığı məkan
Hazırda bəşəriyyətin bəlkə də hər zamankından daha çox sülhə, əmin-amanlığa ehtiyacı var. Bu il 140 illiyini qeyd etdiyimiz dahi şair-dramaturq Hüseyn Cavid (1882-1941) bütün yaradıcılığında bəşəriyyəti əmin-amanlığa, birliyə çağırıb, dünyanın xilasının sevgiyə, mədəniyyətə bağlı olduğunu irəli sürüb. Müəllifin “Peyğəmbər” dramındakı “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misraları insanlıq var olduqca öz aktuallığını qoruyacaq...
Bu günlərdə mədəniyyəti qılıncdan daha kəskin, daha təsirli hesab edən ədibin Bakıdakı ev-muzeyində olduq. Şəxsiyyəti yaradıcılığı ilə düz mütənasib olan sənətkarın estetik zövqü və dünyagörüşü barədə müəyyən bilgi verən eksponatlarla tanışlıq bizdə unudulmaz duyğular yaratdı.
Muzeyin girişində Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun hazırladığı və əsli paytaxtımızın Hüseyn Cavid prospektində ucalan möhtəşəm “Cavid abidəsi”nin gips maketi ilə qarşılaşırıq. Abidənin qoyulduğu hissə ilə üzbəüz divarda “Cavid planeti” adlı lövhə asılıb. Lövhənin yanında verilmiş mətndə qeyd olunur ki, Beynəlxalq Astronomiya İttifaqı 1997-ci il iyunun 20-də Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi 6262 nömrəli kiçik planetə Cavidin adını verib.
Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ilə həmsöhbət oluruq. Muzey haqqında məlumat verən direktor bildirir ki, bir zamanlar Cavid ailəsinin yaşadığı mənzilin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə 1898-1901-ci illərdə tikilib. Qızlar gimnaziyası üçün tikilsə də, binanın birinci və ikinci mərtəbələri 1920-1930-cu illərdə “Darülmüəllimin gimnaziyası” (oğlanlar üçün pedaqoji məktəb) kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib. Cavid də həmin məktəbdə dərs dediyi üçün ailəsi ilə birlikdə 1920-1937-ci illərdə bu binada yaşayıb. Nazirlər Kabinetinin 10 iyul 1995-ci il tarixli qərarı ilə Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb.
Direktor vurğulayır ki, mədəniyyət ocağı uzun müddət AMEA-nın tərkibində həm muzey, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərib: “Bir müddət öncə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Hüseyn Cavidin Ev-Muzeyi AMEA-nın balansından çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Mədəniyyət naziri cənab Anar Kərimov muzeyimizdə olarkən elmi fəaliyyətimizlə tanış oldu və muzeyin elmi statusunun saxlanılacağını bildirdi. Bu, bizi çox sevindirir. Biz yenə də muzeyin fəaliyyətini elmi səviyyədə davam etdirəcəyik”.
“Dünya qoca bir səhnə demək...”
Gülbəniz xanımla söhbətimizi
yekunlaşdırıb muzeyin
eksponatları ilə tanış oluruq. Bələdçimiz, muzeyin fond müdiri
Cəmilə Rzayeva eksponatlar haqqında məlumat verir. Deyir ki, muzeydə qorunan 12 minə yaxın eksponatın
700-ü nümayiş olunur.
Bunların içərisində
ədibin əlyazmaları,
Cavidlər ailəsinə
məxsus məişət
və geyim əşyaları, Hüseyn
Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri,
şəxsi kitabları,
ailə fotoları,
dram əsərlərinin tamaşalarından
proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi
musiqi əsərlərinin
notları, Turan Cavidin fəaliyyəti ilə bağlı materiallar və s. var. Hüseyn Cavidin yazı masası, əsası, Mişkinaz xanıma məxsus tikiş maşını,
radioqəbuledici, ailənin
yemək masası və bir çox
eksponatlar ekspozisiyada əsas yer tutur.
Muzeyin giriş otağında sanki səhnəni xatırladan yarımaçıq
pərdələrlə dekor
edilmiş lövhədə
Cavidin pyeslərinin məşhur xəttat Seyfəddin Məmmədvəliyev
tərəfindən qoz
ağacından qabartma
və oyma üsulu ilə adları yazılıb. Və belə bir başlıq verilib: “Dünya qoca bir səhnə
demək”.
Pyeslərin adlarının aşağısında
divarboyu Azərbaycan səhnəsinin müxtəlif
aktyor nəsillərinin
canlandırdığı Cavid
qəhrəmanlarını əks etdirən şəkillər sıralanıb.
Daim
23:20-ni göstərən saat...
Cavid ruhlu muzeyin növbəti otağına doğru addımlayırıq. Ekspozisiyalar içərisində ilk olaraq yemək masası diqqətimizi çəkir. Bələdçimizdən
öyrənirik ki, şair masanın siyirmələrində əlyazmalarını
saxlayırmış. 1937-ci ilin 4 iyun gecəsində
Cavidin evinə girib axtarış aparan qalstuklu qatillərin süfrənin
altında siyirtmə ola biləcəyi
ağıllarına gəlməyib
və bu xoş təsadüf nəticəsində ədibin
əlyazmalarının bir
qismi beləcə xilas olub. Cavid
evindən həmin gecə aparılıb, iki il Bayıl və Keşlə həbsxanasında
saxlanılıb. 1939-cu ildə isə Sibirə sürgün edilib. Uzun illərin mənəvi-psixoloji
təzyiqlərindən sonra
səhhətində problem yaranan
şair 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko qəsəbəsində
vəfat edib. Hüseyn Cavid gecə evdən aparıldığı zaman
yataq otaqlarında olan saat həyat
yoldaşı Mişkinaz
xanım tərəfindən
elə həmin vaxtda – 23:20-də dayandırılıb.
Ailənin xoşbəxtlik
və səadəti də elə o saatla birlikdə dayanıb...
Bu məqamda Mişkinaz
Cavidin divardan asılan portreti diqqətimizi çəkir. Xalq rəssamı
Oqtay Sadıqzadə tərəfindən 1992-ci ildə
yağlı boya ilə çəkilmiş
əsərdə kədərli
gözlər acı taledən, nisgildən soraq verir. Portretin altında isə dahi şairin
xanımına yazdığı
kiçik məktublar
və Mişkinaz xanımın Cavidlə bağlı xatirələrindən
bir parça verilib: “Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani
toy məclisi oldu.
Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı
mən hərdənbir
cızma-qara edirəm,
gərək mənim
ilk oxucularımdan biri
də sən olasan. Mən onun oxucusu ola bilməzdim, çünki savadım yox idi. Cavid
mənə dərs deməyə başladı...”.
Muzeydə ailənin hər bir üzvünün təsvir edildiyi süjetli xalçalar və mərmər büstlər var. Xalçaların
müəllifi xalçaçı-rəssam
Afaq Kərimova, büstlərin müəllifi
isə Xalq rəssamı Ömər Eldarovdur.
Mişkinaz xanıma məxsus tikiş maşını muzeyin maraqlı eksponatlarındandır. Bu alət ağır illərdə ailənin dadına çatıb.
O dönəmdə Mişkinaz
xanımın dərzi
kimi fəaliyyət göstərməsi sayəsində
ailə öz dolanışığını təmin edib. Qanlı-qadalı illərdə onu
işlədiyi fabrikdən
çıxarırlar. Lakin ev
şəraitində də
olsa, paltar tikməyə davam edir.
Ailənin şəxsi əşyalarının
qorunduğu şkafda Mişkinaz xanımla Cavidin üzükləri, şairin tez-tez istifadə etdiyi geyimləri, eynəyi, dərmanları və ətirlər saxlanılır.
“Faciə otağı”
İndi isə digər otağa keçirik. Bələdçinin
məlumatından duruxuram:
“faciə otağı”!
Bura vaxtilə ailənin yataq otağı olub. Hüseyn Cavid taleyinin
faciəsinin məhz bu otaqdan başladığı
üçün qızı
Turan Cavid bu məkanı “faciə otağı” adlandırıb. Otağın divarında Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən
çəkilmiş “Qara
yazı” adlı tablo asılıb. Repressiyaya məruz qalmış Azərbaycanın
ziyalı və sənət adamları – Hüseyn Cavid, Pənah Qasımov, Abbas Mirzə Şərifzadə, İdris
Axundzadə, Mikayıl
Müşfiq, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli,
Əhməd Cavad. Onlar repressiya zamanı qeydiyyata alındıqları
sıra nömrələri
ilə təsvir olunublar.
Daha bir rəsm əsəri – “Zordan üstün”. Mərhum karikaturaçı
rəssam Vaqif Ucatayın bu əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər
repressiya qurbanlarının
xatirəsinə rekviyem
kimi qəbul olunur.
Şairin
iş masasına yaxınlaşırıq. Üzərində müəllifin əlyazması
ilə “Azər” poemasından bir hissə yer alıb. Stulun yanındakı əsa, mürəkkəbqabı və
qələm bir əsrə yaxındır
ki, Cavidsiz qalıb...
1982-ci ildə Cavidin
100 illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin təşəbbüsü və
səyləri ilə şairin nəşi Sibirdən Vətənə
gətirilib. Şairlə vida mərasimi
keçirildikdən sonra
doğulduğu Naxçıvana
aparılıb. Divarda Cavidin
cənazəsinin Sibirdən
Bakıya, buradan isə Naxçıvana aparılmasını əks
etdirən fotolar və həbs edilən zaman çəkilmiş şəkilləri,
eləcə də əl izlərini əks etdirən sənəd asılıb.
Cavidin şəxsi
əşyalarının qorunduğu
vitrində 2 pensne (gözlük), cib saatı və Sibirdə məzarından
götürülmüş bir ovuc torpaq
nümayiş olunur.
Muzeydə dahi şairin tək oğul yadigarı, şair, rəssam, musiqiçi Ərtoğrol Cavidə
(1919-1943) aid eksponatlar da
qorunur. Ərtoğrol əsgərlikdə olarkən
öz sevimli müəllimi Üzeyir Hacıbəyliyə yazırdı:
“Hörmətli müəllimim
Üzeyir bəy. Mən buradan anam və
bacıma heç cür kömək edə bilmirəm. Ailəmiz başsız qalıb.
Ailənin maddi ehtiyaclarını
qarşılamaq üçün
sizdən xahiş edirəm ki, bacım Turan Cavidi işlə təmin edəsiniz”.
Məktubu oxuduqdan qısa müddət sonra Üzeyir Hacıbəyli Turan Cavidi radioda işlə təmin edir...
Ərtoğrol 24 yaşında ağır xəstəlikdən vəfat
edib. Onun əsərləri və yarımçıq
əlyazmaları muzey
tərəfindən kitab
halında çap etdirilib, əsərlərindən
ibarət disk buraxılıb.
“Son yay”
Muzeyin ən maraqlı guşələrindən biri də hazırda Hüseyn Cavid ailəsinin eksponatlarının sərgiləndiyi Pedaqoji məktəbin direktoru, repressiya qurbanı Pənah Qasımovun (1881-1939) otağıdır. Bu otaqda Ərtoğrol Cavidə aid olan masa muzeyə gələn hər kəsin diqqətini xüsusilə cəlb edir. Masada vallar, musiqi ilə, şahmatla bağlı kitablar, lüğətlər, Ərtoğrolun əlyazmaları, dama və şahmat taxtaları, portfeli və s. nümayiş olunur. Otaqda həmçinin Mişkinaz xanımın mətbəx əşyaları da sərgilənir. Həmin əşyalarla tanışlıq zamanı bələdçimiz maraqlı bir əhvalat danışır: “Cavid əfəndinin ayaqqabılarından biri cırılır. Mişkinaz xanım ayaqqabını yamatdırmaq üçün ustanın yanına aparır. Bu zaman görür ki, nakam şairimiz Mikayıl Müşfiq də öz ayaqqabısını yamatdırmağa gətirib. Daha sonra M.Müşfiq Cavid əfəndi ilə görüşəndə deyib ki, ayaqqabımı yamatdırmağa gedəndə Mişkinaz xanımı gördüm. Ondan utandığım üçün ayaqqabımı gizlətdim. Cavid isə Müşfiqə belə cavab verib: “İnsanın alnı yamaqlı olmasın. Ayaqqabısı yamaqlı olsa da olar. Sən buna görə narahat olma...”.
Divardan tanınmış rəssam Ənvər Əliyev tərəfindən işlənmiş çox maraqlı bir tablo da asılıb. “İblis” faciəsinin tamaşaya hazırlıq prosesində Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Hənəfi Terequlov, Ərtoğrol Cavid, Pənah Qasımov və Müslüm Maqomayev (baba) təsvir olunublar. Xalq rəssamı Altay Hacıyevin işlədiyi “Son yay” adlı tabloda isə H.Cavid, M.Müşfiq, Ə.Cavad, R.Rza, Ə.Məmmədxanlı və onun bacıları Arifə ilə Həbibə Məmmədxanlılar yer alıb.
Cavidlər ocağı ilə tanışlığımız başa çatır. Ancaq heç ayrılmaq istəmirik, daha doğrusu, ayrılmaq çətinləşir. Çünki qalib şairin ruhunun dolaşdığı bu məkanın ayrı bir cazibəsi var. Cavidin dövrü çox amansız olsa da, şairin ömrünü yarıda kəssə də, yaratdığı bənzərsiz əsərlər onu əbədi qalib edib.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.6.