Mədəniyyət Nazirliyində Özbəkistan
nümayəndə heyəti ilə görüş
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 16-da ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı səmimi salamlayan Vaqif Əliyev ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın türk respublikaları ilə mədəni əlaqələrində Özbəkistanla olan münasibətlər xüsusi yer tutur.
Vaqif Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının əvvəlində Özbəkistana səfəri, keçirilən görüşlər və qatıldığı tədbirlər iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisidir.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov qəbula görə təşəkkür edib. Bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının 14-18 noyabr tarixində Bakıya qastrol səfəri ilə bağlıdır. Səfər çərçivəsində kollektiv özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini və italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcək.
Göstərilən qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Bahadır Əhmədov bu kimi mədəni layihələrin davamlı olmasına inamını ifadə edib.
Görüşdə Azərbaycan və Özbəkistan
arasında qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.3.