Fikrət Əmirovun vokal əsərlərindən ibarət musiqi axşamı

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan musiqi festivalı davam edir.

12-23 noyabr tarixini əhatə edən festival çərçivəsində ayın 22-də Beynəlxalq Muğam Mərkəzində daha bir konsert proqramı təqdim olundu. Bəstəkarın vokal əsərlərindən ibarət musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər var idi.

Gecədə Əməkdar artist İlham Nəzərov çıxış edərək görkəmli bəstəkarın yubileyinin silsilə tədbirlərlə qeyd edildiyinibugünkü konsertdə də sənətkarın vokal əsərlərinə yer verildiyini diqqətə çatdırdı.

Konsertdə əsasən “Sevil” operasından seçilmiş ariyalar, həmçinin romanslar, bəstəkarın işləmələri ilə Azərbaycan xalq mahnıları müxtəlif səs tembrlərinə malik vokalçılar tərəfindən səsləndirildi.

Xalq artistləri Teyyub Aslanov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Fəridə Məmmədova, İlham Nəzərov, solistlər Çilənay Hüseynova, Taleh Yahyayev, Fəxri Kazım-Nicat, Mahir Tağızadə, Atəş Qarayevin ifasında təqdim olunan əsərlər alqışlarla qarşılandı. İfaçıları tanınmış pianoçu Svetlana Əhmədova müşayiət edirdi.

İlk dəfə olaraq bəstəkarın Hüseyn CavidinŞeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”nın fortepianosolist duetində təqdimatı konserti daha yaddaqalan etdi.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.3.